“Caspian International” Hospitalda "unikal" hadisə: həkimin pulu ələ keçirilib? - Açıqlama (YENİLƏNİB)

img

21-11-2025 [15:18]


“Caspian International Hospital” əvvəllər orada çalışan tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.

Klinikadan “Qafqazinfo”ya bildirilib ki, sözügedən iddialar əsassızdır.

“Aytən Fəxrəddin qızı Səfərova klinikamızda fasilələrlə uzun müddət çalışıb. Lakin onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu, sonsuzluğun müalicəsində effektivliyin azaldığı nəzərə alınaraq 2024-cü il dekabrın 11-də əmək müqaviləsinə xitam verilib. A. Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib, nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Analitik Tibbi Ekspertizaya həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub”, - açıqlamada vurğulanıb.

Həmçinin qeyd edilib ki, A. Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11 000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib: “Vəkil məsələnin aydınlaşdırılması üçün klinikaya dəvət olunsa da, görüşdən imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır”.

***

“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat vermişdik.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işinin yeni təfərrüatları məlum olub.

Belə ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqısının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.

Məlumata görə, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova “Caspian International” Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Lakin bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdalaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA