Azərbaycanlı deputatdan dövlətin beynəlxalq imici ilə uyuşmaz bəyanat...

img

30-10-2014 [12:23]


Məlum olduğu kimi, Milli Məclisdə "Bələdiyyələrin statusu haqqında" Qanunun müzakirəsi xeyli gərgin keçib. Müzakirə zamanı deputat Hacı Qalib Salahzadə məsuliyyətsiz bir bəyanatla çıxış edib: "Bakı bələdiyyələrinin xəritəsi yoxdur. Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır".

Daha sonra Hacı Qalib sensasion bir bəyanat da verib: "Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər". Yekunda isə o, "bir az cürətli danışdım, ancaq düz danışdım" - deyə əlavə edib.

Deputat Arif Rəhimzadə isə deyib ki, bələdiyyələr bir-bir hesabat verməyəcək: "Ancaq seçicilərin sayı həddən artıq çox olan bələdiyyələrlə bağlı çətinlik olacaq. Bu zaman 10-20 iclas da ola bilər. Ancaq bu bələdiyyələrin xüsusi çəkisi 3 faizdir".

Deputat Fazil Mustafa da iki seçkili qurumdan birinin digərinə hesabat verməsini düzgün saymayıb: "Bələdiyyələrin əksəriyyətinin əlində mülkiyyət, reklam yoxdur. Öz ərazisində nəqliyyata nəzarət edə bilmir. Ancaq qabiliyyətli işçilər hesabına əhalidən torpaq pulu yığır. 5 ildə burda kimdən hesabat istəyə bildik? Bunun kökündə hüquqi nonsens var, onu tətbiq etmək mümkün deyil. Ya statusunu qaldırmalıyıq, ya da... Onsuz da səlahiyyəti yoxdur, hələ bir az da zəiflədirik. Bu, dövlətin əleyhinə qurum deyil".
İstərdik bu müzakirələr zamanı deputat Hacı Qalibin işlətdiyi fikrə bir daha diqqəti yönəldək. O sadə bir vətəndaş deyil. Ölkənin qanunverici orqanında təmsil olunur. Ancaq, özünün dediyi kimi, cəsarətli fikri ilə açıq mətnlə bəyan edir ki, bələdiyyələrə keçiriləcək seçkilər formal xarakter daşıyır. Bu fikri ilə Hacı Qalib ölkədə keçirilən seçkilərin legitimliyini şübhə altına alır. Görəsən, bu qədər cəsarət ona hardan gəlib? Hacı Qalibin seçkilərin legitimliyini şübhə altına alması ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq arenadakı imicinə necə təsir edə bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Hacı Qalibin bu cür məsuliyyətsiz çıxışı bütün cəmiyyət tərəfindən maraqla qarşılanıb":Bu adamın özü dəfələrlə seçkilərdə iştirak edib. Özü də sizə tam məsuliyyətilə deyə bilərəm ki, onun özünün seçilməsi böyük narazılıqlarla müşahidə edilib. Onda nədənsə Hacı Qalib seçkinin şəffaf keçirilməsindən danışırdı. Bu fikirləri ilə Hacı Qalib heç də həqiqəti ifadə etmək istəməyib. Belə bəyanatla çıxış etmək təsadüfdən də yarana bilməz. Özü də təsdiq edir ki, cəsarətlənib. 

Bəli, onu cəsarətləndirən qrup maraqlarıdır. Onu cəsarətləndirən hansısa itirilmiş marağının bərpasına nail olmaqdır. İndidən seçkinin nəticəsinin bəlli olduğunu demək həqiqət istəyindən deyil, onun hikkəsindən irəli gəlir. Sözsüz ki, bu cür fikirlərin qanunverici orqanda səsləndirilməsi Azərbaycanda keçirilən seçkilərin legitimliyi barədə beynəlxalq arenada mənfi rəy yaratmış olur".

Məhəmmədəli QƏRİBLİ,
"Bakı-xəbər" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA