"6-cı mərtəbə"yə "yerləşən" məmurların büdcəyə "yol açdıqları" övlad və qardaşları... - Kimlər 35 milyonluq layihədə yer alıb?

img

17-04-2025 [09:26]


Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib.

Tikən şirkət isə "6-cı mərtəbə" Müstəqil Şirkətidir. Bu gün videolar yayılıb ki, yağışdan təzə tikilən evlər damıb. Evlərin tavanı sanki aşsüzənə dönüb.

Bəs kimdir bu "6-cı mərtəbə"nin arxasında duran?

Bir dəfə yazmışdım ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.

Deməli, bu "6-cı mərtəbə" Müstəqil Şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur. Ataş Təhməzli dönərin içində at və eşşək əti axtaran Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır. O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur. "6-cı mərtəbə"nin hələ 5-ci mərtəbəsi də var. Yəni "kruq" genişdir, 35 milyonluq tenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır.

Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır.

Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub. Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində - "VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ" MÜƏSSİSƏSİNDƏ də qanuni direktor kimi qeyd olunur.

Şahbaz Təhməzli "6-cı mərtəbə"nin sahibi Ataş Təhməzlinin oğludur.

Sizə ortağın, yəni Şahin Vəliyev İsrafil oğlunun da kimliyi maraqlıdırsa deyim; o, hamımızın yaxşı tanıdığımız oliqarx deputat, "Kristal Abşeron"un sahibi Ağalar Vəliyevin qardaşıdır.

Cavanşir HƏSƏNLİ,

Araşdırmaçı jurnalist

P.S. Yazı müəllifin Feysbuk-dakı səhifəsindən götürülüb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR