ABŞ, daha sonra Türkiyə NATO-nu tərk edəcək? - TƏHLİL

ABŞ, daha sonra Türkiyə NATO-nu tərk edəcək? - TƏHLİL

GÜNDƏM

Bugün, 13:57

ABŞ-ın NATO-nu tərk etməsi ilə bağlı iddialar səslənməyə davam edir.

Düzdür, bu qərar Donald Trumpın təkbaşına verə biləcəyi qərar deyil. Ümumiyyətlə, belə bir addım ABŞ üçün heç bir halda əlverişli sayılmır. Çünki ABŞ kimi qlobal güc üçün NATO təkcə hərbi alyans deyil, eyni zamanda transatlantik təsir mexanizmi, siyasi nüfuz platforması və beynəlxalq təhlükəsizlik arxitekturasının əsas sütunlarından biridir.

Nəzəri olaraq belə bir ssenarinin reallaşması qlobal güc balansında ciddi sarsıntılara səbəb ola bilər. NATO-nun hərbi və texnoloji gücünün böyük hissəsi məhz ABŞ-a bağlıdır. Alyans formal olaraq kollektiv təhlükəsizlik mexanizmi olsa da, onun əməliyyat imkanları, logistika infrastrukturu və strateji çəkindiriciliyi əsasən Vaşinqtonun resursları üzərində qurulub. ABŞ-ın bu sistemdən çıxması NATO-nu institusional baxımdan zəiflədərək onu daha çox regional və məhdud təsir gücünə malik struktura çevirə bilər.
Əgər belə bir şey baş verərsə, ABŞ-dan sonra NATO-nu Türkiyənin də tərk etməsi ehtimalı yaranır. Ankara NATO daxilində ABŞ-dan sonra ən böyük hərbi potensiala malik üzvlərdən biridir və alyansın cənub cinahında əsas dayaq nöqtəsi hesab olunur. Lakin ABŞ-ın mümkün çıxışı halında yaranacaq yeni təhlükəsizlik mühitində Türkiyənin mövqeyi mürəkkəbləşə bilər. Çünki alyansın hərbi yükünün əhəmiyyətli hissəsinin regional güclərin üzərinə düşməsi qaçılmaz olacaq və bu yükü uzunmüddətli perspektivdə daşımaq Ankaranın strateji maraqları ilə tam uzlaşmaya bilər. Bu baxımdan, dəyişən təhlükəsizlik arxitekturasının nəticəsi kimi Türkiyənin də NATO-dan çıxması ehtimalı istisna edilmir.
Ankara hazırda formal olaraq belə bir niyyət nümayiş etdirməsə də, ABŞ-ın NATO-nu tərk etməsi və yaranacaq güc boşluğu kontekstində öz hərbi alyansını qurmaq ideyasına daha çox fokuslana bilər. Son illərdə Türkiyənin daha müstəqil hərbi-siyasi kurs yürütməsi, regional təşəbbüslərdə aktiv rol alması və alternativ təhlükəsizlik formatlarına maraq göstərməsi bunu deməyə əsas verir.
Bu çərçivədə iki əsas istiqamətdən danışmaq olar:
Birincisi, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi və bunun tədricən alyans səviyyəsinə çatdırılmasıdır. Bu model daha real görünür, çünki ortaq dil, mədəniyyət və siyasi yaxınlıq müəyyən institusional bazanın formalaşmasına imkan yaradır. Lakin türk dövlətlərinin bir qisminin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olması Ankaranın qarşısında ciddi maneədir.
İkinci istiqamət isə daha geniş – türk-islam platforması əsasında hərbi ittifaqın yaradılmasıdır. Bu variant daha iddialı olsa da, müxtəlif siyasi maraqlar, regional rəqabət və geosiyasi ziddiyyətlər səbəbindən reallaşdırılması daha çətin görünür.
Bununla belə Türkiyənin gələcəkdə öz hərbi alyansını qurmaq istiqamətində addımlar atması onun strateji müttəfiqi olan və bu günə qədər hərbi alyanslara məsafəli yanaşan Azərbaycanın xarici siyasətinə də təsir göstərə bilər. Bu, ya daha sıx hərbi inteqrasiya, ya da mövcud balans siyasətinin yeni geosiyasi şərtlərə uyğunlaşdırılması formasında özünü göstərə bilər.

Turan Rzayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR