Müxalifətin yeni formatda birliyi yaradılır

img

11-06-2014 [11:34]


Müxalifət daxilində mahiyyətcə yeni bir qurumun yaranması prosesinin getməsi haqqında məlumat əldə etmişik. Müxalifətin əhəmiyyətli güclərini bir araya gətirə biləcək hərəkat xarakterində bir qurum ortaya çıxmağa hədəflənib. Doğrudur, bu təşkilatlanmanın xalq hərəkatının üstqurumu ola biləcəyi düşünülsə də, mətbuata onun adı hələlik başqa cür təqdim olunacaq. Amma bizdəki məlumat ondan ibarətdir ki, hazırda bu çalışmalar getməkdədir.


Orada müxalifətin çox önəmli isimləri rol almaqdadır. Görüşlər keçirilir, prinsiplər, hədəflər müəyyənləşdirilir, üzvlər seçilir. Bu dəfə siyasi təşkilat və qurum rəhbərləri ilə yanaşı, ölkədə tanınan fərdlərin də siyasətə cəlb olunması istiqamətində iş getməkdədir. Hədəf ondan ibarətdir ki, "bir fərd, bir partiya” prinsipi ilə ölkənin tanınmış simaları da yeni təşkilatlanmaya cəlb olunsun. Təxminən 2014-cü ilin sonları, 2015-ci ilin əvvəllərində böyük bir güc olaraq, narazı elektoratı və bütövlükdə müxalifətin elektoratını bir araya gətirmək mümkünləşsin.

Bu prosesin içərisində həm köhnə qvardiya müxalifətçilərin, həm də yeni nəslin olması haqda da bilgilər əldə etmişik. Məlumatı verən mənbə sadəcə bizdən xahiş edib ki, heç bir ad və heç bir istinad olunmasın. Sadəcə, ictimaiyyət bilsin ki, Azərbaycanın müxalifət düşərgəsində ciddi bir proses gedir və bu proses yaxın aylarda bir yeni üstqurum kimi ortaya çıxacaq. Mənbəmizdən sadəcə soruşduq ki, müxalifətin əsas təşkilatları olan Müsavat Partiyası və AXCP-nin bu yapılanmada birgə yer alması mümkün olacaqmı. Bu sualımız cavabsız qaldı. Yuxarıdakı məlumatları bizə verən mənbə xahiş etdi ki, bu suala cavab indiki anda verilsə, işin, gedişatın və mühüm bir prosesin xeyrinə olmaz. Bu sualın cavabı yeni təşkilat elan olunandan sonra ictimaiyyətə bəlli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA