Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil

img

30-12-2025 [13:00]


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya rəsmi icazə olmadan Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin Əl-Mukalla limanına gedən iki gəmiyə hava hücumu təşkil edib.

Səudiyyə və BƏƏ illərdir eyni koalisiyada yer alsalar da, Yəmənə baxışları heç vaxt tam üst-üstə düşməyib. Ər-Riyad üçün əsas məqsəd öz sərhədlərinə təhlükə yaradan husiləri neytrallaşdırmaq və formal olaraq vahid, mərkəzləşdirilmiş Yəmən dövlətinin qorunmasıdır.

BƏƏ isə Yəməni daha çox geostrateji prizmadan görür. Belə ki, BƏƏ limanlar, dəniz yolları, cənub bölgəsində təsir imkanları və özünə loyal silahlı-siyasi struktur yaratmaq kimi məsələrə daha çox diqqət yetirir. Əslində bu fərqli yanaşma bir müddətdir koalisiya daxilində səssiz rəqabət yaradıb. Hesab edirəm, Əl-Mukalla insidenti də məhz bu kontekstdə baş verib.

İstisna deyil ki, Səudiyyə bu hücumla açıq mesaj verir. Yəni Yəmən ərazisində Riyadın razılığı olmadan aparılan hərbi oyunlar qəbul edilməyəcək. Bu, BƏƏ-yə yönəlmiş siyasi siqnaldır və koalisiyanın formal çərçivələrinin faktiki olaraq zəiflədiyini göstərir. Digər tərəfdən, BƏƏ üçün bu cür addımlar onun Yəməndə qurduğu təsir mexanizmlərinin risk altına düşməsi deməkdir və bu da qarşılıqlı etimadsızlığı daha da dərinləşdirir.

İki ölkə arasında birbaşa müharibə ehtimalı yoxdur. Riyad və Əbu-Dabi açıq qarşıdurmanın region üçün nə qədər təhlükəli olduğunu anlayırlar. Ancaq bu cür insidentlər göstərir ki, müttəfiqlik artıq şərti xarakter daşıyır və tərəflər eyni cəbhədə olsa belə, fərqli gündəmlərlə hərəkət edirlər. Yəmən isə bu rəqabətin əsas meydanına çevrilib.

Turan Rzayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA