“Atəşkəs ərəfəsi erməniləri tam məğlub edə bilərdik..." - Vəfa Quluzadə

img

30-10-2014 [16:58]


"Atəşkəs ərəfəsi erməniləri tam məğlub edə bilərdik. Bunun üçün də yaxşı şərait yaranmışdı. Ermənistan çökürdü. Amma Rusiya imkan vermədi”.

Bunu Hafta.az-a açıqlamasında eks-prezident müşaviri Vəfa Quluzadə prezidentlərin Paris görüşündə müzakirə edilən "7 rayonun qaytarılmasına” münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, "7 rayon və Naxçıvana koridor verilməsi” yeni məsələ deyil: "Bu əvvəllər də gündəmə gəlib. Ancaq heç vaxt reallaşmayıb. Çünki Ermənistan adlı dövlət yoxdur. Ermənistan Rusiyanın quberniyasıdır və Kreml buna imkan verməz. Moskva Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”.

Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı fondunun prezidentinin sözlərinə görə, Ermənistanda başlayan mitinqlərin Qarabağətrafı 7 rayonun Azərbaycana qaytarılması ilə əlaqəsi yoxdur: "Bu ermənilərin buraxdığı şayiələrdir. Ermənistanda mitinq edənlər ölkənin müstəqilliyi üçün ayağa qalxanlardır. Sadə vətəndaşlar bilir ki, Sarkisyan Rusiyanın təlxəyidir. Hazırkı rejim erməniləri aclığa və səfalətə sürükləyir. Yaxşı heç nə verməyəcək. O ki qaldı Paris görüşünün təfərrüatlarından rus kəşfiyyatının xəbərdar olmasına; Rusiya bütün görüşlərə Sarkisyanı təlimatlandırıb göndərir. Yəni hamısı boş şeylərdir”.

Vəfa Quluzadə həmçinin Əliyev-Sarkisyan görüşünün 11 ay gecikdirilməsinə də münasibət bildirib: "Prezidentlərin görüşünün bu qədər gecikdirilməsi münaqişənin həllinə ümid yeri qalmadığını deməyə əsas verir. Konkret olaraq, heç görüş yeri və vaxtı da göstərilməyib. Sadəcə, NATO Baş Assambleyasının iclasında iştitrak edəcəklər. O zaman görüşməkləri də heç dəqiq deyil”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev işğalçı ölkədən olan həmkarı ilə Parisdə üz-üzə gəlib. 27 oktyabrda Fransanın vasitəçiliyi ilə baş tutan görüşdə 7 rayonun qaytarılması və Naxçıvana koridor verilməsi müzakirə olunub. Bunun Böyük Sülh Sazişinin (BSS) əsas pioritetləri kimi göstərildiyi bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA