Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)

img

11-11-2025 [18:10]


Bu gün Gəncədən Türkiyəyə yola çıxan qardaş ölkəyə məxsus Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsində 20 hərbçi olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb: "Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir". 

***

Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

"Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

***

Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunur/Report.

***

Xəbər verdiyimiz kimi, Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Mia.az xəbər verir ki, bu barədə ilk məlumatı Türkiyə MN və ölkə başçısı Ərdoğan toplantıda açıqlayıb.

Ərdoğan qəzada həlak olan hərbçilərin olduğunu deyib.

Hazırda Türkiyə və Gürcüstandan olan qruplar koordinasiyalı şəkildə axtarış-xilasetmə işləri həyata keçirirlər.

Hadisənin başvermə anının yeni görüntülərini təqdim edirik:

 



Digər xəbərlər
SON XƏBƏRLƏR
22:34 10.11.2025

Ət ucuzlaşıb? - VİDEO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA