Ramiz Mehdiyev narkobiznesdən danışdı

img

23-06-2014 [16:06]


İyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilib.

AzerTac xəbər verir ki, 61 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşün açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç çıxış ediblər.

Görüşdə əsas müzakirə mövzuları narkotiklərin doğurduğu qlobal təhlükə ilə mübarizə və transmilli cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan istifadənin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq olub.

Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq edib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda qlobal səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli meyillər qeyd olunub. Xüsusilə vurğulanıb ki, hərbi münaqişə zonalarında və "boz zonalar” adlanan – milli və beynəlxalq nəzarətin həyata keçirilmədiyi ərazilərdə narkotik istehsalının genişləndirilməsi narkobiznesin və beynəlxalq terrorçuluğun çiçəklənməsi üçün əlavə əlverişli şərait yaradır.

Qeyd olunub ki, belə "boz zonalar”dan biri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində və ona bitişik yeddi rayonda yaranıb. Bunun nəticəsində Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə güclü narkotik axını həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov,Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçiriblər.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan ilə Tatarıstan Respublikası arasında sıx dostluq münasibətlərinin olduğu vurğulanmışdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə bağlı dəvətini Prezident Minnixanova təqdim edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA