Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib

img

15-02-2026 [19:45]


Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatla çıxış ediblər.

***

Fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

Mia.az xəbər verir ki, əvvəlcə Serbiya Respublikasının Prezidenti çıxış etdi.

Prezident Aleksandar Vuçiçin çıxışı

- Hörmətli Prezident, əziz dostum, cənab İlham Əliyev.

Hörmətli Azərbaycan hökumətinin nazirləri və Serbiya hökumətinin nazirləri.

Xanımlar və cənablar, əziz dostlar.

Serbiya Respublikası və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını açmaqdan şərəf hissi duyuram. Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik.

Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir.

İcazə verin, xüsusi olaraq, bildirim ki, Prezident Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin yüksəksəviyyəli rəsmilərinin və nazirlərin burada olması bu Şuraya hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. Əminəm ki, bu gün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzunmüddətli əməkdaşlığa aid mövqeyə əsaslanır. Mən giriş nitqimi çox qısa edəcəm və xahiş edirəm ki, Serbiyanın nazirləri də eyni yanaşma göstərsinlər, çünki biz mətbuata bəyanat mərasiminə yubana bilmərik. Xahiş edirəm, həmin reqlamentə uyğun olaq. Mən sadəcə bir neçə məsələni əlavə etmək istərdim.

Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu, o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin.

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir. Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar. Sizə işinizdə uğurlar arzu edirəm.

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən, xüsusi olaraq, Prezident Əliyevlə Dubravkada qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik.

Azərbaycandan gəlmiş əziz dostlar, Serbiyada özünüzü evdəki kimi hiss edin. Xoş gəlmisiniz. Hörmətli Prezident, mən Sizə, ailənizə, xalqınıza ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, Sizi yenidən mümkün qədər tez qəbul edəcəyəm. Daha çox görüşlər olmalıdır. Çox sağ olun və Serbiyaya xoş gəlmisiniz. Sağ olun.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Təşəkkür edirəm. Hörmətli cənab Prezident, əziz dostlar. İlk növbədə dəvətə görə təşəkkür edirəm. Yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin təkcə bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandara minnətdaram. Yeri gəlmişkən, Dövlətçilik Gününüzü təbrik edirəm.

Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur.

Dostum Prezidentlə geniş müzakirələr apardım. Həmişə olduğu kimi, onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq.

Yeri gəlmişkən, bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir. Bu gün hökumət üzvlərinin demək olar ki, yarısı məni müşayiət edir. Bu özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımızın arasında müzakirə ediləcək çoxlu məsələlər var. Dostum Aleksandarın Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik. Mən Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm, buna maksimum dərəcədə ciddi yanaşsınlar ki, həmişə olduğu kimi, razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək.

Aleksandar artıq tərəfdaşlıq sahələrini müəyyən etdi. Gündəliyə və bugünkü iclasımızın gündəliyinə və müvafiq nazirlər tərəfindən təqdimatlara baxsaq görərik ki, gündəlik genişlənir. Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Hesab edirəm ki, bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız. Siz Aleksandar Vuçiçin müdrik rəhbərliyi ilə Serbiyada sabitliyin və inkişafın uzun müddət ərzində vacib amil olacağını bilirsiniz. Mətbuata bəyanatla çıxış etmək üçün orada vaxtında olmağımızı nəzərə alaraq, mən də qeydlərimi artıq dediklərimlə məhdudlaşdırmaq istəyirəm. Həmçinin heyətlərimizə öz təqdimatları ilə çıxış etmək imkanını da vermək istəyirəm. Qonaqpərvəliyiniz və dəvətiniz üçün bir daha çox sağ olun.

x x x

İclasda hökumətlərarası komissiyaların sədrləri və digər aidiyyəti nazirlər məruzələrlə çıxış etdilər.

Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlət başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər.

Bakı-Belqrad aviareyslərinin bu ilin mayından başlayacağı məmnunluqla qeyd olundu, bunun ölkələrimiz arasında humanitar təmasların və turizmin inkişafına töhfə verəcəyinə ümidvarlıq bildirildi.

Sonra prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının Qərarını imzaladılar.

***

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.

Mia.az xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç mübadilə etdilər.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiya Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç mübadilə etdilər.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın informasiya və telekommunikasiya naziri Boris Bratina mübadilə etdilər.

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu"nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç mübadilə etdilər.

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbbiyanın idman naziri Zoran Qayiç mübadilə etdilər.

"Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru xanım Saniyya Radojeviç mübadilə etdilər.

***

Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında ikitərəfli görüş olub.

***

Fevralın 15-də Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA