YAP-ın keçmiş təşkilat sədri hakimin suallarını cavablandırıb: "Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəssisi idi"

YAP-ın keçmiş təşkilat sədri hakimin suallarını cavablandırıb: \"Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəssisi idi\"

SİYASƏT

Bugün, 11:11

Respublika Perinatal Mərkəzində yanğınla bağlı məhkəmədə cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru, YAP Sabunçu rayon təşkilatının keçmiş sədri Mehriban Abasquliyeva sualları cavablandırıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyeva deyib ki, əvvəlki direktorla təhvil-təslim zamanı yanğın siqnalizasiya sistemi işləməyib.

O, bu barədə TƏBİB-ə məlumat verdiyini söyləyib. Mehriban Abasquliyeva mövcud problemlərlə mərkəzin necə fəaliyyət göstərməsi ilə bağlı suala cavab verərkən deyib ki, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi işləməsə də, mərkəz fəaliyyətini davam etdirib.

"Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək kimi səlahiyyətim yox idi. Bütün xəstəxanalar xəstələri Səhiyyə Nazirliyinin 2013-cü il 24 saylı əmrinə əsasən qəbul edir. Mərkəzə kənddən gələn qadınlar da var idi. Yerli xəstəxanalar onları qəbul edir, əgər lazımdırsa, bizə göndərirdilər. Tibb müəssisəsinin kateqoriyasının artırılması ilə bağlı müraciət etməmişəm. O bizim səlahiyyətimiz deyil, prosedurun necə olduğunu bilmirdim. Bizdə olan küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi. Biz küvəz sifariş verə bilmirdik, TƏBİB-dən göndərilirdi. Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəssisi idi, xəstələr göndəriləndə həmin qrupa yazılırdı", - təqsirləndirilən şəxs bildirib.

M.Abasquliyeva söyləyib ki, onun hər hansı bir tibbi avadanlıq almaq səlahiyyəti olmayıb:

"Mən 2022-ci ilin, eləcə də 2024-cü ilin büdcəsində iştirak etməmişəm. Əgər, lazım olan avadanlığı kiçik büdcə ilə almaq mümkün idisə, mən alırdım. Bu səbəblərdən mərkəzin mühasibi işləyə bilməyəcəyini bildirərək işdən ayrılmışdı. O, işdən çıxandan sonra mən TƏBİB-ə iki ay yalvardım ki, bizə mühasib göndərsinlər".

Onun sözlərinə görə, direktor təyin ediləndən sonra TƏBİB-in rəhbərliyi mərkəzdə olub:

"Mən vəzifəyə təyin ediləndən sonra TƏBİB-dən böyük yoxlama gəldi. Onlar mərkəzdə olan problemlərlə bağlı aktlar yazmışdılar, mən həmin aktları görməmişəm. Yeni otaqların açılması ilə bağlı TƏBİB-ə məlumat verilmişdi. Özləri də gəlib həmin otaqlara baxmşdılar. TƏBİB-in mütəxəssisi daima mərkəzə gəlirdi. Müəssisədə elektrik yuvalarının işləməməsi ilə bağlı mənə məlumat verilməmişdi, məlumat verilsəydi, təmir etdirərdik".

Proses cinayət işi ilə bağlı məhkəməyə təqdim edilən sənədlərin tədqiqi ilə davam etdirilib.

Növbəti iclas aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR