Əli İnsanov türmədə Tofiq Yaqublunu müalicə edir

img

18-11-2014 [11:38]


Siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu bu günlərdə atası ilə telefonla danışıb. Danışıq zamanı Tofiq Yaqublu bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Amma səhhətində bəzi problemlər yaranıb. Eyni cəzaçəkmə müəssisəsində cəza çəkən keçmiş səhiyyə naziri, siyasi məhbus Əli İnsanov onu müalicə edir. Onlar boş vaxtlarında Ləmbəli və Borçalı xatirələrini bölüşürlər.

Nigar Yaqublunun musavat.com-a verdiyi məlumata görə, atası telefon danışığı zamanı qısa olsa da Müsavat Partiyasındakı, eləcə də müxalifət düşərgəsindəki vəziyyətlə bağlı öz fikirlərini bildirib. O deyib ki, qurultaydan sonra baş verənlər haqda çox məhdud informasiyası var. T.Yaqublu qızına bunları da deyib: "Həbsxanadakı iqtidar qəzetlərindəki qərəzli, böhtan dolu yazıları deşifrə edərək həqiqəti öyrənməyə çalışıram. Partiya daxilindəki vəziyyətdən çox narahatam. Malik olduğum məhdud informasiyaya əsaslanaraq, demək istəyirəm ki, tərəflər bütün addımlarında birinci növbədə partiya mənafeyini nəzərə almalıdırlar. Qurultaydakı seçkilərin nəticələri ciddi narazılıq doğursa da onları qəbul edib razılaşmaq lazımdır. Ancaq partiya rəhbərliyi durumun kritik olduğunu nəzərə alaraq, çox düşünülmüş addımlar atmalıdır. Bu bir reallıqdır ki, partiyada narazı tərəfin nisbəti təxminən yarı-yarıyadır. Ancaq nizamnamədə fraksiya haqqında heç nə yazılmadığını dəstəvuz edərək qarşı tərəfi pozuculuqda ittiham etmək səhv mövqedir. Narazı olanların fraksiya şəklində rəsmiləşdirilməsini o qədər də vacib saymıram.

"İsa Qəmbər belə bir vəziyyətdə nüfuzundan istifadə edərək, tərəfləri danışığa və barışığa dəvət etməlidir”


Məgər nizamnamədə Mərkəzi İcra Aparatı haqqında bir şey yazılmışdı? Amma bu qurum faktiki olaraq partiyanı idarə edirdi. Belə çıxır ki, nizamnamədə nəzərdə tutulmayan bir qurum yaradıb partiyanı idarə etmək olar, amma eyni fikirli adamların bir mövqedən çıxış etməsini sadəcə olaraq konstatasiya edən bir frazanı işlətmək olmaz. Axı xeyli partiya üzvünün bir mövqedə olması faktı ortadadır. Onsuz da onlar birgə fəaliyyət göstərirlər, toplaşaraq atacaqları addımları müəyyənləşdirir və uzlaşdırırlar. Tutaq ki, fraksiya yaradılması qadağan edildi, məgər həmin adamlar fikirlərini dəyişəcəklər? Qəbul etmək lazımdır ki, burada söhbət Mərkəzi İcra Aparatı kimi nizamnamədə nəzərdə tutulmayan nəsnənin yaradılmasından yox, artıq mövcud olan nəsnənin adlandırılmasından gedir. Bəlkə də fraksiyanı rəsmiləşdirib Müsavat Partiyasının növbəti ilkə imza atmasını təmin etmək olar. Mən bu fikri reallığı nəzərə alıb deyirəm. Ən yaxşısı o olardı ki, partiya daxilində tərəflərə bölünmə olmayaydı. Amma təəssüf ki, bu var. Partiya rəhbərliyi qəbul etməlidir ki, bu qədər adamla hədə tonunda danışmaq vəziyyəti ancaq pisləşdirə bilər. Çıxış yolu kimi demokratik ölkələrin parlamentlərində koalisyon hökumətlərin yaradılması zərurətini və qaydasını göstərə bilərəm. Partiya rəhbərliyi əks tərəfi dialoqa çağırmalı və partiyadaxili konsensusu saxlayacaq şəkildə ”portfelləri" bölüşdürməyi təklif etməlidir. Parlament seçkilərinə bir ildən də az vaxt qalır. Əgər partiyadaxili sülh əldə edilməsə, Müsavat Partiyasını seçkilərdə rüsvayçı məğlubiyyət gözləyir. İsa Qəmbərin belə bir vəziyyətdə susqun qalması doğru seçim deyil. O, nüfuzundan istifadə edərək, tərəfləri danışığa və barışığa dəvət etməlidir".

"Biz dərk etməliyik ki, Müsavat Partiyası və AXCP dibi deşilmiş qayıqda dənizin ortasındadırlar”



Nigar Yaqublunun dediyinə görə Tofiq bəy müxalifət düşərgəsi ilə bağlı da bəzi fikirlərini bildirib. O, Milli Şuranın siyasi məhbuslarla bağlı keçirdiyi mitinqi yüksək dəyərləndirib, belə tədbirlərə müsavatçıların da ciddi dəstək verməli olduğunu deyib. Müsavat Partiyası ilə Milli Şura arasındakı qarşıdurmanı çox mənasız və ziyanlı sayıb: "Bu qüvvələr əməkdaşlıq etməyə məhkumdurlar. Bütün enerjini irticaya qarşı yönəltmək əvəzinə, bir-birini gücdən və nüfuzdan salmağa yönəltmək, ancaq iqtidara sərf edir. Müxalifət olaraq, hakimiyyətin bizə qarşı qanunsuz əməllərindən beynəlxalq təşkilatlara şikayətlənirik.


Əsaslandırırıq ki, məhvimizə yönəlmiş məhz belə qanunsuz əməllər nəticəsində müxalifət zəif və təsirsiz hala gəlib. Onlardan, hakimiyyəti cinayətkar əməllərindən çəkindirməyə, qanunlara əməl etməyə məcbur etməyi xahiş edirik. Əgər beynəlxalq təşkilatlar soruşsalar ki, əlavə olaraq siz özünüz özünüzü niyə məhv etməyə çalışırsınız? Nə cavab verərik? Bu iki qüvvə qabaqdan parlament seçkiləri gəldiyinin fərqində olmalıdırlar. Təsəvvür edin, onsuz da zəifləyib əldən düşmüş Müsavat Partiyası ilə AXCP eyni dairədən namizəd versələr, onları hansı biabırçı nəticələr gözləyir. Düzdür, indidən sıx əməkdaşlıq haqda danışmaq yersiz görünür, halbuki bu, çox vacibdir, amma elə etmək lazımdır ki, heç olmazsa, dairələrin bölünməsi razılığına gəlmək mümkün olsun. Biz dərk etməliyik ki, Müsavat Partiyası və AXCP dibi deşilmiş qayıqda dənizin ortasındadırlar. Sahilə çıxmaq üçün dayanmadan bir əlimizlə suyu qayıqdan çölə atmalıyıq, o biri əlimizlə avar çəkməliyik. Əgər bu işi buraxıb dalaşmağa başlasaq ikimizdə birlikdə dəryanın dibinə gedəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA