Avropa Məhkəməsinə kim hakim seçiləcək? - Məhkəmə-Hüquq Şurası

img

30-10-2014 [15:43]


Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsi müddəti başa çatsa da, namizədlərin kimliyi və sayı hələ dəqiqləşməyib. 

Bunu "Media forum” saytına Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov deyib.

Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsi müddəti oktyabrın 15-də başa çatıb. Azərbaycanın Məhkəmə-Hüquq Şurası həmin hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsinə dəvət edən elanını sentyabrın 26-da vermişdi. Elanda Azərbaycanın hakim assosiasiyaları, Vəkillər Kollegiyası, qeyri-hökumət təşkilatları və digər qurumları Avropa Məhkəməsinə Azərbaycandan hakimin seçilməsi məqsədilə namizəd irəli sürməyə dəvət olunmuşdu. Elanda bildirilirdi ki, namizədlər fərdi qaydada da (şəxsən) irəli sürülə bilər. Eyni zamanda qeyd edilirdi ki, namizədlər hüquqşünas olmalı, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə malik olmalı, Avropa Şurasının rəsmi dilləri olan ingilis və fransız dillərindən birini sərbəst, digərini isə kafi səviyyədə bilməlidir.

Oktyabrın 30-da Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov "Media forum” saytına bildirib ki, elana uyğun olaraq namizədlər sənədlərini şuraya təqdim ediblər: "Amma namizədlərin bir hissəsi sənədlərini şuraya poçtla göndərib. Poçtla göndərilən sənədlərin isə hələ hamısı şuraya gəlib çatmayıb. Həmin sənədlərin bəzisini almışıq, bəzisini isə almaqdayıq. Yəni poçtla göndərilən sənədlərin şuraya daxil olması prosesi yekunlaşmayıb. Buna görə də namizədlərin sayı və kimliyi hələ tam dəqiqləşməyib. Oktyabrın sonunadək gözləyəcəyik. Yəqin ki, bir neçə gün ərzində məsələ Məhkəmə-Hüquq Şurasında müzakirə olunacaq. Namizədlərin sayı və kimliyi barədə mediaya məlumat verəcəyik”.

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyevdir. 2003-cü ildən bu postda çalışan Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci il oktyabrın 31-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA