Əli Əliyev: “Mövcud istibdaddan qurtulmanın yolu yenə də siyasi mübarizədən keçir”

img

11-06-2014 [13:51]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünü "Facebook” səhifəsində yüksək məmur harınlığına və rəsmi statusdan sui-istifadəyə kəskin münasibət bildirib.
Ə.Əliyevin həmin yazısının təqdim edirik: "Bu gecə saat 1.58-də yuxudan gurultuya ayıldım. Bölgədə vəziyyətin qeyri-sabit olduğunu bildiyimdən, yarı-yuxulu vəziyyətdə ilk ağlıma gələn müharibə oldu. Yaşadığımız yer atəş yerindən çox aralı olmadığından və atəşlərin intensivliyi gurultunu çox vahiməli edirdi.

Yaylımın fişəng olduğunu fərq edənə qədər yarım dəqiqəyə yaxın vaxt keçdi. Təbii ki, ailə üzvlərim də, xüsusən uşaq çox qorxmuşdu. Atəşfəşanlığın yaratdığı səs dalğaları eşikdəki nəqliyyatın təhlükəsizlik mexanizmlərini işə salır, rezonansdan şüşələr silkələnirdi.

Saat 11-ə qədər baş vermiş gecə olayına ictimai reaksiyanı gözlədim. Təəssüf olsun ki, sanki bu hadisəni təkcə mən müşahidə etmişəm. Düzdür, hadisədən dərhal sonra fb-da bir neçə nəfər təəccübünü ifadə etmişdi. Lakin bunu yetərli görmürəm.
Nədən cəmiyyət öz hüquqlarına belə etinasızdır? Sanki bizlər bu ölkənin sahibi-vətəndaşı deyil, orta əsr kölələriyik.

Bunları yazmaqla özümü hamıdan ayırmaq fikrindən çox uzağam. Tutduğum siyasi-ictimai mövqeyə baxmayaraq, özümü ilkdə yaranmış vəziyyətə görə qınayır, bu duruma görə məsuliyyət daşıdığımın fərqindəyəm.

İndiki dəqiqəyə qədər gecədəki harınlığın və sayğısizlığın səbəb və səbəbkarlarından xəbərsizəm. Ola bilər kimlərsə hansısa sevincini bizə agah etmək istəyiblər bu cəngəllik üsulu ilə. Məlumatlı deyiləm. Anlamırlar ki, bu üslubda xəbərçilik, sevincin bölünməsindən çox əks, hamının dərhal fikrinə gələn reaksiyanı doğurur.

Eyni zamanda gecənin o vaxtı belə səs-küyə sərəncam hüququna malik olanların ranqını da anlayıram. Fərqi yoxdur, kimdir o şəxs və ya şəxslər qrupu. Bilinən odur ki, onlar hakimiyyət mənsublarıdır və onlar bizləri-vətəndaşları insan gözündə görmürlər. Əks halda onlar gecənin o çağında belə olaya yol verməzdilər.

Ərz etdiklərim ölkədə baş verənlərin məntiqi davamıdır. Təbii ki, hadisənin siyasi kökləri mövcuddur. Dünənki, hadisənin müəllifləri törətdiklərinin sərəncam hüququnu, maddi təminatının və toxunulmazlıq indulgensiyasını siyasi hakimiyyətə sahib olduqları üçün əldə ediblər. Onlar gözəl bilirlər ki, səlahiyyətləri onlara seçici verməyib. Bu ölkədə siyasi hakimiyyətin taleyini vətəndaş həll etmir. Məhz buna görədir ki, mövcud YAP iqtidarı vətəndaşlarımızın konstitusion hüquqlarını tanımaq istəmir, bizim ölkədə eyni işin icrasına görə əcnəbi vətəndaşımızdan dəfələrlə çox maaş alır, ictimai hüquqları müdafiə edənlər həbsə atılır, əzilir və s.

Mövcud istibdaddan qurtulmanın yolu yenə də siyasi mübarizədən keçir. Bunun alternativi yoxdur. Düzdür, hakimiyyət hər vəhclə bizi inamsızlığa sürükləyir. Lakin hər şeyin sonu olduğu kimi bu özbaşınalığın da sonu olacaq.
Mənə görə ötən 2 əsrin ən böyük həmvətənlərimizdən olan, haqlı olaraq millət atası ayamasının sahibi hacı Zeynalabdin Tağıyev özünə müəllim saydığı Axund Abuturab ağanın ayaqları tərəfdə dəfn olunmağı vəsiyyət etmişdir. Deyilənlərə görə Tağıyev Axunda sərvətlərinin daimiliyi haqda sual verərkən, Abuturab ağa hər nəyin Allaha məxsus olduğunu və bir anın içində ala bilmək iqtidarında olduğunu bildirib. Sovet hakimiyyəti qurulduqdan sonra hər imkanından məhrum edilmiş Tağıyev axundun dediklərini yada saldıqdan sonra dəfn vəsiyyətini etmişdir.

Belə nümunəsi olan millətin hakimiyyət nümayəndələrinin vətəndaşlarına hörmətsizlik edilməsi başa düşülmür. Tariximizdən çəkdiyim nümunənin kontekstində hər vəziyyətin dəyişəcək olduğunu yada salmaq istəyirəm. Millətə həqarət nümayiş etdirənləri bu ibrətamiz misaldan nəticə çıxarmağa çağırıram. Axund Abuturab ağanın ayağı altında dəfn olunmaq üçün daha yer yoxdur.

Hörmətli YAP rəsmiləri, Qarabağın azad edilməsi şərəfinə açılan yaylım atəşlərinə istənilən vaxt eşidilmək haqqı verilib. Təəssüf ki Sizlər bu işin öhdəsindən gələ bilmirsiniz. Ona görə də Vətəndaşlara sayğı ilə yanaşmağı unutmayın. Bu insanların əcdadlarının sahib olduğu torpaqda, sonra isə orada qurulan dövlətdə vəzifə tutur və səlahiyyətlər əldə etmisiniz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA