Eksklüziv: “İmişli”ni ev oyunları üçün Yevlaxa dəvət edirlər - PFL nə deyəcək?

img

16-02-2026 [20:46]


“Karvan-Yevlax” klubunun stadionu hazırda premyer liqa oyunlarının keçirilməsi üçün çox yaxşı vəziyyətdədi. Düzdü, stadionun ot örtüyü sünidir, amma infrastruktur yenilənib. Burada həm də “Kəpəz” ev oyunlarını keçirir.

Mia.az adıçəkilən klubun icraçı direktoru Elvin Əjdərliyə istinadla xəbər verir ki, “Karvan” rəhbərliyi daha bir kluba ev oyunlarını Yevlax stadionunda keçirməsiyçün təklif verir. Şöhbət hazırda stadion böhranı yaşayan “İmişli”dən gedir.

Məlum olduğu kimi, “İmişli” klubunun Quba Olimpiya Kompleksinin stadionunda yaşadığı problemlər üzündən orada oyunların keçirilməsi premyer liqa klublarında narazılıq yaradıb. Öz doğma şəhərində stadionu hələ hazır omayan “İmişli” ev oyunlarını müvəqqəti olaraq Qubada keçirir və orada stadion baxımsız vəziyyətdədi.

Hazırda “Kəpəz” klubuna ev oyunları üçün şərait yaradan “Karvan-Yevlax” “İmişli”yə də belə jest etməyə hazırdı.

Bunu Mia.az-ın əməkdaşıyla söhbətində “Karvan-Yevlax”ın icraçı direktoru Elvin Əjdərli bildirib.

O, deyib ki, əgər Peşəkar Futbol Liqası (PFL) və “İmişli” razı olsa, onlar ev oyunlarını Yevlaxda keçirə bilər:

- “Karvan-Yevlax” Futbol Klubu fəaliyyətində hər zaman yüksək idman dəyərlərini, ədalət prinsipini, qarşılıqlı hörməti və idman diplomatiyasını əsas tutur. Biz inanırıq ki, futbol təkcə rəqabət deyil, həm də əməkdaşlıq, həmrəylik və sağlam münasibətlər platformasıdı.

Stadionumuz hazırda Premyer Liqa oyunlarının keçirilməsi üçün kifayət qədər yaxşı vəziyyətdədi və infrastruktur baxımından yenilənmiş standartlara cavab verir. Bu baxımdan, region klublarının üzləşdiyi çətinliklərə anlayışla yanaşırıq. Son zamanlar mətbuatda yerli klubların rəhbərlərinin haqlı narazılıqları ilə biz də qarşılaşırıq və bir çox məsələlərdə onların mövqeyi ilə razılaşırıq.

Xüsusilə “İmişli”nin Qubadakı stadionda ot örtüyü və meydança keyfiyyəti ilə bağlı mövcud problemləri yalnız rəqib komandalar üçün yox, həm də bizim oyunçularımız üçün, eləcə də ümumilikdə futbolun keyfiyyəti və oyunçuların sağlamlığı baxımından arzuolunan vəziyyət deyil.

Biz stadionumuzun digər region klubları üçün də əlçatan olmasına prinsipial olaraq müsbət yanaşırıq. Necə ki, “Kəpəz” klubuna ev oyunları üçün şərait yaratmışıq, eyni yanaşmanı “İmişli” Futbol klubundan da müraciət olarsa, göstərə bilərik. Bu, bizə görə, təkcə meydança paylaşımı yox, həm də region futbolunun həmrəyliyinin göstəricisidi.

“İmişli” oyunlarını keyfiyyətli örtüyə malik alternativ meydançada keçirsə, ümumi çempionatın səviyyəsinə də müsbət təsir edər. Mövsümün ikinci hissəsində demək olar ki, bütün komandalar “İmişli”ylə ev oyunu keçirməlidi. Bu zaman daha uyğun infrastrukturun təmin edilməsi həm oyun keyfiyyətini, həm də ədalətli rəqabətin təminatı olar. Bu məsələdə Peşəkar Futbol Liqasının “idman prinsiplərinin qorunması və bütün komandalar üçün bərabər şəraitin yaradılması” istiqamətində nümayiş etdirdiyi həssas və balanslı mövqeyi yüksək qiymətləndiririk. Qurumun şəffaf və tərəfsiz yanaşmasına hörmətlə yanaşırıq.

Eyni zamanda, vurğulamaq istərdim ki, yekun qərar Peşəkar Futbol Liqasının nizamnaməsinə və qəbul etdiyi qərarlara əsaslanır. Biz istənilən qərara hörmətlə yanaşır və idman diplomatiyasına uyğun davranmağı özümüz üçün prinsip hesab edirik. Klubumuzun və prezidentimizin əsas məqsədi regionlarda futbolun inkişafını dəstəkləmək, infrastrukturun gücləndirilməsinə töhfə vermək və uzunmüddətli, dayanıqlı inkişaf modeli qurmaqdı. Bu istiqamətdə atılan hər addım yalnız “Karvan-Yevlax”ın deyil, bütövlükdə Azərbaycan futbolunun xeyrinədi.

Zülfiyyə Mustafayeva

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA