Vətəndaşlıq məsələsi narahatlıq yaratdı - Hərəkat müraciət yaydı

img

23-05-2014 [15:32]


Yaxın günlərdə Milli Məclis "Vətəndaşlıq haqqında qanun"a dəyişiklər etmək istəyir. Bü dəyişiklər isə sizin xaricdə yaşayan yaxınlarınız da daxil olmaqla ölkə kənarında yaşayan, işləyən azərbaycanlılar üçün çox ciddi problemlər yaradacağı haqda narahatçılıq yaradıb.

Mia.az-a Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı tərəfindən bu narahatçılığı ifadə edən müraciət daxil olub.

Xaricdə yaşayan azərbaycanlılar tərəfindən yaradılmış və Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı Azərbaycan Respublikası Milli Məclisinin vətəndaşlıq haqqında qanuna etmək istədiyi dəyişikliklərlə bağlı ölkə ictimaiyyətinə, Milli Məclis rəhbərliyinə və millət vəkillərinə müraciət ünvanlayıb.

Müraciət redaksiyamıza DAH-ın koordinatoru, Nederland Krallığında yaşayan jurnalist Fikrət Hüseynli tərəfindən göndərilib. Müraciətdə bildirilir:

 "Biz Azərbaycandan kənarda yaşayan azərbaycanlılar Milli Məclisin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə hazırlaşılmasıla bağlı KİV-də yayılmış məlumatlarla tanış olduqdan sonra bunu çox təəssüflə qarşıladıq və ciddi narahat olduq. Çünki qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci hissədə isə deyilir: "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Qanuna edilməsi gözlənilən bu dəyişiklik kifayət qədər təhlükəli bir niyyətdən xəbər verir. Ona görə ki, bu gün Azərbaycan Respublikasının on minlərlə vətəndaşı müxtəlif xarici ölkələrdə yaşayır və onlar həmin ölkələrin qanunlarına uyğun olaraq bir sıra hallarda əcnəbi dövlətin vətəndaşlığını qəbul etməli olurlar. Bu zaman bir çox hallarda həmin dövlət Azərbaycan vətəndaşının qarşısında heç bir xüsusi öhdəlik qoymur. Eyni zamanda xüsusi bildirmək lazımdır ki, bu günə qədər on minlərlə azərbaycanlı müxtəlif ölkələrin vətəndaşlıqlarını alsalar da, Azərbaycan vətəndaşlıqlarını saxlayırlar. İndi isə qanuna edilən dəyişiklik faktiki olaraq hüquq-mühafizə orqanlarının əlinə xaricdə yaşayan və əcnəbi vətəndaşlığı olan istənilən şəxsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Xaricdə yaşayan azərbaycanlıların vasitəsilə daim Dağlıq Qarabağ, Xocalı soyqırımı və sair kimi məsələləri Avropa, Amerika, Asiya dövlətlərinin diqqətinə çatdırmaq, gündəminə daşımaq istədiyi deyən Azərbaycan hakimiyyətini bu təhlükəli dəyişikliyə imza atmamağa çağırırıq. 


Həmçinin bildiririk ki, qanunun 18-ci maddəsinin 2-ci bəndinin mətninin dəyişdirilməsilə bağlı təklifdə də yanlışlığa yol verilir. Çünki təklif olunan dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında çalışması onun vətəndaşlığının itirilməsinə gətirib çıxarır. Qeyd etmək istəyirik ki, bu gün Azərbaycandan kənarda on minlərlə Azərbaycan vətəndaşı var ki, müxtəlif dövlətlərdə yaşayır və gündəlik yaşayışını təmin etmək üçün dövlət qurumlarında və bələdiyyələrdə adi işlərdə çalışırlar. Hansısa bir xarici dövlətdə bələdiyyədə, mənzil istismar idarəsi və ya dövlət xəstəxanası kimi mülki obyektdə çalışan Azərbaycan vətəndaşının vətəndaşlıqdan mərhum edilməsi qanunsuzdur, hüquqa ziddir. Bu, on minlərlə azərbaycanlının təbii və hüquqi haqqı olan Azərbaycan vətəndaşlığından mərhum etməyə, həmçinin yeni koorrupsiya və rüşvət mənbəyinin yaranmasına gətirib çıxaracaq.

Biz Milli Məclis sədri Oqtay Əsədova, millət vəkillərinə müraciət edərək bu dəyişiklərləri etməməyə çağırırıq. Bu mürtəse dəyişiklikləri təklif edənlərə vətəndaşlıq məsələlərinə münasibəti heç olmasa, yaxın qonşumuz, qardaş dövlət Türkiyədən öyrənmələrini tövsiyyə edirik. Türkiyə qanunlarına görə, əcnəbi dövlətin tələbilə vətəndaşlığını itirmək zorunda qalan hər bir şəxs daimi olaraq Türkiyədə yaşayış hüququ qazanır. Azərbaycanda isə bu hüququ vermirsinizsə, heç olmasa, insanların təbii, hüquqi və mənəvi haqqı olan Azərbaycan vətəndaşlığına toxunmayın».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA