SÖZLƏ, ZƏHMƏTLƏ, ÜRƏKLƏ YAZILAN ÖMÜR...

SÖZLƏ, ZƏHMƏTLƏ, ÜRƏKLƏ YAZILAN ÖMÜR...

MƏDƏNİYYƏT

Bugün, 18:25

İnsan var – yaşayır,

insan var – yaşatdığı ilə yadda qalır.

Səxavət Feyruz oğlu Tağıyev məhz o ikinci qisim insanlardandır – ömrünü sözə, təhsilə, insana və gələcəyə çevirənlərdən.

İmişli rayonunun Əliqulular kəndində doğulan bu ömür yolu sadə başlanğıcdan böyük mənaya doğru uzanır. 1980-ci ildə Xankəndi Dövlət Pedaqoji İnstitutunu, 1984-cü ildə isə SSRİ Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirən Səxavət müəllim, həm bir öyrədən-məktəb rəhbəri, həm də söz adamı kimi tanınıb, sevilib. Bu iki xətt – təhsil və publisistika, onun həyatında bir-birini tamamlayan, bir-birinə işıq verən yoldur.

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü, AYB-nin Aran bölməsi üzrə məsul katib və “525-ci qəzet”in bölgə müxbiri kimi fəaliyyəti onun cəmiyyətə verdiyi töhfələrin yalnız görünən tərəfidir. Əslində isə onun ən böyük əsəri – yetişdirdiyi insanlar, toxunduğu talelərdir.

    Qələmindən süzülən “Qarabağ düşüncələri”, “Gecikmiş məktub”, “Bir nəslin dörd fəsli”, “Şərqin Bülbülü”, “Ana fəryadı” kimi əsərlər və “Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi” adlı metodik vəsait yalnız kitab deyil – bir dövrün, bir hissin, bir müəllim ruhunun izidir.

Layiq görüldüyü mükafatlar – Prezident təqaüdü, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı, Beynəlxalq Rəsul Rza mükafatı, “Qızıl qələm”, “Yunus Emre” beynəlxalq ədəbiyyat mükafatı, “Vətənpərvərlik işinə görə” və “Turan Birliyi” medalları Səxavət müəllimin ömür yolunun ən ali dəyərləridir. Amma elə dəyərlər var ki, medalla ölçülmür, onun insanlara verdiyi ümid, göstərdiyi yol, açdığı qapılar kimi...

Bəzən insan düşünür ki, qarşılaşmalar təsadüfdür…

amma yox.

Hər görüş Tanrının incə bir yazısıdır.

Onun mənim ilk "Üdidsiz bir ədəbiyyat" əsərimin işıq üzü görməsinə göstərdiyi dəstək, mənim kimi bir çox gənc müəllimə verdiyiniz güc –

bu, sadəcə yardım deyil…

Bu, bir yol açmaqdır.

Bəzən ən böyük yaxşılıqlar məhz görünməyən olur.

Siz gənclərə təmənnasız dəstəyinizlə seçilən, yolumuza heç bir qarşılıq güdmədən işıq tutan nadir insanlardansınız.

Sizin varlığınızda həm bir ağsaqqal müdrikliyi, həm də əsl alicənab pedaqoqun incəliyi yaşayır.

Sizi kimi insanların yanında olmaq

insanı böyüdür…

ruhunu saflaşdırır.

Diləyim budur ki,

həyatda hər kəs qəlbində daşıdığı işıq qədər aydınlansın

və yolunu o işıqla tapsın.

Dəyəriniz daim var olsun, Səxavət müəllim!

Sizin kimi insanlar zamanla yox olmur,

zamanın içində izə çevrilir.

Doğum gününüz mübarək olsun!

Selcan ƏDALƏT,

Gənc yazıçı- pedaqoq

P.S. Mia.az-ın kollektivi də hörmətli Səxavət müəllimi təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayır! 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR