Deputat: "Prezidentin səsləndirdiyi fikirləri təkrar-təkrar nəzərdən keçirməliyik"

img

14-01-2026 [22:23]


Zaman-zaman təhsil gündəminin ən çox müzakirə olunan mövzularından biri Azərbaycanda rus sektorunun gələcəyi ilə bağlıdır. Ara-sıra bu sektorun mərhələli şəkildə ləğvi, rusdilli məktəb və liseylərin fəaliyyətinin yenidən nəzərdən keçirilməsi istiqamətində müxtəlif fikirlər səsləndirilib. Xüsusilə ötən ilin sonlarına doğru məsələ yenidən aktuallaşaraq ictimai müzakirə müstəvisinə çıxıb. Bu isə onu deməyə əsas verir ki, uzun illər formalaşmış rus sektoru modeli artıq əvvəlki qədər dəyişməz və toxunulmaz görünmür.

Maraqlıdır, rus sektorunda mümkün dəyişikliklər məhdud müzakirə müstəvisində qalacaqmı, yoxsa digər məktəb və liseylərdə də rus sektorunun ləğviylə bağlı oxşar islahatlar aparıla bilər?

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli ilk olaraq məsələyə hüquqi baxımdan aydınlıq gətirərək qeyd edib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” qanununda qeyd olunur ki, “Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir”.

“Bununla yanaşı, sözügedən qanunda bildirilir ki, “vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər”.

Göründüyü kimi qanunvericilikdə ümumi təhsil müəssisələrində tədrisin digər dillərdə, o cümlədən rus dilində olması ilə bağlı tənzimləyici mexanizmlər olsa da, imperativ qadağa, yaxud məhdudiyyət yoxdur”.

Deputat bildirib ki, məsələyə subyektiv münasibətinə gəldikdə isə, o, Azərbaycanın ümumi təhsil məktəblərində tədris dilinin istisnasız olaraq, Azərbaycan dilində olmasının tərəfdarıdır: “Baza təhsili mütləq Azərbaycan dilində olmalıdır. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, bir xalqın milli özünəməxsusluğunu təşkil edən əsas komponentdir. Dil - mədəniyyətdir, dil - tarixdir, dil - bir millətin var olduğunun sübutudur və dilin milli şüurun formalaşmasında müstəsna, əvəzolıunmaz bir yeri var. Amma bu prosesin, yəni Azərbaycanın bütün ümumtəhsil müəsisələrində tədrisin tamamilə Azərbaycan dilində aparılmasının həvəsləndirici və cəzbedici addımlarla gerçəkləşdirilməsinin tərəfdarıyam. Azərbaycan dilində tədrisin keyfiyyəti artdıqca digər dillərdə tədris prosesini həyata keçirən məktəblərin də təbii şəkildə sıradan çıxacağını düşünürəm. Onu da qeyd edim ki, dil milli identikliyin qorunmasının ən başlıca komponenti olduğu kimi həm də "məxməri ekspansiya" vasitəsidir. Bu baxımdan, xarici dillərdə tədris prosesinin milli şüurun sıradan çıxarılmasına yönəlmiş elementlərin daşıyıcısına çevrilməməsi daim diqqətdə saxlanılmalıdır. Ümumtəhsil məktəblərində bir neçə xarici dilin öyrənilməsinə imkan yaradılmalıdır. Orta məktəblərdə xarici dillərin tədrisi gücləndirilməli, xüsusi proqramlar həyata keçirilməlidir. Bu Azərbaycan vətəndaşlarının rəqabətədavamlı mütəxəssislər kimi formalaşması, dünyaya açılmaları üçün olduqca vacibdir. Amma bünövrənin, təməlin ana südü kimi təmiz doğma Azərbaycan dilində olması şərtdir”.

Elçin Mirzəbəylinin sözlərinə görə, dilimizlə və eləcə də bir millət olaraq gələcəyimizlə bağlı çağırışların nələrdən ibarət olduğunu, hansı mürəkkəb bir zaman kəsiyindən keçdiyimizi dərindən anlamaq üçün, qənaətinə görə, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirləri təkrar-təkrar nəzərdən keçirməliyik:

“Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”.

Deputat əlavə edib ki, dilə münasibət həm milli təəssübkeşlik, həm milli qürur məsələsidir.

 "Xalqa, millətə olan sevgi ilk növbədə onun dilinə olan münasibətdən başlayır. Mükəmməl azərbaycanlı olmağın yolu Azərbaycan dilinə mükəmməl şəkildə yiyələnməkdən, sahiblənməkdən keçir. Azərbaycan dili dünyanın ən gözəl dillərindən biri və mənə görə birincisidir. Dilimizin bətnində ilahi bir müsiqi var. Öz ana dilini mükəmməl bilən bir azərbaycanlının dodaqlarından qopan sözlər sanki bu ilahi müsiqinin sədaları altında, həzin bir axınla havada süzür, sevdalı aşiqlər kimi söz-söz, cümlə-cümlə qol-boyun olurlar”,- deyə E.Mirzəbəyli söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA