ÖLÜM və HƏYAT (“Mənim düşüncələrim” silsiləsindən)
14-09-2023 [13:40]
Qalib ARİF
***
Yunan filosofu Epikur deyirdi ki, ölümdən qorxmaq qətiyyən lazım deyil. Çünki biz onunla heç zaman görüşmürük – biz olanda ölüm olmur, ölüm olanda biz… Amma o, haqlıdırmı?! Axı, biz həyatımız boyu ölümlə, demək olar ki, mütəmadi olaraq görüşürük.
Yaxın adamlarımızı – atamızı, anamızı, dostlarımızı itirməyimiz ölümlə görüş deyil, bəs nədir?!
Yaşından, başından və fəlsəfi anlayışından asılı olmayaraq, insanlar hamısı ölüm haqqında fikirləşir. Sadəcə olaraq, bunlar artdıqca, fikirlər də artır, bir qayda olaraq, daha müdrik, daha dərin olur. Dahi filosofların, böyük zəka sahiblərinin ölüm haqqında fikirləri təbii ki, daha maraqlıdır. Ölümü fəlsəfənin əsas ilhamvericisi hesab edən Sokrat onu nəvazişlə «qayğıkeş ölüm» adlandırmışdı. Onun fikrinə görə, ölüm olmasaydı, fəlsəfə də olmazdı. Biz isə əlavə edək ki, qiyamət, cənnət və cəhənnəm kimi anlayışlar da olmazdı. Bu anlayışların müəllifi, birmənalı olaraq demək olar ki, ölüm qorxusudur.
Qəribə və maraqlıdır ki, ölüm qorxusu qətiyyən şüurdan asılı deyil, ölümün nə olduğunu bilməyən heyvanlar, hətta həşəratlar ölümdən qorxur, var gücü ilə ondan qaçmağa çalışır. Bu hiss sanki bütün canlıların proqramında olur (yeri gəlmişkən, həyatın əmələ gəlməsi məsələsində materalist fikrin tərəfdarları, Çarlz Darvinin ideyaları bu fenomeni izah etmək qüdrətində deyil) və onlar doğulanda onu özlərilə yer üzünə gətirirlər. Bir az obyektiv olub hər şeyi öz adı ilə çağırsaq, ölüm qorxusu adlandırdığımız bu hiss bütün canlılara – bizim hamımıza xas olan və şairlərin sevə-sevə tərənnüm etdiyi həyat eşqinin «astar üzü»ndən başqa bir şey deyil.
Filosofların çoxu ölümü həyatdan şirin hesab edir, hətta bizim «Ölülər»in kefli İskəndəri kimi deyirlər ki, qəbirstanlığa gedib tabutların qapağını döysən, «dirilmək istəyirsənmi» sualı versən, hamısından yox cavabı eşidərsən. Əslində Sokratın «qayğıkeş ölüm»ü buna işarə idi, hətta fransız Volter, həyat aşiqi Volter boynuna alırdı və deyirdi: «Doğrudur, biz həyatı sevirik, çünki həyat çox şirindir, amma olsun ki, ölüm ondan da şirindir».
Şüura gəlincə, yuxarıda deyildiyi kimi, bu ali keyfiyyət nəinki həyat eşqinin mənbəyi deyil – şüursuz heyvanlar ölümdən bizdən az qorxmurlar, - hətta əksinə, ölüm qorxusuna qalib gəlməyə kömək edir. Sanki insanın beynində bütün şüurlu həyatı boyu şüurla ölüm qorxusu arasında mübarizə gedir, şüur qalib gələndə insan gözünü qırpmadan öz idealları uğrunda ölümə gedə bilir və hamının gözündə qəhrəmana çevrilir. Ölüm qorxusu qalib gələndə isə, mənəvi cəhətdən natamam insanlar (daha ağır ifadə işlətmək istəmirəm – Q.A) yaranır. Bu mübarizədə şüurun səviyyəsi insanın fiziki və mənəvi vəziyyətindən, hətta xəstə və ya sağlam olmasından asılı olaraq dəyişir və insanla bir doğulduğu kimi, bir yerdə də ölüb gedir. Amma insan şüurla bir yerdə ölmür, bəzən şüurun ölməsi (məsələn, şizofreniya, ruhi depressiyalar zamanı) həyat eşqinin, paralel olaraq, ölüm qorxusunun güclənməsi ilə müşahidə olunur. Deməli, alman filosofu Şopenhauer haqlıdır:
-Həyat eşqi – ölüm qorxusu insanın və ümumiyyətlə, bütün canlıların əsas mahiyyətini təşkil edir.
-Özlüyündə həyat eşqi ölüm qorxusu kimi şüursuzdur və kordur.
-Deməli, şüur əsas olsa da, insanın həyat eşqi və ölüm qorxusundan sonrakı mahiyyətidir.
-Şüur ölüm qorxusu ilə daim mübarizədədir və bizim mənliyimiz şüurun tərəfindədir.
Düşünürəm ki, ölüm qorxusu mübarizəsiz təslim olmur, bir qayda olaraq, insanın bütün varlığına hakim kəsilir və insan «ölümdən sonrakı həyat» sorağında cənnət – cəhənnəm axtarır. Nə qədər qəribə olsa da, insanı ondan əvvəlki həyatı ondan sonrakı həyatından qat-qat az maraqlandırır. Axı, elementar məntiqə görə, bizim üçün bizdən əvvəlki həyatımız bizdən sonrakı həyatımızdan az maraqlı olmamalıdır. Hazırda hətta elmi səviyyələrdə (!?) «ölümdən sonrakı həyat», «ruhlar»ın ölməzliyi haqqında ktablar yazılır, amma soruşan yoxdur ki, insanın ondan sonra ölməz olan ruhu ondan qabaq harada idi?! Axı, məndən qabaqkı mənsiz həyat anlayışı məndən sonrakı mənsiz həyat anlayışından az dəhşətli deyil, bizə qalan da bu iki sonsuzluq arasında bir göz qırpımı qədər qısa görünən həyat adlı andır. Bu nöqteyi nəzərdən, induslar və buddistlər haqlıdırlar, onlar öz dini nəzəriyyələrində insanın «ölümdən sonrakı həyatı»na uyğun olaraq, doğuluşdan əvvəlki – birinci həyatının olduğunu da qeyd edirlər. Amma sonrakı həyata oxşar olaraq əvvəlki həyatı da sonsuzluğa qədər uzatmaq olarmı?! – bu suala cavab verə bilmirlər. Əslində bu suallar bizim üçün eyni dərəcədə əhəmiyyətlidir və axırıncı suala cavab tapan, faktiki olaraq, birinci suala da cavab vermiş olardı.
Deməli, Epikur «Ölümdən qorxmaq qətiyyən lazım deyil, çünki biz onunla heç zaman görüşmürük – biz olanda ölüm olmur, ölüm olanda biz…» deyərkən kifayət qədər haqlı idi. Həyat eşqi – ölüm qorxusu fəlsəfi məsələdir və ona elə bu cür – fəlsəfi baxmaq lazımdır. Bizdən əvvəlki həyat bizi nə qədər maraqlandırırsa, bizdən sonrakı həyat da o qədər maraqlandırmalıdır. Bu nöqteyi-nəzərdən, ölümdən qorxmağa, onu şər hesab etməyə elə bir əsas yoxdur – biz nə vaxtsa olmamışıq və nə vaxtsa olmayacağıq. Vəssalam… Hətta «həmişə İmama yox, arabir Yezidə ağlasaq», məlum olur ki, ölümün yalnız şər yox, xeyir tərəfləri də var. Təsəvvür edin ki, ürək on illərlə döyünür, orqanizm dincəlmədən işləyir, sözün əsil mənasında, Sizif əziyyəti çəkir. Deməli, ürəyin birdən dayanması orqanizmə (yeri gəlmişkən, ürəyin energetikası da ölüm qorxusu kimi materialist nöqteyi-nəzərindən izahı olmayan bir möcüzədir), sözün əsil mənasında namuslu əməklə qazanılmış, bir rahatlıq, istirahət gətirərdi. Yəqin bu səbəbdəndir ki, ölümdən sonra əksər insanların üzündə bir təbəssüm, rahatlıq hissi olur. Doqrudur, insan gecələr yatır, dincəlir. Bu zaman ürəyin ritmi, beyinin işi, nəfəslərin sayı azalır, istiliyin ayrılması yavaşıyır. Hətta bəzi mütəxəssislər yuxunu ölümün kiçik maketi hesab edir, yuxuları isə cismi müvəqqəti tərk edən ruhların görüntüləri kimi qələmə verirlər. Qeyd etmək lazımdır ki, onlar müəyyən qədər haqlıdırlar. Axı, insan nə qədər çalışsa da, ayıqlıqdan yuxuya keçdiyi anı tuta bilmədiyi kimi, yəqin ki, həyatdan ölümə keçdiyi anı da tuta bilmir. Bu nöqteyi nəzərdən, ölüm yuxu kimi bir şeydir və deməli, təsəvvür olunduğu qədər də dəhşətli deyil. Sadəcə olaraq, insan bu yuxudan bir daha ayılmır və sonsuzluğa qədər yatır. Sonsuzluğu isə (istər zamanın, istərsə də məkanın) insan dərk etmək iqtidarında deyil. İnsan şüurunun ölüm qorxusuna həmişə qalib gələ bilməməsinin əsas səbəblərindən biri də budur – sonsuz yuxunun dərk olunmamasıdır.
Beləliklə, bütün canlıların bu qədər qorxduğuna, hətta ölüm qorxusu (oxu: həyat eşqi) ilə doğulduğuna baxmayaraq, ölüm birmənalı olaraq şər – «arzuolunmaz qonaq» deyil və təsəvvür edildiyi qədər qorxulu da deyil. Amma qəribə və maraqlıdır ki, canlı bu qədər asan və həvəslə gəldiyi, əzab və əziyyətlərlə dolu dünyanı bu qədər könülsüz və əzabla tərk edir.Axı, həyatdan fərqli olaraq, ölüm ağrılı deyil və əziyyət vermir. Bu nöqteyi-nəzərdən onu xeyir və «arzuolunan qonaq» da hesab etmək olar. Burada ölümün ikili mahiyyəti – onun eyni zamanda həm şər, həm də xeyir daşıyıcısı olması meydana çıxır. Ölüm bütün əzabların, ağrıların sonudur. Amma eyni zamanda, arzuların, həyatın da sonudur. Ölüm bir rahatlıq, bir azadlıqdır, amma bu rahatlıq böyük əziyyətlər, həyat uğrunda məşəqqətli mübarizələr hesabına başa gəlir. Odur ki, hindular ölüm Allahını iki sifətli təsvir edirdilər. Biri zalım, qorxulu və qəddar, o biri isə, gülər üzlü, mehriban və qayğıkeş.
Ölüm – həyat mövzusunda düşünərkən həyatın adi materiyadan yarandığına şübhə edirsən, bütün varlığın etiraz etsə də, idealizmin cəbhəsinə keçirsən. Necə, həyat bu kobud materiyadan – daşdan-qumdan, oddan-alovdan və sudan yaranıb?! Axı, bu, ola bilməz! Yox, ola bilər! Sadəcə olaraq, bu vaxta qədər sən ayrı-ayrı hadisələr arasında əlaqəni görmürdün, bu isə, bir qayda olaraq, dayaz ümumiləşdirmələrə gətirib çıxarırdı. Bütün dünya sənə qayda-qanunsuz və qarışıq görünürdü, həyat və hadisələr bir-biri ilə əlaqəsiz, təsadüfün nəticəsi kimi təsir bağışlayırdı. Amma həyatı, filsofları öyrənirsən, gözündən pərdə götürülür, dünyanın gizli sirrləri açılır. Artıq ayağının altında xışıldayan qumu, dənizin dalğalanan suyunu ayrı cür görürsən - bunlar artıq günəş enerjisinin bir damlasıdır. Günəş enerjisinin quma, suya çevrilməsi yolunu izləyərək, milyon kilometrlərlə geri qayıdır, əsas mənbəyi - materiyanı tapmağa çalışırsan. Sonra irəli gedirsən: budur bu eneji sənin qoluna yığılır və əzələ enerjisinə çevrilir. Əzələlər isə beynin əmrlərinə tabedir və sən artıq bu parlaq eneji damlasını öz beynində görürsən. Başa düşürsən: sənin beynin və günəş eyni materiyadan ibarətdir və bir-birinə keçə bilir. Və əmin olursan ki, kainatda hər şey – sonsuz fəzaların ən uzaq ulduzlarından ayağının altında xışıldayan qum dənələrinə qədər – qarşılıqlı əlaqədardır. Həyatın özü isə, Engelsin ifadəsi ilə desək, zülali maddələrin əcaib dəyişmə - hərəkət formalarından ibarətdir. Hərəkət isə heç zaman dayanmır, deməli, ölüm həyatı tamamilə məhv etmir, o, sadəcə olaraq enerji kimi, təbiətdə bir mövcudluq formasından o birinə keçir.
Beləliklə, əgər bütün canlıların anası sayılan təbiət öz övladlarını bu cür əliaçıqlıqla ölümün ağzına göndərirsə, deməli, onların bu və ya başqa formada öz anasının qoynuna qayıdacağına əmindir. Təbiət dünyanın əşrəfi – canlıların alisi sayılan insanla da eyni cür rəftar edir, onun ölümünə biganədir, çünki adi ölümlə həyatın kəsilmədiyini, sadəcə olaraq, başqa formada davam etdiyini bilir. Təbiətin bir hissəsi olaraq, biz də ölümə biganə olmalıyıq, çünki bununla həyat bitmir. Atanın yerinə oğul, oğulun yerinə nəvə gəlir, nəsillər bir-birini əvəz edir, həyat davam edir. Ətrafınıza diqqətlə baxın, obyektiv olmağa çalışın. Dağlar meşələr uzanıb, çaylar axıb gedir, quşlar cəh-cəh vurur, qoyun-quzular dağda-düzdə ayın-şayın otlayır. Göydə qartallar quş quşlayır, yerdə canavarlar ov ovlayır. Bütün bunlar min illər, əsrlərdir ki, davam edir. İlk nəzərdən adama elə gəlir ki, heç nə dəyişmir. Amma yerdə, göydə, ümumən bütün təbiətdə nəsillərin biri gəlir, biri gedir. Hətta göydə ulduzlar, yerdə dağlar, dərlər də qocalır, ölür, amma yerində yeniləri yaranır. Şair demiş, bu dünya bir yandan boşalır, bir yandan dolur, düşünən bir beyin bir parça torpaq olur. Amma həyat davam edir…
Odur ki, ölümdən daim qorxmaq, bütün həyatını səksəkəli yaşamaq mənəviyyatı natamam, intellekti zəif olanlara xas olan bir xüsusiyyətdir. Güclü insanlar isə həyata və ölümə fəlsəfi baxırlar. Həyat eşqinin ölüm qorxusunun astar üzü olduğunu anlayırlar. Mərhum Turqut Ozal demiş, Allahın verdiyi ömrü Allahdan başqa heç kim ala bilməz. Odur ki, inamla, əsil insan kimi yaşayırlar, Vətənin, valideynlərin qulluğunda durmağa, övladların şəxsində özlərindən sonra yaxşı iz qoymağa çalışırlar.
MİA.AZ
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyini yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."
Milli Məclisin bəzi deputatlarına mənzil verilib - Evi olan da yeni mənzilə "yox" deməyib
"İnvest-Az İnvestisiya Şirkəti" məhkəməyə verildi