Şavkat Mirziyoyev Bakıya gəldi: Prezidentlər görüşdü, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)

img

22-08-2023 [21:35]


Avqustun 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilib.

Mia.az xəbər verir ki, ziyafət zamanı təşkil olunan konsertdə Azərbaycan və Özbəkistan musiqilərindən nümunələr səsləndirilib.

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar.

Azərbaycanın Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlhom Maxkamov “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u imzalayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzalayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.

Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam.

Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik.

İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı.

Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik.

Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

Prezident Şavkat Mirziyoyev çıxış edərək deyib:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm.

Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür.

Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüz illik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib.

Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim ediblər.

Dövlət başçıları əlavə tapşırıqlar veriblər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olunub, həftədə 15 reysin həyata keçirildiyi bildirilib.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edilib. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulanıb.

***

Avqustun 22-də Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşüb.

Mia.az xəbər verir ki, tərəflər daha sonra geniş tərkibdə görüşüblər. 

***

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanı salamlayıblar.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamlayıb.

Özbəkistan və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Özbəkistan prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb.

Bu barədə dövlət başçısının Mətbuat Xidmətindən bildirilib.

Eyni zamanda Ş.Mirziyoyevin səfər proqramı açıqlanıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək.

Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Ş.Mirziyoyevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR