Heydər Əliyevin Xameneyini mat vəziyyətinə salan diplomatik gedişi - Tarix

img

26-10-2014 [23:26]


Azərbaycanın keçmiş  Xarici İşlər naziri Vilayət  Quliyevin  qələmə aldığı, mərhum prezident Heydər Əliyevlə İranın  dini lideri  Xameneyi arasındakı  məşhur dialoqu təqdim edir.

Xameneyi Heydər Əliyevi danışıqlar keçiriləcək  zalın  qarşısında qarşıladı. İki əlli görüşdü. Azərbaycan  dilində sözə başlayıb, hal-əhval tutdu. 

Heydər Əliyev özünəməxsus ərkyanalıqla  Xameneyinin  doğulduğu yerə - Təbriz yaxınlığındakı məşhur Xamnə  kəndinə işarə edərək:

- Xamnədə nə var, nə yox? - deyə soruşdu.

- Sən Xamnəni də bilirsən? - Xameneyi təəccübünü  gizlətmədi.

- Əlbəttə. Xamnə bizim Azərbaycanda da məşhurdur. Həm də  bu kənd təkcə sizin vətəniniz kimi tanınmır. Azərbaycanın çox məşhur şəxsiyyətlərindən biri olan Mirzə Fətəli  Axundzadə də sizinlə eyni kənddə doğulub. Yəqin, Axundzadənin adını eşitməmiş olmazsınız.

- Eşitmişəm, - deyə Xameneyi həvəssiz cavab verdi.

Heydər Əliyevlə Xameneyi arasındakı şəxsi xarakterli  söhbət  daha bir neçə dəqiqə çəkdi. Sonra heyətlər masa  arxasında yerlərini tutdular. Xameneyi Azərbaycan prezidentini  fars  dilində salamladı, onun səfərinin tarixi əhəmiyyət  daşıdığını dedi.  Təbii ki, farsca İran rejiminin dövlət dili  olduğundan, qondarma dini rəhbərin bu dildə danışması anlaşılan idi.

Lakin gözləmədiyimiz halda Xameneyi nitqinə ara verən kimi  yanında əyləşmiş tərcüməçi onun dediklərini çox  naşı, qeyri-dəqiq və savadsız şəkildə ruscaya çevirməyə  başladı. Heydər Əliyev "Podojdite!” -deyə elə ilk cümlədən  sonra sərt şəkildə onu dayandırdı. Sonra üzünü Xameyniyə  tutub dedi.

- Cənab  Xameneyi! İki dəqiqə bundan əvvəl biz burada öz ana  dilimizdə danışırdıq və biri-birimizi də yaxşıca  anlayırdıq.

Mən başa düşürəm ki, bura İrandır, siz də bu dövlətin  dini  rəhbərisiniz. Ona görə də rəsmi  danışıqlarınızı  fars dilində aparmalısınız. Bunlar aydındır. Amma başa düşmürəm ki, nə üçün tərcümə rus dilinə edilir?

- Bəs mən elə bilirəm ki, sizin dövlətin dili rus dilidir... - deyə,  Xameneyi vəziyyətdən çıxmağa çalışdı.

- Ay kişi, deyə Xameneyinin özünü sadəlövhlüyə vurmasından əsəbiləşən Heydər Əliyev kəskin şəkildə  sözünə davam etdi:

- Azərbaycan dili sovet hakimiyyəti dövründə də bizim ölkəmizin dövlət dili idi. Hətta o dövrdə bizim Konstitusiyada ayrıca maddə ilə dövlətimizin dilinin Azərbaycan dili olduğu göstərilmişdi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq dilimizi qorumuşuq, saxlamışıq, zənginləşdirmişik. Məktəblərimiz, institutlarımız bu dildə olub, Məktəblərimiz, institutlarımız bu dildə olub, idarələrimiz bu  dildə işləyib, kitablarımız, qəzetlərimiz bu dildə çıxıb. Müstəqillik qazanandan sonra isə biz beynəlxalq miqyasda da danışıqları öz dilimizdə aparırıq. Haradan sizin ağlınıza gəlib ki, Moskvanın asılılığından şəhid qanları bahasına qurtaran  Azərbaycan bu gün özünün min illik bir tarixə malik  doğma  dilini bir kənara qoyub rus dilindən istifadə edəcək?

Görüşdən sonra Heydər Əliyev deyir:

-  Cənab  Xameneyi, Burada çox məsələlərdən danışdıq. İndi bilmirəm, hansı yerinə yetəcək, hansı unudulacaq. Ancaq əminəm ki, bir məsələ həmişə  sizin yadınızda qalacaq, xatırlayacaqsınız ki, Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir.

Avropa.info  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA