"Onlar bizim evi gülləbaran etdilər..." - Vaqif Xaçatryan yenidən hakim qarşısına çıxarıldı (YENİLƏNİB)

img

25-10-2023 [12:29]


Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

Mia.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.

***

"Onlar bizim malımızı talayıb və bizi yurdumuzdan didərgin salıblar".

Bu fikirlə qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Elnarə Mehraliyevanın istintaqa ifadəsində qeyd edilib.

E.Mehraliyeva ifadəsində bildirib ki, Meşəli kəndi işğal ediləndə onun 10 yaşı olub: "Mən valideynlərim və qohumlarımdan eşitmişəm ki, ermənilər bizə qarşı vəhşilik ediblər və bizi qırıblar. Onlar bizim malımızı talayıb, bizi yurdumuzdan didərgin salıblar. Novruz kişi və onun qızını Xaçatryanın dəstəsi öldürdü".

Daha sonra məhkəmə prosesində bildirilib ki, 3 zərərçəkmiş şəxs üzürlü səbəbdən ifadə verməyəcəklərinə görə məhkəməyə teleqramla müraciət ediblər.

Onlar istintaqa verdikləri ifadəni təsdiq ediblər.

***

"Meşəlidə erməni quldurlarının hücumuna məruz qaldıq. Onlar bizim evi gülləbaran etdilər".

Bu fikirlər qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Firuzə Mehraliyevanın istintaqa ifadəsində qeyd edilib.

Zərərçəkmiş ifadəsində bildirib ki, kənddə maldarlıqla məşğul olub: "Həmin gün erməni quldurlarının hücumuna məruz qaldıq. Onlar bizim evi gülləbaran edəndə ailə üzvlərimizlə bərabər döşəmənin altında gizləndik. Onlar evimizə soxuldular. Ərimi yaralayıb, məni isə döydülər. Tofiq Hüseynovun dəstəsi gəlib bizi onların əlindən aldı. Nəzərinizə çatdırım ki, həmin ermənilər üzlərinə maska taxmışdılar. Ermənilər Allahverdi Novruzovu, anası Adilə və onun qızlarını öldürdülər, oğlu Baratı isə girov götürmüşdülər. Novruzun evinə hücum edənlər Armais, Ermes və Armen idi. Mən onları əvvəldən tanıyırdım, onlar Badara kəndində yaşayırdılar"(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 18.07.2025

DİM məlumat yayıb