"Bizim üçün milli qurur və məsuliyyət məsələsidir" - Mehriban Əliyeva

img

17-06-2014 [16:04]


"Bizim üçün Avropa Oyunlarının təşkili milli qurur və məsuliyyət məsələsidir". Bunu Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" mükafatının təqdim edilməsi mərasimində çıxışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib

"Biz Azərbaycanda Olimpiya Akademiyasının Olimpiya dəyərlərinin qorunması, inkişafı və bütün dünyada paylaşılması işindəki nailiyyətlərini yüksək qiymətləndiririk. Biz birlikdə Azərbaycan gəncləri, eləcə də idmanla bağlı rəsmi şəxslər, Avropa gəncləri üçün təhsil proqramları hazırlamışıq. Biz "Bakı-2015” Təşkilat Komitəsinə dəstək göstərmək üçün birgə çalışırıq".

Birinci xanım bildirib ki, müstəqil ölkə kimi Azərbaycan Olimpiya Oyunlarında 20 ildən az müddətdir ki, iştirak edir və oyunlardan oyunlara daha da çox medallar qazanan idmançılarımızın uğurları bizi fərəhləndirir. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıblar ki, onlardan ikisi qızıl olub. "Azərbaycan Yay Olimpiya Oyunları iştirakçıları arasında medalların sayına görə 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutmuşdur. Biz, həmçinin idman infrastrukturunun inkişafına çoxlu sərmayə yatırırıq. Son 10 il ərzində ölkəmizdə 50-dən çox müasir olimpiya mərkəzi tikilib. İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi. Biz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinə minnətdarıq. Baxmayaraq ki, Olimpiya Oyunlarının vətəni Avropa sayılır, digər qitələrlə müqayisədə Avropa Oyunları əvvəllər heç vaxt keçirilməyib".

M.Əliyeva bildirib ki, 2015-ci il ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi, sizi əmin edə bilərəm ki, biz Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, idmançılar və nümayəndə heyətlərinin üzvləri, qonaqlar və yerli vətəndaşlar üçün mükəmməl şəraitin yaradılması istiqamətində əlimizdən gələni edəcəyik. "Əminəm ki, oyunlar dostluq və həmrəylik ab-havasında keçiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA