Hörmüz boğazı ətrafında qalmaqal böyüyür - Pekin “mən də buradayam” deyir (TƏHLİL)

Hörmüz boğazı ətrafında qalmaqal böyüyür - Pekin “mən də buradayam” deyir (TƏHLİL)

SİYASƏT

Bugün, 12:16

ABŞ-ın Hörmüz boğazında başlatdığı blokada İrana qarşı olsa da, daha ciddi narahatlıqlar yaradıb. Bu addım hətta ehtimal edilən yeni münaqişələrə səbəb ola bilər.

Ümumilikdə, Hörmüz boğazı yaxınlığında hərbi blokada əməliyyatını dəstəkləmək üçün 15-dən çox ABŞ hərbi gəmisi əraziyə cəlb edilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom aviadaşıyıcısı “George Bush” isə Cəbəllütariq boğazını keçərək Aralıq dənizi akvatoriyasına daxil olub. ABŞ hərbçilərinin hesablamalarına görə, zərbə qrupu yaxın 3–5 gün ərzində Mərkəzi Komandanlığın əməliyyat zonasına çatacaq.
Vaşinqtonun bu addımı zahirdə İrana qarşı yönəlsə də, əslində, daha geniş mesaj daşıyır. Təsadüfi deyil ki, prosesdən ən çox narahat olan ölkə Çindir.
Pekin bu regiondan enerji baxımından ciddi asılıdır və belə addımları öz iqtisadi təhlükəsizliyinə təhdid kimi görür. Rəsmi Pekin hərbi dəniz donanmasını Fars körfəzi yaxınlığında saxlayacağını bəyan edib. Qeyd olunub ki, Çin donanması körfəz yaxınlığında gəmiləri müşayiət edəcək. Bununla yanaşı, rəsmi Pekin Çinə aid gəmilərə müdaxilə ilə bağlı xəbərdarlıq da edib.
Aydın məsələdir ki, Çin donanmasının “müşayiət” adı ilə bölgəyə yaxınlaşması sadəcə müdafiə deyil, eyni zamanda siyasi siqnaldır. Yəni Pekin “mən də buradayam” deyir.
ABŞ üçün indiki məqamda əsas rəqib Çindir. Vaşinqtonun gec-tez fokusunu Pekinə çevirəcəyi bəllidir. Lakin birbaşa hərbi toqquşma nə Pekin, nə də Vaşinqton üçün gözə alınacaq bir ssenari deyil. Tərəflərin açıq müharibədən maksimum qaçmağa çalışacağı istisna olunmur. Lakin eyni zamanda hər iki ölkə bir-birinə birbaşa toxunmadan, çox yaxın məsafədə hərbi güc nümayiş etdirə bilər. Bununla da 21-ci əsrin Karib böhranına, daha dəqiq desək, “Hörmüz böhranı”na şahid ola bilərik.
Əlbəttə, bu, hələlik ehtimaldır. Lakin Vaşinqtonun əraziyə donanma cəlb etməsi, blokada qərarında israrı, Pekinin isə öz maraqları kontekstində hərəkətə keçməsi sözügedən versiyanı ciddiləşdirir.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR