Gəncə Xəstəxanasında mənimsəmə - Palata nələri üzə çıxarıb?

img

28-02-2024 [14:52]


Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkar edilib.

Mia.az Palataya istinadla xəbər verir ki, audit dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Məlum olub ki, 2021-2022-ci illərdə və 2023-cü ilin 9 ayında müxtəlif mənbələr hesabına Xəstəxananın gəlirləri müvafiq olaraq 39 162,1 min manat, 47 120,2 min manat və 37 224,7 min manat, xərcləri isə bu gəlirlərin müvafiq olaraq 96,9 %, 102,2 % və 90,5 %-ni təşkil edib, Xəstəxanaya 16621,6 min manat dəyərində tibbi sərfiyyat əvəzsiz verilib.

Xəstəxana 2023-cü ildə 10 xəstəxana, 1 mərkəz, 11 poliklinika, 1 ailə sağlamlıq mərkəzi, eləcə də təcili tibbi yardım stansiyası və avtomaşınlar qarajını əhatə edib, islahatlar nəticəsində A. Səhhət adına və Z. Məmmədov adına xəstəxanaların şöbələri ayrıca xəstəxana kimi smetada təsdiq olunsa da, tibbi xidmətin göstərilməsinə dair hesabatlılıq hər biri üzrə aparılmayıb ki, bu da həmin tibb müəssisələri üzrə müstəqil şəkildə təhlillərin həyata keçirilməsinə imkan verməyib.

Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyindəki bir neçə müəssisənin Xəstəxananın əhatəsinə daxil edilməməsi ştat və çarpayı sayının azalmasına səbəb olub, çarpayı sayının azalması daha sürətli olub. Belə ki, icbari tibbi sığorta sisteminə keçidlə bağlı çarpayı sayı 2020-ci ildəki 1 160-dan 981 vahidə düşüb və auditin əhatə etdiyi illərdə sabit qalıb, ştat sayında isə 2021-ci ildə əvvəlki ilin 3933 vahid göstərici ilə müqayisədə müşahidə edilən azalma (243 vahid), 2022-2023-cü illərdə artımla əvəzlənib, ştat sayı isə müvafiq olaraq 3715 və 3723 vahid təşkil edib. Başqa sözlə, icbari tibbi sığortanın tətbiqi ilə çarpayı sayının sabit qalması fonunda, ştat sayında az da olsa, artım baş verib, bu artım kadr potensialının idarə olunmasının funksional fəaliyyətə uyğunlaşdırmadan qeyri-tibb heyəti hesabına formalaşdırılıb.

Qeyri-tibb heyətinin payı ümumilikdə ştat cədvəli üzrə yuxarı olub, 2019-cu ildə 11,3 % və 2020-ci ildə 11 %-dən 2023-cü ildə 35,2 %-ə çatıb. Ümumiyyətlə, inzibati və maliyyə idarəetməsi ilə bağlı ştat sayı 2021-2023-cü illərdə artaraq 637 vahiddən 665 vahidə çatıb, cəmi ştat sayında xüsusi çəkisi 17,1 %-dən 17,9 %-ə yüksəlib.

Xəstəxananın sair heyət üzrə vakant yerlərin tutulmasına üstünlük verməsi, eləcə də tibbi xidmətlərin göstərilməsi üzrə bağladığı əməkdaşlıq müqaviləsi diqqətə alınmaqla ştat sayının və strukturunun optimallaşdırılmaması bu kateqoriyadan olan işçilərin xüsusi çəkisinin artımını şərtləndirən əsas amillərdən olub, göstərilənlər, son nəticədə, dövlət vəsaitlərinin nəticəli və səmərəli istifadə imkanlarını məhdudlaşdırıb.

Xəstəxananın tabeliyində olan tibb müəssisələrində sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən tibb işçiləri praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olub, 47 həkimin sertifikatının bitmə müddəti bir ay – iki il arası olub.

Dövlət əmlakının istifadəyə verilməsi hüquqi aktlarda müəyyən edilmiş prosedurlar pozulmaqla həyata keçirilmiş, bağlanılmış icarə və əməkdaşlıq müqavilələrinin tələblərinə əməl olunmayıb, səhiyyə sistemində aparılan islahatlar çərçivəsində əmlak üzərində mülkiyyət hüququnun dəqiqləşdirilməsi həyata keçirilməyib. Qeyd olunanlar icbari tibbi sığorta fondunun vəsaitlərinə əlavə tələbat yaradıb, gəlir əldə etmək imkanlarını və dövlət əmlakının funksional fəaliyyətin icrasında istifadə imkanlarını məhdudlaşdırıb.

Qüvvədə olan hüquqi aktların tələblərinə əsasən tibb müəssisələrini pulsuz dərman resepti blankları ilə Səhiyyə Nazirliyi təmin etsə də, Xəstəxana müqavilələr bağlamaqla blanklar alıb, bir sıra hüquqi aktların uzun illər əvvəl təsdiq edilməsi fonunda müasir tələblərin, qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normaların ağırlıq dərəcəsindən asılı olmayaraq eyni dozada müəyyən olunması əhali sağlamlığının qorunması istiqamətində riskləri formalaşdırıb, eləcə də ərzaq təchizatı üzrə normalara əməl edilməməsi vəsait üzrə artıq icraya səbəb olub.

Audit zamanı Xəstəxananın tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində 2023-cü ilin 4 dekabr tarixində 33 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 14 nəfər, 15 dekabr tarixində 30 nəfər xəstə stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfər olub, stasionar müalicədə olan vərəmli xəstələrin xəstəxananı tərk etmələri ilə bağlı şöbənin müdirinin müvafiq razılığı olmayıb.

Ümumilikdə auditin əhatə etdiyi illərdə Xidmətlər Zərfinə daxil olmayan digər xidmətlərin göstərilməsi, müvafiq arayışların verilməsi ilə bağlı fiziki şəxslərdən əldə edilən gəlirlər artım dinamikasına malik olub, 2021-ci ildə bu istiqamətdə 175,1 min manat, 2022-ci ildə isə həmin illə müqayisədə 2 dəfə, 2023-cü ilin 9 ayında 2021-ci ilin göstəricindən 2,8 dəfə, 2022-ci ilin göstəricindən 1,4 dəfə çox vəsait daxil olub. Xəstəxananın müxtəlif mənbələrdən formalaşan daxilolmalarının artımı fonunda bu gəlirlər daha sürətli tempə malik olub, nəticədə pay göstəricisi yüksəlib.

Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Xəstəxana arasında bağlanılmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. Belə ki, auditin əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq Agentlik tərəfindən 2-3 ay da əlavə olmaqla ekspertizadan keçirilib, hər ilin son 2 ayı üzrə göstərilmiş xidmətlər barədə məlumatın təqdim edilməsi, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib.

Auditin əhatə etdiyi hər bir dövr üzrə imtina hallarının cəmi sayda xüsusi çəkisi azalma tempinə malik olub, ekspertizadan keçmiş xidmətlər isə 2022-ci ildə əvvəlki ilə nisbətdə say ifadəsində 2,1 dəfə, məbləğ ifadəsində isə 1,7 dəfə çoxalıb. Auditin əhatə etdiyi dövr üzrə 1 vahid xidmətə düşən dəyər azalma meylli olub ki, bu da bir daha göstərilən gəlirlərin daha çox kəmiyyət baxımından say vasitəsilə artırıldığını qeyd etmək imkanı verir. Auditin əhatə etdiyi dövr üzrə ən yüksək dəyərli xidmət cərrahi stasionar, ən aşağı dəyərli xidmət ambulator xidmət üzrə olmuş, bunun müqabilində ambulator xidmətlərin sayı daha çox olub.

Maliyyə axınlarının sığorta sisteminin prinsiplərinə və hüquqi aktların tələblərinə uyğun şəkildə idarə olunmaması sığorta sisteminin dayanıqlılığına təsir edən əsas riskləri formalaşdırıb. Belə ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə hüquqi aktların tələblərinə zidd olaraq vəsaitin tamamilə və ilkin tibbi-sanitariya yardımı üzrə isə nəzərdə tutulmuş qaydada ödənilməməsi Xəstəxananın maliyyə imkanlarının məhdudlaşmasına səbəb olub.

Gəncə əhalisinin sayı nəzərə alınmaqla aparılmış hesablamalar ilkin tibbi-sanitariya yardımı üzrə vəsaitin məbləğinin 4 500-5 000 manat təşkil edə biləcəyini, həmçinin Xidmətlər Zərfi çərçivəsində göstərilmiş və ekspertizadan keçmiş xidmətlərin dəyərinin Xəstəxanaya tam ödənilmədiyini diqqətə alsaq, Xəstəxananın maliyyə dayanıqlılığının təmin edilməsində məhdudiyyətlərin olduğunu vurğulamaq olar.

İcbari tibbi sığorta fondunun vəsaitlərinin istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin Agentlik tərəfindən zəif tətbiq edilməsi Xidmətlər Zərfinə daxil olmayan xidmətlər üzrə 948,7 min ödəniş aparılması ilə nəticələnib.

Əməyin ödənişində VTC ilə bağlı payın azalması ilə müşahidə edilən müsbət meyl fonunda tibbi xidmərin göstərilməsinə dair ödəmələrin həyata keçirilməsində məhdudiyyətlər və işin nəticələrinə görə ödənilən həvəsləndirici əlavələrin görülən işin dəyərindən kəskin az olması “xidmət-gəlir” uzlaşmasının tam təmin edilmədiyini, eləcə də keyfiyyətli tibbi xidmətlərin göstərilməsi ilə bağlı əməyin stimullaşdırılması alətlərinin düzgün tətbiq olunmadığını vurğulamaq imkanı verir.

Auditin əhatə etdiyi dövrdə Xəstəxanaya digər tibb müəssisələrindən göndərişlər əsasında xəstə müraciətləri olub. Həmin müraciətlər əsasında 10 489 xəstəyə 25 458 növdə göstərilmiş xidmətin 1 476 062,4 manat dəyəri Xəstəxanaya ödənilib, baxılan dövrdə müraciətlərin sayı artmış, 2023-cü ilin auditlə tam əhatə olunmadığını nəzərə alsaq bu meyilin davam edəcəyini diqqətə çatdırmaq olar.

Audit sübutları ümumilikdə müraciətlərin sayının daha çox olduğunu göstərir. Belə ki, seçmə qaydasında 2023-cü ilin iyun ayı üzrə ümumilikdə 16 925 müraciətin yalnız 9-u ilə bağlı vəsait ödənildiyini göstərir. Göndəriş kimi sistemə daxil edilmiş bu müraciətlərin ümumi dəyəri 56 997 manat təşkil etmiş, ödənilməsindən imtina olunmuş 16 916 halın 15 293-də həkim göstərişi olmadan icra edilmiş laboratoriya müayinəsi, 982-də Xidmətlər Zərfinin tələblərinə uyğun olmayan xidmət olması və 470-də təsdiq edilmiş nəticənin olmaması səbəb olaraq göstərilib.

Eləcə də, Xəstəxanaya müraciət etmiş vətəndaşlar bəzi hallarda müayinə və müalicənin mümkün olmaması səbəbindən digər tibb müəssisələrinə göndərilib. Ümumilikdə baxılan dövrdə 7 813 halda dövlət, 18 285 halda qeyri-dövlət tibbi müəssisələrinə göndəriş verilmiş, 2021-ci illə müqayisədə hər iki halda artım meyili müşahidə olunub.

Digər tibb müəssisələrinə göndərişlərin 50 %-dən çoxu 3 istiqamət üzrə formalaşıb. 5 189 halda həkim radioloq, 4 437 halda həkim invaziv-radioloq və 3 984 halda həkim oftalmoloq xidmətləri üçün dövlət və qeyri-dövlət tibb müəssisələrinə göndəriş verilib.

Xəstəxanaya daxil olmuş göndərişlərin təhlili də göstərir ki, ümumilikdə dəyəri ödənilmiş 25 458 xidmətin 8 192-si və yaxud 32,2 %-i radiologiya ilə bağlı olub. Tabeliyində Oftalmologiya xəstəxanasının fəaliyyət göstərdiyini, eləcə də Xəstəxananın radiologiya ilə bağlı xidmətlər təqdim etdiyini diqqətə alsaq bu iki istiqamətin kadr potensialının və maddi-texniki təminatının gücləndirilməsinin əlavə gəlir əldə etmək imkanlarının genişləndirilməsinə və əhaliyə daha çeşidli xidmətlər göstərilməsinə şərait yaradacağını qeyd etmək olar.

Tibbi xidmətlərə dair hesabat məlumatlarının üzləşdirilməməsi və dəqiqləşdirilməməsi tibbi müəssisələri və tibbi xidmətlərə dair ölkə üzrə cari vəziyyət ilə bağlı məlumatların təhrif olunması risklərinə yol açıb.

Çarpayı sayının 2021-2022-ci illərdə sabit qalmaqla 2019-cu illə müqayisədə 15,1 % azaldılması fonunda qəbul edilən xəstələrin sayı 2021-ci ildə 9,4 %, 2022-ci ildə 4,6% azalıb, bu azalma fonunda isə çarpayı günlərinin sayı və 1 çarpayının orta işləmə müddəti 2021-ci ildə müvafiq olaraq 47,5 % və 54,3 %, 2022-ci ildə isə 38,5 % və 46,2 % azalıb. 2021-ci illə müqayisədə 2022-ci ildə xəstə sayında 5,3 % artım müşahidə edilsə də, digər iki göstərici üzrə 12,9 % və 12,5 % azalma olub. Bu meyilin bir tərəfdən xidmətlərin dəyərinin ödənilməsi istiqamətində atılan addımların müsbət təsiri altında formalaşdığını vurğulamaq imkanı versə də, aparılmış nəzarət tədbirlərinin nəticələri ilə sübut olunduğu kimi, səhiyyə xidmətlərinin statistikasının təşkili ilə bağlı bir sıra mənfi amillərin təsiri də az olmayıb.

Dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnib ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırıb.

Toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtlərinin bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin etdiyi aşkar edilib. Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməyib, Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlərin tələbnamə əsasında götürdüyü narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.

Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilmiş, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmayıb, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyən edilib. Eləcə də, 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilib.

Toplanmış audit sübutları Xəstəxananın tabeliyində fəaliyyət göstərən Stomatoloji poliklinika bölməsi üzrə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri siyahısına daxil olan dişlərin müalicəsi üzrə artıq vəsaitin alınması, həmçinin bəzi hallarda ümumiyyətlə vəsait alınmasının rəsmiləşdirilmədiyini göstərir. 2021-ci il ərzində 6880 müraciət üzrə bu xidmət göstərilsə də, il ərzində vəsait daxil olmayıb, yalnız ilin sonunda 1,2 min manat məbləğ birdəfəlik qaydada kassaya ödənilib. Eləcə də, Xəstəxana tibbi arayışların verilməsi ilə bağlı ödənişlərin alınması və rəsmiləşdirilməsində də nöqsanlara yol verib, Xəstəxana yerinə yetirdiyi halda, bəzi hallarda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərə görə vəsait daxil olmayıb.

Auditlə əhatə olunmuş illərdə 51 satınalma keçirilib, ümumilikdə baş tutmuş satınalmalar çərçivəsində 7 708 min manat dəyərində müqavilə bağlanılıb və 3581,8 min manat vəsait icra edilib. Keçirilmiş satınalmaların yalnız 7,8%-i birmənbədən satınalma metoduna aid olub, əsasən müsabiqəli metodlara üstünlük verilib. Xəstəxananın satınalma planları müəyyən edilmiş müddətdə hazırlanaraq müvafiq qaydada internet səhifəsində yerləşdirilsə də, planlar hüquqi aktların tələblərinə uyğun tərtib edilməyib eləcə də, icra prosesində həmin planlara riayət edilməyib.

Auditin əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmayıb, Xəstəxananın 2021-ci ildə keçirdiyi satınalmaların hamısı, 2022-ci ildə 65,5 %-i dördüncü rübə aid olub.

Tender komissiyası üzvlərinin tərkibi və say ilə bağlı tələblərə əməl olunsa da, komissiyanın fəaliyyətində nöqsanlara yol verilib, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda müsabiqəli şərtlərə məhdudlaşdırıcı təsirə malik olub, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alınması satınalmaların baş tutması ilə nəticələnib. Bəzi hallarda rəqabətlilik prinsipi məhdudlaşdırılmış, müəyyən edilmiş tələblər iddiaçılara proseduralarda iştirakla bağlı ədalətli yanaşmanın tətbiqində risklərə yol açıb.

Bağlanılmış müqavilələr hüquq aktların tələbinə uyğun tərtib edilsə də, bəzi xidmətlərin alınması çərçivəsində faktiki tələbatdan daha çox xidmət göstərilməsinin rəsmiləşdirilməsi səbəbindən artıq vəsait icra edildiyi, bəzi hallarda cərimələrin hesablanılmadığı və alınmadığı müəyyən olunub.

Xəstəxana mühasibat uçotunu “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesablar planına uyğun aparsa da, maliyyə hesabatları “İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesabat formalarına uyğun hazırlanıb, bununla yanaşı hesabatların hazırlanması zamanı bəzi informasiyalar hesabata daxil edilməmiş, bəzi hallarda isə düzgün daxil edilməyib.

Bəzi hallarda mövcud aktivlərin dəyərinin mühasibat uçotunda tanınmaması, bir sıra hallarda isə amortizasiya məbləğlərinin düzgün hesablanılmaması son nəticədə maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələrinə dair hesabat göstəricilərinin təhrifi ilə nəticələnərək aktivlərin dəyərinin müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.

Gəlirlərin tanınması və hesabat dövrünün sonunda müvəqqəti hesabların bağlanması ilə bağlı əməliyyatların mühasibat uçotunda qeydə alınması prosesində uyğunsuzluqlara yol verildiyi müəyyən edilib, gəlirlərin az məbləğdə tanınması 2021-ci ilin başa çatan hesabat dövrü üzrə 184,2 min manat ümumi zərər yarandığı halda, Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda ümumi zərər 19 384,9 min manat çox, 2022-ci ildə isə 1 809,4 min manat ümumi mənfəət yarandığı halda, Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda zərər göstərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR