ABŞ-ın həmləsi Rusiya və Çini "ayağa qaldırdı" - Kosmosda silahlanma yarışı başlayacaq, yoxsa...?

ABŞ-ın həmləsi Rusiya və Çini \"ayağa qaldırdı\" - Kosmosda silahlanma yarışı başlayacaq, yoxsa...?

GÜNDƏM

Bugün, 09:01

ABŞ-ın  ilk dəfə olaraq kosmosda - Yer orbitinə silah yerləşdirməsini etiraf etməsi dünyanın digər iki nəhəng dövlətini - Rusiya və Çini "ayağa qaldırıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın kosmosa yerləşdirdiyi silahların növü, sayı və xüsusiyyətləri gizli saxlanılsa da, sistemlərin Amerika qüvvələrini qorumaq və lazım olduqda düşmən elementlərinə qarşı istifadə etmək üçün hazırlandığı bildirilib.

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Troy Meinkin ABŞ Kosmik Qüvvələrinin orbitdə aktiv silahlara sahib olduğunu təsdiqləməsindən sonra Çin və Rusiyadan operativ cavablar verilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Vaşinqtonu kosmosda hərbi imkanlarını genişləndirməsini qəbuledilməz sayıb və bu prosesi dərhal dayandırmağa çağırıb: "Pekin kosmosun silahlandırılmasına və döyüş meydanına çevrilməsini yolverilməz sayır. Biz Vaşinqtonu kosmosda hərbi imkanları genişləndirmə və müharibə hazırlıqlarını dayandırmağa çağırırıq".

Rəsmi Moskva da Vaşinqtonun bəyanatına biganə qalmayıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın demilitarizasiya olunmuş kosmosu müdafiə etdiyini və bu məsələ ilə bağlı beynəlxalq əməkdaşlığa  hazır olduğunu bəyan edib.

Məlumatda deyilir ki, 1967-ci il Kosmos Müqaviləsi nüvə silahlarının və digər kütləvi qırğın silahlarının Yer orbitində yerləşdirilməsini qadağan edir. Lakin müqavilə peyklərə qarşı istifadə edilə biləcək bütün ənənəvi silahları və ya müasir texnologiyaları hərtərəfli şəkildə qadağan etmir. Buna görə də, ABŞ-ın açıqlaması Çin və Rusiya ilə davam edən hərbi rəqabətin kosmosda yeni silahlanma yarışına çevrilə biləcəyi ilə bağlı narahatlıqlar yaradıb.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR