"...İsa Qəmbər doqquz nəfəri bir günün içində güllələtdirdi"

img

24-05-2014 [14:06]


"İsa Qəmbər avara bir adamdır. Ona görə də onun sözlərinə ciddi əhəmiyyət vermək də lazım deyil”. 

Sözügedən fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müsavat Partiyasının başqanı İsa Qəmbərin verdiyi müsahibəsində ölkə hakimiyyətinin yalnız Azərbaycanı deyil, özlərini də uçuruma aparması iddialarına münasibətini açıqlayarkən deyib. MMP sədrinin bildirdiyinə görə, Azərbaycan hakimiyyəti oturuşmuş hakimiyyət olaraq, möhkəmlənə-möhkəmlənə irəliyə doğru gedir. Nöqsanlar olduqda isə onlar aradan qaldırılır. Eyni zamanda, Azərbaycan bu gün dünyada söz sahibinə çevrilib: "Ona görə də biz heç də narahat deyilik ki, İsa Qəmbər nə vaxtsa hakimiyyətə gələcək, istər hakimiyyəti, istərsə də hakimiyyəti, dövlətçiliyi müdafiə edən Hafiz Hacıyevdən, eləcə də digər dövlətçiliyi dəstəkləyən, milli maraqlardan çıxış edən müxalifət təmsilçilərindən qisas alacaq, onların hamısını güllələtdirəcək. Hələ birillik hakimiyyətimiz dövründə, hansı ki, mən də həmin hakimiyyətin tərkibində idim, onun üzvü idim, məhz həmin ərəfədə İsa Qəmbər doqquz nəfəri bir günün içində güllələtdirdi. Görünür, o yenə də xülyalara dalıb ki, hakimiyyətə gələcək və indiki hakimiyyəti güllələtdirəcək. O, yuxular görür və özü üçün illüziyalar qurur. Təbii ki, bu, mümkün olan məsələ deyil”. 

Hafiz Hacıyev dövlətçilik maraqlarını ölənədək qoruyacağını vurğulayıb: "Şəxsəm mən özümü götürürəm, nə qədər ki, yaşayıram, bu hakimiyyəti, bu dövlətçiliyi ölənə qədər qoruyacağıq. Biz burada fikirləşmirik ki, gələcəkdə nə olacaq, necə olacaq. Sadəcə biz öz siyasi xəttimizi bu cür tutmuşuq. Ona görə də İsa Qəmbərə - öz torpağını, Fizulini bir dığaya verən, millətinə xəyanət edən birinə hakimiyyətə gəlməyə imkan verməyəcəyəm”. 

 İsa Qəmbərin guya hakimiyyətə mesaj vermək istədiyini deyən MMP sədri qarşı tərəfin blef etdiyini bildirib: "İndi bu vasitə ilə demək istəyir ki, bəs çəkilin kənara biz hakimiyyətə gəlirik. Ancaq yaxşı olardı ki, o getsin şalvarının bağını möhkəm bağlasın və ətrafında olan Cəmil Həsənlinin, Əli Kərimlinin, orientasiyası bəlli olan adamların dərnini çəksin, sonra hakimiyyətə gəlmək haqqında düşünsün. Onun sərsəm xülyalarını bu millət 20 ildir ki, eşidir. Bu həmin İsadır ki, gedib oturub partiyasının kabinetində və millətin balalarını türmələrə doldurtdurub. O, getsin özünə bir qurultay keçirsin və başına 50, 100 nəfər yığsın. Əgər deyirsə ki, qurultay keçirməyə yeri yoxdur. Həmin yeri də mən ona təşkil edə bilərəm. Getsin keçirsin, biz də görək ki, bu adam adicə bir qurultayını keçirə bilirmi?”. 

Hafiz Hacıyev Müsavat başqanının xarici dövlətlərdən qrant aldığını, ona görə də bundan qeyzə gəldiyini deyib: "Biz onu da bilirik ki, bu niyə belə qeyzə gəlib? ABŞ səfirinin sərsəm açıqlaması, Fransa prezidentinin bunlarla görüşməsi, Leyla Yunusun ləçərliyi indi buna qol-qanad verib. Amma nahaq yerə. Çünki o, bütün hallarda qarşısında məni görəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA