Aleksandr Qruşko Bakıda görüşlər keçirib - Açıqlamalar (Yenilənib)

img

22-12-2023 [18:49]


Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

***

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko azərbaycanlı həmkarı Araz Əzimovla regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Bakıya səfəri çərçivəsində A.Qruşkonu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəbul edib. Eləcə də, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

Görüşlər zamanı Cənubi Qafqazda və Avropanın təhlükəsizliyi sahəsində, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət müzakirə olunub. Eləcə də, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub: “Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizlik məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”(Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR