"Məcburi köçkün statusu" haqqında qanun dəyişir - Nələr olacaq? (YENİLƏNİB)

\"Məcburi köçkün statusu\" haqqında qanun dəyişir - Nələr olacaq? (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 12:09

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.

Mia.az xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.

    Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

    Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.

    Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

    ***

    Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir.

    Mia.az xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

    Layihəyə əsasən, qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin məcburi köçkün statusunu itirdikləri gündən üç il müddətində qüvvədə olacaq.

    Qüvvədə olan qanuna görə, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Dəyişikliyə əsasən, həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülmə şərti aradan qaldırılır. Başqa sözlə, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərə başqa yaşayış sahəsi təklif etməlidirlər.

    Keçid müddəalarına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin qüvvədə olma müddəti onların belə yaşayış sahələri ilə təmin edildiyi vaxtdan hesablanır.

    Eyni zamanda bu qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

    Dİgər xəbərlər

    SON XƏBƏRLƏR

    BÜTÜN XƏBƏRLƏR