İŞ ADAMI ELƏ İTTİHAMLA SAXLANILDI Kİ... - İyrənc plan necə ifşa olunub?

img

30-01-2026 [10:59]


Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.

Mia.az Report-a istinadla xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.

Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.

Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.

Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA