SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR

SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR

PRESS

Bugün, 17:03

Ötən gün “Space” televiziyasının bank hesablarına qoyulan həbs məsələsi ilə bağlı telekanalın yaydığı rəsmi açıqlamada yaranmış problemlərin əvvəlki rəhbərlik dövrünə aid olduğu bildirilib və sabiq baş direktor Vado Korovinə qarşı bir sıra iddialar səsləndirilib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı “Space TV”nin sabiq rəhbəri Vado Korovin “Manset.az”a açıqlama verib.

O bildirib ki, hazırkı rəhbərliyin ittihamları məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Onun sözlərinə görə, telekanalı qəbul edərkən kredit öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlər artıq mövcud idi və sözügedən kredit də onların təyinatından iki il əvvəl rəsmiləşdirilmişdi:

“Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlərlə təhvil almışdıq. Məhz belə şəraitdə idarəetmənin keyfiyyəti üzə çıxır. Rəhbər ona miras qalan problemlərə görə deyil, əldə etdiyi nəticələrə görə qiymətləndirilməlidir.

Maliyyə çətinlikləri təkcə bir televiziya kanalının problemi və ya hansısa rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu gün demək olar ki, bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır. Son illərdə beynəlxalq və iri milli reklamçılar reklam büdcələrinin böyük hissəsini rəqəmsal platformalara yönəldiblər. İnvestisiyaların əhəmiyyətli hissəsi internetə, sosial şəbəkələrə və digər rəqəmsal kanallara keçib. Nəticədə televiziya reklamlarının həcmi ciddi şəkildə azalıb və bu, əksər televiziya kanallarının maliyyə vəziyyətinə obyektiv təsir göstərib. Məhz bu səbəbdən kanal kredit öhdəliklərini ödəməkdə çətinlik çəkirdi”.

Sabiq rəhbər qeyd edib ki, rəhbərliyin fəaliyyəti miras qalan problemlərlə deyil, əldə olunan nəticələrlə qiymətləndirilməlidir. O vurğulayıb ki, rəhbərliyi dövründə “Space” TV milli televiziya kanalları arasında yeddinci yerdən ikinci yerə yüksəlib, reytinqlər isə dörd dəfə artıb:

“Artıq ikinci yerdə olan bir televiziya kanalını qəbul etmək başqa məsələdir. Yeddinci yerdə olan kanalı qəbul edib onu ikinci pilləyə yüksəltmək, reytinqlərini dörd dəfə artırmaq isə tamamilə fərqli idarəetmə vəzifəsidir. İstənilən rəhbərin fəaliyyəti də məhz bu meyarla qiymətləndirilməlidir.

Çətin maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların maaşları vaxtında ödənilirdi. Kanal öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu hazırlamağa davam edirdi.

Fəaliyyətimi başa çatdırmazdan əvvəl böyük həcmli kommersiya müqaviləsi imzalanmışdı. Həmin müqavilə kanala sabit fəaliyyət göstərmək imkanı yaratdı və bu gün də yaratmağa davam edir. Hətta hazırkı rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi maaş ödənişləri də məhz mənim imzaladığım həmin müqavilə hesabına mümkün olub”.

V. Korovin həmçinin telekanalın texniki bazasının inkişaf etmədiyi barədə iddiaları təkzib edib:

“Xüsusilə, mənim rəhbərliyim dövründə kanalın texniki bazasının inkişaf etmədiyi ilə bağlı səsləndirilən iddialar təəccüb doğurur. Bu, həqiqəti əks etdirmir. Mənim fəaliyyətim dövründə Space TV-nin texniki bazası genişmiqyaslı şəkildə modernləşdirilib. Xüsusilə aşağıdakı avadanlıqlar və texniki vasitələr alınıb:

8 robotlaşdırılmış televiziya kamerası;

3 yeni studiya kamerası; bütün studiyalar üçün yeni televiziya pultları;

mikrofon bazası tam yenilənib;

yeni kompüterlər və istehsalat avadanlıqları;

televiziya studiyaları modernləşdirilib;

efir və istehsalat avadanlıqları yenilənib;

yeni xidməti avtomobillər alınıb.

Bu isə görülən işlərin tam siyahısı deyil.

Bütün satınalmalar rəsmi qaydada həyata keçirilib. Müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və bütün mühasibat sənədləri televiziya kanalının arxivində saxlanılır. Görülmüş işlərlə bağlı bütün məlumatlar Audiovizual Şura tərəfindən tərtib olunmuş aktda da öz əksini tapıb. Buna görə də bu cür iddiaları yoxlamaq olduqca asandır. Bunun üçün sadəcə müvafiq sənədlərə baxmaq kifayətdir”.

Vado Korovin əlavə edib ki, hazırkı rəhbərliyin otaqlarda aparılan təmir işlərini əsas nailiyyət kimi təqdim etməsi təəccüb doğurur. O bildirib ki, kosmetik təmir işləri onların rəhbərliyi dövründə həyata keçirilib və əsas investisiyalar kanalın texniki inkişafına yönəldilib.

Sonda Korovin bildirib ki, Ayaz Mustafayevin səsləndirdiyi ittihamlar məsuliyyəti üzərinə götürməmək cəhdidir:

“Ayaz Mustafayevin səsləndirdiyi bütün ittihamlar isə sadəcə üzərinə götürməyə hazır olmadığı məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Halbuki o, bu məsuliyyəti daşımalı olduğunu bilə-bilə rəhbər vəzifəsini qəbul edib.

Eyni məntiqlə mən də məsuliyyəti kanalı bu krediti ödəməyə qadir olmadığını bilə-bilə götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O da öz növbəsində məsuliyyəti ondan əvvəlki rəhbərliyin üzərinə yönəldə bilər.

Bu gün söylədiyim hər bir fikir sənədlərlə, maliyyə hesabatları ilə, müqavilələrlə, satınalmalarla, reytinq göstəriciləri və komandamızın əldə etdiyi real nəticələrlə təsdiqlənir”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR