"Nazir Ramil Usubovun mənə dediyi kimi,.." - sabiq polis rəisinə sərt cavab

img

21-06-2014 [00:51]


Bakının Səbayel və Binəqədi rayonlarının keçmiş polis rəisi Nazim Nağıyev Moderator.az saytına müsahibə verib. O, müsahibədə 2003-cü ilin oktyabr hadisələrindən danışıb və müxalifəti, xüsusilə də Müsavat Partiyasını ittiham edib. Sabiq rəis 2003-cü ilin 15 oktyabr gecəsi iolə bağlı da danışıb. Deyib ki, prezident seçkilərindən sonra Müsavatın bir sıra planları olub: "Guya ki, bunlar hakimiyyəti artıq ələ alıblar, sabahısı hamımıza divan tutacaqlar, bir sözlə, cəfəngiyat danışırdılar. 15 oktyabr gecəsində bunların planları ilə bağlı bizdə çox dəqiq məlumatlar vardı, niyyətləri belə idi ki, oturaq mitinq keçirsinlər, həmin mitinq də şişib gedib "Domsovet”in qabağınadək çatsın. Amma biz bilirdik ki, onların buna gücü çatmayacaq, çünki hay-küy qoparsalar da, cəmiyyətin onlara münasibətindən xəbərdar idik ki, əksəriyyət onları qəbul etmir.

 Elə həmin gecə də Müsavatın qabağına uzağı 400-500 adam toplaşmışdı. Bildirim ki, onların təxribat planlarından məlumatlı olduğumuzdan tərəfimizdən çox ciddi tədbirlər görülmüşdü. Baxmayaraq ki, seçki günü olduğundan bütün polis qüvvələri seçki məntəqələrində ictimai asayişin mühafizəsini təmin etmək üçün səfərbər edilmişdi, ancaq biz onların bu təxribatının qarşısını da almağa qadir idik”.


Arif Hacılı: "Xalqa qarşı zorakılıqlarda iştirak etmiş hər bir şəxs qanun və xalq qarşısında cavab verəcək” 


Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə R.Nağıyevin Müsavatın planları ilə bağlı dediklərini cəfəngiyat hesab edir. O, musavat.com-a açıqlamasında bildirib ki, Müsavatın planlarından xəbərdar olmaqla bağlı öyünmək yersizdir: "Çünki Müsavat Partiyası şəffaf, aşkar fəaliyyət göstərən bir təşkilatdır. 2003-cü ildə prezident seçkiləri dövründə də bizim seçkilərlə bağlı planlarımız hər kəsə məlum idi. Qabaqcadan bəyan etmişdik ki, əgər seçkilərin nəticələri hakimiyyət dairələri tərəfindən saxtalaşdırılacaqsa, biz Azərbaycan cəmiyyətinin bu saxtakarlığa qarşı müqavimətini təşkil etməyə çalışacağıq. Biz buna nail də olmuşduq. 

Azərbaycan cəmiyyəti çox ciddi şəkildə seçki saxtakarlığına etiraz edirdi. Azərbaycan tarixində ilk dəfə belə bir hadisə baş verdi ki, seçici siyahılarında adı olmayan minlərlə adam məhkəmələrin qarşısında öz seçici hüquqlarının bərpa olunmasını üçün böyük növbələr yaratmışdılar. Azərbaycan cəmiyyəti dəyişiklik istəyirdi və vətəndaşlar bu dəyişiklik uğrunda fədakar mübarizəyə də hazır idilər. İstər ayın 15-də, istər 16-da təşkil olunan kütləvi aksiyalarda vətəndaşlar öz iradələrini nümayiş etdirdilər.

 Hakimiyyət tərəfindən nümayişçilər arasına bəzi təxribatçılar salınmışdı, onlar bəzi dağıntılar törətməklə hakimiyyətə öz zorakı addımlarını atmağa bəhanə verdilər. Ancaq hesab etmirəm ki, müxalifətin, Müsavatın təşkil etdiyi aksiyalara qarşı yalnız bu təxribatlara görə zorakılıqdan istifadə olundu. Əslində hələ oktyabrın 15-də seçkilər başa çatmamış bir sıra silahlı qüvvələr seçki məntəqələrini, Müsavat Partiyasının qərargahını mühasirəyə almışdı. Seçki günü hələ seçki prosesi yekunlaşmamış, Müsavat Partiyasının qərargahı ətrafına zirehli texnika gətirilmişdi. 

Bu hadisələrdən sonra bizim görüşümüzdə daxili işlər naziri Ramil Usubovun mənə dediyi kimi, bütün Azərbaycan Bakıya, bütün Bakı isə Azadlıq meydanına axışırdı. Sadəcə polis qüvvələri prosesə zorakı müdaxilə etdilər, bunun da nəticəsində bir nəfər öldü, həmçinin xalqın öz iradəsinin nümayişinə imkan verilmədi. Beynəlxalq birliyə, dünya güclərinə ölkədə islahatlar keçirməyi vəd etmiş İlham Əliyev faktiki olaraq həm Türkiyənin, həm Rusiyanın, həm Qərbin dəstəyini almışdı və Bakıda törədiləcək zorakılıqlara həm də Qərbin göz yummasına qarantiya almışdı. Bakı şəhərində cəmiyyətə qarşı, insanlara qarşı 20 yanvar və 31 mart hadisəsi istisna olmaqla 15-16 oktyabr tarixlərində göstərilən səviyyədə başqa vəhşilik heç vaxt törədilməyib." 

A.Hacılı bildirdi ki, xalqa qarşı amansız və zorakı davranışla qürur duymaq olmaz: "Ona görə Nazim Nağıyevin burada hansısa qəhrəmanlıqdan danışmağı əbəsdir. Əminəm ki, vaxt gələcək bu hadisələrdə vəhşilik törədənlər qanun qarşısında cavab verəcəklər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA