Nazir: "Həmin abidərlərin bir qismi tamamilə məhv edilib, bir çoxunda isə vandalizm aktları törədilib" (YENİLƏNİB)

Nazir: \"Həmin abidərlərin bir qismi tamamilə məhv edilib, bir çoxunda isə vandalizm aktları törədilib\" (YENİLƏNİB)

SİYASƏT

Bugün, 10:56

"Azərbaycanın multikultural dəyərlərin təqdim edilməsində formalaşdırdığı özünəməxsus modeldən artıq dünyada bir nümunə kimi istifadə olunur".

Mia.az Report-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixidini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.

O, mədəni irsin qorunmasının əsas vacib istiqaməti olaraq tarixi-dini abidələrin özünəməxsus xüsusiyyətlərə malik olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən tarixi-dini abidələr işğal dğvründə ciddi dağıntılara məruz qalıb: "Həmin abidərlərin bir qismi tamamilə məhv edilib, bir çoxunda isə vandalizm aktları törədilib. Eyni zamanda, o tarixi-dini abidələrə və komplekslərə məxsus olan, onların ayrılmaz tərkib hissəsini təşkil edən mədəni mülkiyyətin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub. Təbii ki işğalın nəticələri hər zaman və hər yerdə ciddi çətinliklər və mənfi mənzərə yaradır. Biz də bunun acı şahidi olmuşuq. Mən bu məsələnin üzərində xüsusi dayanmaq istəmirəm. Lakin bunlar bizim yaşadığımız acı həqiqətlərdir".

A.Kərimli postmünaqişə dövründə həmin abidələrin bərpası istiqamətində dövlət tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çox intensiv və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib:

"Cənab Prezidentin rəhbərliyi ilə bu ərazilərdə tarixi-mədəni irsin bərpasına xüsusi diqqət yetirilir. Dağıdılmış və zərər görmüş tarixi-dini abidələrin bərpası, konservasiyası və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu proses, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsinin qorunması ilə yanaşı, ölkəmizin tarixinin və mədəni kimliyinin beynəlxalq səviyyədə tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır".

***

"Yeni tikililər və yeni infrastruktur layihələri tarixi binalar və tarixi abidələr üçün müəyyən təhlükələr yarada bilər".

Bu fikirləri mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.

O bildirib ki, layihələrin icrası zamanı xüsusi həssaslığın göstərilməsi və elmi yanaşmaların tətbiqi olduqca önəmlidir:

"Təbii ki, burada zaman amili də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda tarixi abidələrin orijinallığının qorunması, onların mühafizəsinin təmin edilməsi, bərpa və konservasiya işlərinin həyata keçirilməsi bir-biri ilə sıx əlaqəli olmalı və koordinasiyalı şəkildə aparılmalıdır. Bütün bu proseslər elə tənzimlənməlidir ki, biri digərinə zərər vurmasın".

Nazir qeyd edib ki, inteqrasiya məsələsi də burada xüsusi əhəmiyyət kəsb edir:

"Yeni binalar tikilir, yeni şəhərsalma görkəmi formalaşır. Lakin tarixi binaların bu yeni şəhər mühitinə inteqrasiyası çox vacib məsələlərdən biridir. Bu həm müəyyən təhlükə, həm də yeni çağırışlar yaradır. Düşünürəm ki, xüsusilə şəhərsalmanın intensiv olduğu bölgələrdə tarixi-dini abidələrin və ümumiyyətlə, mədəni irs nümunələrinin qorunması ilə müasir şəhərsalma arasında xüsusi bir balans formalaşdırılmalıdır".

Adil Kərimli bildirib ki, şəhərsalma ilə mədəni irsin qorunması arasında düzgün balansın yaradılması həm dövlət qurumlarının, həm özəl sektorun, həm də elmi ictimaiyyətin birgə və koordinasiyalı fəaliyyətini tələb edir.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR