İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
14-01-2026 [14:50]
İrandakı etirazlar Azərbaycanda da ciddi müzakirə olunur. Sosial şəbəkələrin Azərbaycan seqmentində başlıca müzakirələr “Etirazların gedişatı və nəticəsi”, “Güney Azərbaycanın müstəqilliyi”, hətta “Şimalla birləşmə” mövzuları ətrafında gedir.
Müzakirələr daha çox ictimaiyyət səviyyəsində aparılır. Yəni Azərbaycan İranda baş verənlərə rəsmi mövqe bildirməyib. Ümumiyyətlə, rəsmi Bakı üçün regional sabitlik, beynəlxalq hüquq, qonşuluq münasibətləri və öz təhlükəsizliyi əsasdır. İran kimi mürəkkəb, çoxmillətli və güclü dövlətin daxili proseslərinə açıq mövqe bildirmək həm diplomatik, həm də təhlükəsizlik baxımından ciddi nəticələr doğura bilər. Ona görə də Bakı prosesləri izləyir, anlayır, amma emosional davranmır.
Aydın məsələdir ki, Güney Azərbaycanın müstəqilliyi və ya Şimalla birləşməsi ideyaları hazırkı mərhələdə daha çox emosional xarakter daşıyır. İranda etnik ayrılma hələlik həlledici səviyyədə deyil. Bununla belə, İranda etirazların Azərbaycan cəmiyyətində bu qədər geniş rezonans doğurması tarixi, etnik və psixoloji bağların hələ də çox güclü olması ilə bağlıdır.
Heç kəsə sirr deyil ki, Güney Azərbaycan məsələsi uzun illərdir şüuraltında yaşayan bir mövzudur və İranda hər ciddi silkələnmə zamanı yenidən üzə çıxır. Lakin yenə də bu düşüncə daha açıq şəkildə xalq səviyyəsində özünü büruzə verir. Bununla belə, həm Güney Azərbaycanın, həm də Şimalın məsələlərə baxışına diqqətlə nəzər yetirmək lazımdır.
İlk növbədə nəzərə almaq lazımdır ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən 198 il keçib və bu qədər uzun ayrılıq müddətində Şimal ilə Cənub eyni xalq olaraq tamamilə fərqli siyasi laboratoriyalarda formalaşıb. Mənə görə, Şimalın Rusiya imperiyası və daha sonra sovet sistemi içində yaşaması paradoksal olsa da, onu dünyaya açdı, modern dövlət anlayışı ilə tanış etdi, dünyəvilik, hüquq, idarəçilik kimi anlayışları dərk edib mənimsəməsinə zəmin yaratdı. Maarifçilik burada müstəqilliyin şərti kimi formalaşdı, yəni əvvəl düşüncə dəyişdi, sonra dövlət quruldu. Nəticədə Azərbaycanın şimalı öncə 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik cümhuriyyət olan ADR-ni, bundan 73 il sonra isə müstəqil Azərbaycan Respublikasını qura bildi.
Cənubda isə proses tam tərsinə seyr etdi. Qacarlar, Pəhləvilər və nəhayət, teokratik rejim çərçivəsində Azərbaycan türkləri daha çox var olma, kimliyini qoruma, dilini itirməmə refleksi ilə yaşadı. Belə mühitdə müstəqillik arzusu emosional olaraq daha güclü, amma institusional olaraq daha zəif oldu. Düzdür, Güney Azərbaycan müstəqillik mövzularında Şimaldan hər zaman daha istəkli və radikal olub. Misal üçün Şeyx Məhəmməd Xiyabani və ya Seyid Cəfər Pişəvəri öndərliyində buna nail olmağa çox yaxınlaşılsa da, böyük fədakarlıq və güclü xalq dəstəyinə baxmayaraq, arxasında dayanan dövlətçilik təfəkkürü və beynəlxalq reallıq oxunuşu yetərli olmayıb.
Təəssüf ki, Güney Azərbaycanla bağlı məsələ bu gün də ciddi problemlərlə özünü büruzə verir. Güney Azərbaycanın birmənalı şəkildə müstəqillik istədiyini demək mümkün deyil. Çünki ortada vahid siyasi şüur, vahid strateji xətt və ən əsası vahid liderlik yoxdur. Cəmiyyətdəki bu parçalanma, qəribə də olsa, ideoloji yox, daha çox reallıqdan qaynaqlanır. Məsələ ondadır ki, insanlar fərqli riskləri, fərqli gələcək ssenarilərini öz həyat təcrübələrinə görə qiymətləndirirlər. Misal üçün bir qrup üçün müstəqillik tarixi ədalətin bərpasıdır, digəri üçün isə naməlumluq və xaos riskidir. Yüksək muxtariyyət istəyənlər daha praqmatik düşünür və “İran daxilində qalaraq real qazanc əldə etmək mümkündürmü?” sualına cavab axtarırlar.
Mədəni muxtariyyət tərəfdarları isə artıq uzun illər təzyiq altında yaşadıqları üçün siyasi iddialardan çox, dil, təhsil və kimliyin qorunmasına fokuslanıblar. Mövcud rejim çərçivəsində İranı idarə etmək istəyənlər isə açıq şəkildə deməsələr də, güc mərkəzinin tam dağılmadığını və onu ələ keçirməyin ayrılmaqdan daha real ola biləcəyini düşünürlər.
Şimalda da Güneyə yanaşma birmənalı deyil. Əslində Şimalın yanaşması Güneyə baxışdan çox, öz təhlükəsizlik, dövlətçilik və regional məsuliyyət hissini əks etdirir. Yəni mübahisə “Güney nə etməlidir?” sualından çox, “Şimal buna necə reaksiya verməlidir?” sualı üzərində qurulub.
Güneyin birbaşa müstəqil olmasını istəyənlər üçün əsas olan ayrılığın bitməsi deyil, əvvəlcə Cənubun öz taleyinə sahib çıxmasıdır. Müstəqillikdən sonra Şimalla birləşmə ideyasını müdafiə edənlər isə məsələni “tamamlama” kimi görürlər. Amma real siyasətdə bu ssenari ən ağır və riskli variantdır. Bu, təkcə İranın reaksiyası deyil, regiondakı digər güclərin, hətta Azərbaycanın öz daxili balansının da ciddi şəkildə sınağa çəkilməsi deməkdir.
Üçüncü qrup isə daha soyuqqanlı yanaşır və hesab edir ki, Cənubdakı azərbaycanlıların İran daxilində güclü mövqedə olması Şimal üçün strateji üstünlükdür. Onların düşüncəsinə görə, böyük bir qonşu dövlətin içində söz sahibi olan, iqtisadi və siyasi təsiri malik milyonlarla soydaş həm təbii körpü, həm də balans elementidir.
Bütün bunlara baxmayaraq, nə “Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi”, nə də “Bütöv Azərbaycan” ideyası tam utopiya deyil, sadəcə uzunmüddətli və çoxşərtli bir ssenaridir. İran daxilində proseslər indi elə mərhələdədir ki, bir çox güneyli üçün qeyri-müəyyənlik hazırkı rejimin davamından daha qorxulu görünür. Amma bu tarazlıq çox kövrəkdir. Misal üçün, xarici güclər İran üçün alternativ kimi Pəhləvi xəttini istər “Rza Pəhləvi üzərindən keçid hökuməti”, istərsə də “monarxiyanın bərpası” formasında önə çıxararsa, bu, Güney Azərbaycan üçün qırılma anı ola bilər. Pəhləvilər Güney türklərinin kollektiv yaddaşında çox mənfi obraz yaradıb. Ona görə də teokratik rejimə qarşı səbir göstərmiş soydaşlarımız Pəhləvilərin qayıdışına səssiz qalmaz.
Bu, Güneyin öz müqəddəratını təyin etməsi üçün bəlkə də ən unikal və nadir tarixi fürsət ola bilər. Lakin yenə də Güneyin müstəqilliyi avtomatik olaraq Şimalla birləşmə demək deyil. Hətta əksinə, real birləşmə üçün uzunmüddətli dialoq, hüquqi və siyasi uyğunlaşma lazımdır. Bunun üçün isə vaxt tələb olunur. Bu müddət emosiyaların soyuması, institutların formalaşması və iki cəmiyyətin bir-birini yenidən tanıması üçün vacibdir. Əks halda birləşmə yox, milli böhran yaranar.
Turan Rzayev
MİA.AZ
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib