Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti: hədəflər və uğurlar... - Cavadxan Qasımov yazır

img

28-06-2023 [09:20]


Cavadxan Qasımov,

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

***

Olduqca qürurverici bir haldır ki, ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişaf proseslərində, cari mərhələlər üzrə inkişaf göstəricilərində və uzunmüddətli prioritetlərində Naxçıvan Dövlət Universitetinin tədris imkanları, hədəfləri və daha mütərəqqi əsaslarla təşkilatlanma göstəriciləri aktual məsələ olaraq qəbul olunmaqdadır. İstər maddi-texniki bazanın gücləndirilməsi, istər ixtisaslaşma sahəsindəki təcrübənin şaxələndirilməsi, istərsə də, yeni çağırışların nəzərə alınması kimi həlledici meyarlar günümüzün olduqca mühüm reallıqlarına çevrilməkdədir. 110 hektarlıq sahəsində yeni inkişaf strategiyasını formalaşdıran Naxçıvan Dövlət Universiteti, artıq ölkənin və regionun davamlı, ardıcıl və qətiyyətli inkişaf edən, yenilikçi, texnologiyaya və innovasiyalara meydan açan, oturuşmuş ali məktəb modelini formalaşdırmışdır. 

Xalqımızın ümummili lideri Heydər Əliyev ölkəmizdə rəhbərlikdə olduğu bütün mərhələlərdə Naxçıvan Dövlət Universitetinin əsaslandırılmış elmi bazasını və mütərəqqi tədris strategiyasını formalaşdırmışdır. İstər keçmiş ittifaq dövründə, istərsə də hazırkı müstəqillik illərində universitetimizə daim diqqət göstərmiş və bu isə ali məktəbin modern təhsil imkanları üçün yeni işıq, yeni dəyər və yeni nəfəs olmuşdur. Qeyd etmək olar ki, milli liderimiz, qürurverici fəaliyyəti dövründə, xüsusilə də, 1974-cü ildə bir dəfə, 1992-ci ildə iki dəfə və 1999-cu ildə bir dəfə olmaqla, ümumilikdə, dörd dəfə Naxçıvan Dövlət Universitetində olmuş və bu, Ali təhsil ocağının pedaqoji heyətinə sonsuz iftixar hissi yaşatmışdır.

Bu bir həqiqətdir ki, 1967-ci ildə yaradılmış olan Naxçıvan Dövlət Universiteti, malik olduğu bütün üstünlükləri, o cümlədən də, ixtisaslaşma, yeniliklər, elmi-nəzəri və təcrübi keyfiyyətlər sahəsindəki dəyərlərini məhz Heydər Əliyevin uğurlu rəhbərliyi, həmişəyaşar ideyaları və qətiyyətlə reallaşan siyasi xətti ilə qazanmış, əldə etmişdir.

Universitetin yaranmasından sonrakı mərhələlərə diqqət etdikdə aydın olur ki, bu günlərə qədər geridə qalmış olan 56 illik bir zaman müddətinin və bir-birini əvəz edən inkişafla zəngin olan illərin hər birində ulu öndərin tarixi imzası vardır. Aydın olur ki, universitetimiz 1967-ci ildə sadəcə olaraq, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. Məhz 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyətinə davam etmişdir. Göründüyü kimi, Naxçıvan Dövlət Universiteti Ulu Öndərin gündəlik diqqəti və qayğısı ilə əhatə olunmuş, buna görə də, güclü təsisatlarla təmin olunmuş və bu günlərimiz üçün mütərəqqi elm və tədris bazası yaradılmışdır. Təbii olaraq, bütün bunlar, Naxçıvan Dövlət Universitetinin əlaqəli, sistemli və perspektivli inkişaf və formalaşma strategiyasını təmin edirdi. 

Ötən yüzilliyin sonlarına doğru, keçmiş İttifaq ölkələri kimi Azərbaycan Respublikasında da haqlı müstəqillik ideyalarının reallaşması bütün sahələr kimi təhsil sahəsinin də yeni mərhələ üçün qorunması və keçid dövrünün mövcud çətinlikliklərinə daha çox məruz qalmaması üçün qabaqlayıcı tədbirlər görülməsini tələb edirdi. Belə bir mərhələdə, müdrik Heydər Əliyevin rəhbərliyi, diqqəti, qayğısı, təşəbbüsü və birbaşa nəzarəti ilə inkişaf edən, müasirləşən və çağdaş təhsil üçün təşkilatlanmış olan Naxçıvan Dövlət Pedaqoji İnstitutu nəinki, dövrün çətinliklərindən mühafizə olundu, hətta, malik olduğu müqavimətliliklə, 1990-cı ildə Naxçıvan Dövlət Universitetinə çevrilməklə, müasir müstəqillik illərinin çağırışları əsasında yoluna davam etmiş oldu.

Talenin qisməti ilə hər zaman universitetimizin inkişafı məhz Heydər Əliyevin adı, fəaliyyəti və imzası ilə bağlı olmuşdur. Hər birimizə bəlli olmaqdadır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, xüsusilə də, 1991-1993-cü illərdə ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləmişdir. Həmin dövrlər ərzində, dahi rəhbərin milli dövlətçilik sahəsində həyata keçirmiş olduğu tədbirlər, bütün tərəflərinə görə eyni zamanda, dövlətin təhsil siyasətinin də etibarlılığını artırırdı ki, bu da, öz ifadəsini həm də, Naxçıvan Dövlət Universitetinin tədris potensialının gücləndirilməsində tapmış olurdu. Fikrimizcə, bu mərhələ, Naxçıvan Dövlət Universitetinin müasi müstəqillik illəri üzrə olduqca əhəmiyyətli idi. 

Çünki, bu dövrdə:

- bir iqtisadi, siyasi formasiyadan, idarəetmədən və tənzimləmədən digərinə keçid mərhələsi baş verirdi və bu, təsisatlar və resurslar baxımından müəyyən çətinliklər də gətirə bilərdi. Bazar münasibətlərinə keçid mərhələsini yaşayan ölkəmizdə təhsil sahəsində də yeni tənzimləmələrin, normativ-hüquqi aktların və bu sahə üzrə çoxistiqamətli idarəetmə mexanizmlərinin qərarlaşması olduq qədər aktuallıq kəsb etməkdə idi;

- bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni inkişaf mərhələsinə, tələblərinə və çağırışlarına uyğun ola biləcək fəaliyyət mühitinin bərqərar olunması əhəmiyyətli idi. Məhz belə bir şəraitdə, yeni tədris mexanizmlərinin cəmiyyət üzvləri üçün əlçatan olması, savadlanma və mütəxəssis hazırlığı sahəsində ən üstün dinamikanın təmin olunması öncül yerlərə malik olmaqda idi;

- ixtisaslaşma sahəsində, xüsusilə də, yeni iqtisadi inkişaf mərhələsinə xas olan proseslərin təmin olunmasına diqqət göstərilməli idi. Həmin dövr üçün xarakterik olan xüsusiyyətlərdən biri olaraq, əmək bazarının tələblərinə müvafiq olan kadr hazırlığının mümkün olması və bu sahədə, Naxçıvan 

Dövlət Universitetinin potensialının nəzərə alınması zəruriliyinə görə fərqlənirdi.

Bütün qeyd olunanların hər biri dahi Heydər Əliyevin müdrik rəhbərliyi ilə qətiyyətliliklə öz həllini tapmış oldu. Sonrakı mərhələlərə diqqət etdikdə, aydın olur ki, artıq müstəqillik illərinin olduqca mühüm təhsil və tədris perspektivləri məhz Naxçıvan Dövlət Universitetinin inkişaf göstəricilərinə görə şaxələndirilmiş oldu. Əlbəttə ki, hər bir uğurun altında ulu öndərin rəhbərliyi və onun genişmiqyaslı nəticələrindən ibarət olan qürurverci imzası vardır.

Məhz Naxçıvan Dövlət Universiteti bu günlərə qədər, həmin güclə, potensialla, perspektivliliklə fəaliyyətinin 56-cı ilini yaşamaqdadır. Artıq ali məktəbin tədris proseslərində 14 tədris korpusu, Konservatoriya, Elektron kitabxana, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya idman mərkəzi, 2 stadion və Tələbə evi söz sahibi olmaqdadır. Ölkəmizin ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzinin, Qonaq Evinin tikilərək istifadəyə verilməsi ilə daha da mütərəqqi nəticələrə gətirməkdədir. Burada onu da qeyd etmək yerinə düşər ki, universitet malik olduğu bu potensialı daha da gücləndirir, müasir təhsil islahatlarının gedişinə müvafiq qaydada olmaqla, modernləşdirir. Belə ki, universitetin ərazisində mövcud olan stadion yenidən qurulur, 2 hektar sahədə Texnologiyalar parkı inşa olunur, tədris proseslərinə hərəkətverici təsirinə görə seçilmiş olacaq, yeni tədris binası tikilməkdədir. 

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə mütərəqqi inkişaf yolunu yüksək perspektivliliklə keçən Naxçıvan Dövlət Universiteti hazırkı mərhələdə də dövlət başçımız cənab İlham Əliyevin gündəlik diqqəti ilə daha da güclənməkdədir. Dövlət başçımızın neft kapitalının insan kapitalına çevrilməsi və ya neft bizim üçün məqsəd deyil vasitədir kimi mütərəqqi yanaşmaları məhz millətimizin gələcəyi olan təhsilin uzunmüddətli hədəfləri naminə uğur və nailiyyətlər qazandırmaqdadır. Elə xalqımıza, dövlətimizə və millətimizə doğma olan həmin məqsədlərin qətiyyətlə həyata keçirilməsinin nəticəsi olmaqdadır ki, Naxçıvan Dövlət Universitetinə, onun çoxsaylı pedaqoji heyətinə diqqət göstərilir və insan kapitalının səmərəliliyinin artırılmasında dövlətimiz bizim yanımızdadır.

Yeni inkişaf mərhələsində bizlər tədrislə yanaşı, eyni zamanda, elmin də aktuallıq kəsb etmiş olduğunu bir daha görməkdəyik. Nəzəri əsaslandırmaların təcrübəyə tətbiqinin sürətlənməsi, ixtiraların, istehsalat proseslərinin davamlı və ardıcıl xarakterə malik olması elm və təhsil sahəsindəki birliyin, sistemliyin və vəhdətin qaçılmaz olduğunu bir daha göstərməkdədir. Artıq dünya miqyasında təkcə iqtisadiyyat deyil, həm də hərbi sferada, ictimai, humanitar və dəqiq elmlərin bütövlükdə hər birində elmlə tədrisin, nəzəriyyə ilə təcrübənin məqsədəuyğun inteqrasiya olunması özünü doğrultmuşdur. Ölkəmizdə də dünya təhsilinə, iqtisadiyyatına və digər istiqamətlərə sürətli inteqrasiya proseslərinin uğurla davam etməsi bu sahədə, səmərəli fəaliyyət mühitinin yaradılmasına əsaslar gətirmişdir. Hər bir sahədə olduğu kimi, elm və təhsilin də vəhdətinin mütərəqqi nəticələrə səbəb olmasını üstün tutmaqla, dövlət başçımız tərəfindən 28 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi artıq Elm və Təhsil Nazirliyi olaraq yoluna davam etməkdədir.

Buradan da görünür ki, Naxçıvan Dövlət Universitetinin xüsusilə də, son üç ildə, rektor Elbrus İsayevin rəhbərliyi altında dövlətin hərtərəfli qayğı və diqqəti ilə həyata keçirmiş olduğu təbirlər ölkənin müvafiq sahə üzrə prioritetlərinə istiqamətlənib və onun mahiyyətini ifadə etməkdədir. 

Belə ki, təkcə son üç il ərzində yeni fakültələrin yaradılması, tədris bazasının gücləndirilməsi, yeni ixtisaslara qəbulun aparılması, dünya miqyaslı aparıcı danışıq dilləri üzrə ixtisasların açılması, bir sözlə, kadr hazırlığı proseslərinin bu dəyərlər üzrə həyata keçirilməsi uğurla davam etməkdədir. 

Artıq Naxçıvan Dövlət Universiteti tədrisi ingilis dilində olan ixtisaslar üzrə mütəxəssis hazırlığı proseslərini uğurla davam etdirməkdədir.

Təbii olaraq, bütün bunlar:

- bir tərəfdən, ölkənin yeni elm və tədris islahatlarına müvafiq qaydada olmaqla, davam etdirilir;

- bir tərəfdən, müasir elmi araşdırma və təhlil mihiti çərçivəsində həmin proseslərə hərəkətverici təsir edir;

- digər bir tərəfdən də, milli liderimizin görmək istədiyi bir inkişaf səviyyəsini təmin edir. Bütün hallarda, Naxçıvan Dövlət Universiteti məhz bununla da, yeni tənzimləmə strategiyası üçün növbəti keyfiyyət mərhələsinin əsaslarını qoymaqdadır.

Naxçıvan Dövlət Universiteti son üç il ərzində ölkə miqyasında olduğu kimi, onun hüdudlarından kənarda da, örnək fəaliyyət tutumu ilə fərqlənməkdədir. Bu isə təbii olaraq, ona etibarlı tərəfdaşlıq, beynəlxalq əməkdaşlıq və daha da təkmil səviyyədə qərarlaşan münasibətlər üçün təsisatlar bəxş etməkdədir. Artıq universitetimizin qardaş Türkiyə Cümhuriyyətinin bir sıra nüfuzlu ali məktəbləri, Yaponiyanın elm və araşdırma müəssisələri, Avstriyanın genişmiqyaslı tədqiqaqlar üzrə mərkəzləri ilə səmərəli əməkdaşlıqları yaranmışdır ki, bu da, Azərbaycan dövlətinin milli iqtisadi, sosial, mədəni, hüquqi, hətta ictimai və siyasi mahiyyətlilik qazanan məqsədlərinə tamamilə uyğun olmaqdadır. Eyni zamanda, bütün bunlar, daha yeni mərhələlər üçün həm baza, həm istiqamətverici, həm də keçid mrəhələsini təşkil etməkdədir.

Olduqca sevindirici haldır ki, bu keyfiyyət mərhələsində Naxçıvan Dövlət Universiteti, malik olduğu potensialla, milli və regional səviyyədə təhsil imkanlarını daha da artırmaqdadır. Və buna təminat yaratmaqdadır. Ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarının gerçək nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında” 2023-cü il 5 iyun tarixdə imzalanan 3910 nömrəli Sərəncamında da Naxçıvan Dövlət Universitetinin bu sahədəki potensialı və perspektivləri nəzərə alınmışdır. 

Belə ki, həmin Dövlət proqramının “İnsan kapitalının inkişafı” adlı bölməsində Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcəkdir.

Dövlət proqramının bütövlükdə, ölkəmizin təhsil ictimaiyyəti üçün əhəmiyyəti böyük olacaqdır. Çünki, elmi və tədris fəaliyyətinin mühüm bazası orta məktəblərin imkanlarından istifadə olunması əhəmiyyətli olacaq. Çünki, etibarlı elmi araşdırmalar üçün zəruri kadrların həmin orta məktəblərdən axtarılması daha məqsədəuyğun olacaqdır ki, bu istiqamətdəki proseslərin tənzimlənməsi Naxçıvan Dövlət Universitetinin mövcud potensialı ilə daha da səmərəli olacaqdır. Həm də burada nəzərə alınmalıdır ki, həmin baza ingilisdilli olacaq və bu zaman, dünya təhsilminə və elminə daha sürətli interqasiya prosesləri mümkün olacaq. 

Eyni zamanda, Dövlət proqramının icrası nəticəsində cəmiyyətimiz üçün aktual hesab olunan sahələr üzrə, o cümlədən, tibb sahəsi üzrə daha peşəkar kadrların hazırlanması sahəsində əhəmiyyətli nəticələr əldə olunacaq. Tibb sahəsi üzrə modern təsisatların qurulması, maddi –texniki təminatların gücləndirilməsi və daha da möhkəmləndirilməsinə təminat yaranmış olacaq. 

Bu günlərdə müvafiq təşkilatlanma proseslərində yeni mərhələnin əsasları qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 208 nömrəli Qərarı Naxçıvan Dövlət Universitetinin yeni uğurlarının ən gerçək ifadəsi oldu. Həmin Qərar ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmiş oldu. Bundan sonrakı inkişaf mərhələsində universitetimiz dövlətin sosial siyasətinin daha mütərəqqi təşəkkülündə əldə etdiyi uğurların əhatəsini daha da şaxələndirmiş olacaq.

Bu, bütün tərəflərinə görə Naxçıvan Dövlət Universitetinin kadr hazırlığı proseslərindəki yerinin və rolunun böyük olduğunu bir daha göstərməkdədir. Eyni zamanda, bu, bütövlükdə, ölkəmiz miqyasında yeni inkişaf mərhələsinə qədəm qoymuş olan elm və tədris sahələrindəki davamlı islahatlarda Naxçıvan Dövlət Universitetinin qazandığı etimadın və etibarın ifadəsi olmaqdadır. 

Artıq bu mərhələdən sonra, universitetin tabeliyində olan fakültələrlə, kafedralarla yanaşı, yeni perspektivlər üzrə məhz Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin də özünəməxsus yeri olacaq və NDU-nun yüksək təcrübə əsasında müəyyən olunan perspektivlərindən yararlanmış olacaq. 

Beləliklə, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başladılan Milli Təhsil Strategiyası hazırda yeni inkişaf mərhələsinə uyğun olmaqla, uğurla davam etdirilməkdədir. Yaxın gələcəkdə, ölkənin elm və təhsil sahələri üzrə əldə olunacaq nailiyyətlərin tərkibində Naxçıvan Dövlət Universitetinin yeri, rolu və önəmi daha böyük olacaq. Xeyirli olsun.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR