Jurnalist: "Azərbaycanın bank sistemindəki problem çox dərindədir"

Jurnalist: \"Azərbaycanın bank sistemindəki problem çox dərindədir\" 

İQTİSADİYYAT

Bugün, 09:15

Son günlər bank kartlarından vəsaitlərin müəmmalı şəkildə silinməsi ilə bağlı xəbərlər bir daha göstərdi ki, rəqəmsallaşma yalnız mobil tətbiq hazırlamaq və ya onlayn xidmətləri artırmaq demək deyil.

Əgər vətəndaş öz vəsaitinin təhlükəsizliyinə əmin deyilsə, deməli, rəqəmsal transformasiya hələ tamamlanmayıb. Təəssüf ki, bəzi hallarda banklar baş verən insidentlərə operativ və aydın izah verməkdə çətinlik çəkirlər. Bu isə problemin təkcə texniki deyil, həm də institusional xarakter daşıdığını göstərir.
Dünya maliyyə sistemi artıq yeni mərhələyə qədəm qoyub. Blokçeyn texnologiyaları, real vaxt rejimində risk analizi aparan süni intellekt sistemləri, qabaqcıl kibertəhlükəsizlik standartları artıq seçim deyil, zərurətdir. Bu reallıqlardan geri qalan hər bir maliyyə institutu həm öz reputasiyasını, həm də müştərilərinin etimadını risk altına qoyur.
Bank sektorunda ən böyük təhlükə kiberhücumların özü deyil. Ən böyük təhlükə dəyişən dünyanın sürətinə uyğunlaşa bilməmək, köhnə yanaşmalarla yeni riskləri idarə etməyə çalışmaqdır.
Maliyyə sistemində etimad bir günə yaranmır. Amma bir neçə uğursuz hadisə onu ciddi şəkildə sarsıda bilər. Ona görə də banklar üçün əsas prioritet yeni filial açmaqdan və ya marketinq kampaniyalarından əvvəl təhlükəsizlik infrastrukturunu ən yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırmaq olmalıdır.
Çünki rəqəmsal əsrdə bankın gücü onun reklamında deyil, müştərinin vəsaitini nə dərəcədə qoruya bilməsi ilə ölçülür

Nicat Dağlar,

Missiya.az-ın Baş redaktoru

P.S. Yazı müəllifin Feysbuk hesabından götürülüb!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR