Hamının vahid bileti və dili - Yaxud ucuz reytinq şousu...

Hamının vahid bileti və dili - Yaxud ucuz reytinq şousu...

SİYASƏT

Bugün, 17:54

Milli Məclisin deputatı Azər Badamov nəqliyyatda vahid bilet sisteminin tətbiqindən danışıb.

İndi bütün sosial şəbəkələrdə adamı məsxərəyə qoyublar. Onun tələffüzündə “bilet” sözünün tələsik səsləndirilməsi şəxsiyyətin təhqirinə qədər gedib çıxıb. Bu mədəniyyətsizliyin bizim media nümayəndələrinin də timsalında ortaya çıxması xüsusilə təəssüfedicidi. Mən sözün açığı, məyus oldum. Yaxşı, tutaq ki, camaat deputatları yaxşı tanımır, siz ki, araşdıra bilərsiniz, hörmətli həmkarlar, ən azından, bu adam kimdi, nədir. Bu qədər bəsitlik olarmı?

Azər Badamov Qusar rayonundan seçilən deputatdı, əslən də ləzgidi. Onun dilinin yüyrək olması təbii haldı, etnik mövcudluğundan irəli gəlir. O, ölkəmizin şimalında yaşayan, əslən ləzği olan vətəndaşlarımızın marağını parlamentdə təmsil edir. O ləzgilərin ki, qonşu Rusiya dəfələrlə şimal bölgəmizdə onların əliylə çaxnaşma yaratmağa cəhd edib, amma ləzği camaatı hər dəfə ölkəmizin bütövlüyünə və müstəqilliyinə sadiq olduğunu nümayiş etdirib və sepatarçılara rəvac verməyib.

A.Badamov Azərbaycan dilini də çox yaxşı bilir, sadəcə, ləzgi ləhcəsiyə danışır. O bölğədə bütün ləzgilər dilimizi bilir, Azərbaycan dilində məktəblərə gedir, amma ləhcəylə danışır. Ölkəmizdə yaşayan və Azərbaycanı sevən bütün etnik xalqların nümayəndələri kimi onun da tələffüzündə fərqli səsləndirmə ola bilər. Buna görə onun məsxərəyə qoyulmasını həmkarlarıma yaraşdırmadım.

Lağlağı etməzdən əvvəl bir araşdırın, baxın, o, dilimizdə səlis danışan bəzi deputatlardan daha fəaldı və faydalı işlərlə məşğuldu. A.Badamov Rusiyanın sevmədiyi adamdı, çünki dəfələrlə çıxışlarında Rusiyanın ölkəmizə qərəzli siyasətini tənqid edib. Hələ bu ayın əvvəlində Rusiya onu  “antiRusiya, rusiyafob” çıxışlarına görə Moskvaya girişinə icazə verməyərək deportasiya edib. Parlamentdə yatan, ayda-ildə bir dəfə gün üzünə çıxan, hərdən çaşıb danışanda da “quş buraxan”  dırnaqarası deputatlardan deyil.

Ona qalsa, kökü-kökməcəsi azərbaycanlı olub, amma rus dilində oxuyub, ana dilini bəyənməyənləri çıxarın ortaya, məsxərəyə qoyun.

A.Badamovun çıxışından bir parçanı paylaşaraq əylənən və deputatın daha böyük auditoriyada ələ salınmasına şərait yaradan və bununla çoxlu layk, reytinq toplayan həmkarlarıma baxdım indi, çoxunun uşağı “russkiy sektor”da oxuyur və doğma dilində də danışa bilmir.

Sosial mediada A.Badamovu məsxərəyə qoyanların şərhlərini oxuyuram, Azərbaycan dilində yaza bilmirlər.

Məncə, bu dünyada kor həmişə kora “kor” deyəcək.

 Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR