Yadplanetlilərə meydan oxuyan media əhlimiz… - Təbriz VƏFALI YAZIR

img

10-06-2025 [00:11]


Təbriz VƏFALI,

Azərbaycan İnformasiya Mərkəzinin direktoru

***

Son illərdə Azərbaycan mediası özünəməxsus dəsti-xətti və yaydığı informasiyaları ilə digər ölkələrin mətbuat orqanlarından kəskin şəkildə fərqlənərək dünya ictimaiyyətini heyrətə salıb. 

Əksər media nümayəndələrimiz isə nümayiş etdirdikləri mövqe, etik və peşə davranışları, həmçinin yoxdan var yaratmaları ilə əcnəbi jurnalistlərə örnək olmaqla bərabər onları çaya susuz aparıb susuz gətirməyi məharətlə bacarırlar. Çünki əksər saytlarımızın və internet portallarımızın hazırladığı xəbərlərin analoqunu xarici KİV-lər və onların əməkdaşları ömürləri boyunca hazırlaya bilməzlər. Ona görə ki, bu, böyük risk deməkdir və bunun üçün bacarıq, qabiliyyət və cəsarət tələb olunur. 

Məsələn, bizim media əhlindən fərqli olaraq əcnəbi jurnalistlərin ucqar kəndin bələdiyyə sədrinin müavinin qayınanasının rəhmətə getməsi ilə bağlı manşetlik xəbər hazırlamağa və yaymağa hünərləri çatmaz. Yaxud, xarici KİV-lərdə bizim şir ürəyi yemiş jurnalistlərdəki operativlik, prinsipiallıq və peşəkarlıq yoxdur ki, tanınmış müğənninin hamamda çılpaq çimməsi və ya məşhur modelin qırmızı rəngdə alt paltarı geyinməsi barədə xəbər yayımlasın. Əcnəbi jurnalistlərdə bizimkilərdəki qorxmazlıq hardadır ki götürüb yazsınlar, filan psixoloq əriylə yataqda fantaziya yaşamaq üçün paltarlarını soyunaraq lüt-üryan, anadangəlmə olur. Yaxud, tanınmış aktrisa siqareti çəkib kötüyünü yerə atdı, filan müğənninin qarnı şişib, hamilədir, məşhur filankəs tezliklə uşaq doğacaq və sair və ilaxır.

Bizimkilərə baxmayın, ey. Xarici KİV-lərin əməkdaşları reklam mətnlərinin, dövlət və özəl qurumların göndərdikləri press-relizlərin altına imza qoya bilməzlər. Onlar bizim jurnalistlərimiz kimi cəsarətli addımlar ata bilmirlər, axı.

Əcnəbi jurnalistlərdə hardadır bizimkilərdəki fərasət ki, rus, türk və ingilis dillərindən materialları internet tərcümə proqramı vasitəsilə tərcümə edərək onları özlərinin beyin məhsulu və özəl xəbər kimi ictimaiyyətə sırısınlar.

Xarici media əhli bizimkilər kimi fəhmli, fərasətli deyillər, ey, əfəldirlər, avamdırlar. Çünki onar bizim əksər jurnalistlərimiz kimi özlərini tədbirlərə zorla soxuşdurmağı, həmçinin yeyib-içmək məclislərinə dəvət almaq, eləcə də bölgələrə təşkil olunan səfərlərə qatılmaq üçün ölüm-dirim savaşı, amansız mübarizə aparmağı bacarmırlar. Dünyadan bixəbər əcnəbi jurnalistlər bizim media əhlimiz kimi fəxri ad, medal, mükafat almaq üçün min dərədən su gətirməyi hardan biləcəklər, axı?!

Əlqərəz, inanıram ki, dağı-daşı dələn cümlələrin yazıldığı qılıncdan kəsərli qələmləri ilə hətta yadplanetlilərə belə meydan oxuyan media əhlimizin dünya şöhrəti artdıqca, beynəlxalq aləmdə söz sahibi, qələm sahibi, özəl xəbər sahibi kimi qüdrətləndikcə, gücləndikcə hazırda dünyanın ən məşhur 10 xəbər kanalı sırasında yer alan Böyük Britaniyanın “BBC News”un və “Sky News”un, ABŞ-ın “FOX News”un, “CNN”in və “MSNBC”in,  Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə”nin, Qətərin “Əl-Cəzirə”nin, Fransanın “Auro News”un, Hindistanın “BAT İndia”nın və Pakistanın “Geographical News”un əməkdaşlarının Azərbaycanın media təcrübəsini öyrənməyə hava, su və çörək qədər ehtiyacları yaranacaq. 

Sonra demədi, deməyin...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb