Hafiz Hacıyev: “Cəmil Həsənli ilə görüşməli olacam”

img

21-05-2014 [17:01]


"Cəmil Həsənli başda olmaqla Azərbaycanda bəzi insanlar var ki, onlar hər şeyi qara rəngdə görürlər”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq” qəzetindəki çıxışında Azərbaycanda 37-ci ilin davamı olması və digər bu kimi iddialarına münasibətini bildirərkən deyib.
MMP sədri növbəti dəfə qeyd edib ki, əslində, Cəmil Həsənlinin belə fikirlərindən təəcüblənmək lazım deyil. Belə ki, o, erməni aşnalarının nüfuzlarından yararlanmaq üçün bunları edir: "Azərbaycanın bu günkü inkişafına qara yaxmaqdan ötrü Cəmil Həsənli öz erməni kürəkənindən maksimum istifadə edir. Onun erməni atasının nüfuzundan yararlanır. Məsələn, Əli Kərimlinin Londonda Avetik Melkumyan adlı qonşusu var. O da Cəmil Həsənlinin qudası və kürkəni ilə yaxın münasibətdədir. Ümumiyyətlə, bunlar Azərbaycanı dağıtmaqdan ötrü bütün var güclərini ortaya qoyublar. Siz görürsünüzmü ki, bunlar ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstarın məlum açıqlamasından nə qədər ruhlanıblar. Çünki hakimiyyət hərisliyi bunlara o qədər güc gəlib ki, indi də elə bilirlər ki, Morniqstar bunları hakimiyyətə gətirəcək. Cəmil Həsənli erməni lobbisinin Azərbaycandakı nümayəndəsidir. Ona görə də Cəmil Həsənlinin belə bir səviyyəsiz, sərsəm fikirlər irəli sürməsinə bu qədər əhəmiyyət vermək lazım deyil və bircə şeyi bilmək lazımdır ki, Cəmil Həsənlinin ailəsində erməni qarışığı var. Bu baxımdan, o Azərbaycan haqqında başqa nə deməlidir? O, istər-istəməz qız nəvəsinin xatirinə ermənilərin ona dediklərini eləməlidir”.
Hafiz Hacıyev eyni zamanda bildirib ki, Cəmil Həsənli bir şeyi də unutmamalıdır ki, əks tərəf də var, həmin əks tərəflərdən biri də onun özü və Müasir Müsavat Partiyasıdır: "O əks tərəf bizik. Biz Cəmil Həsənlinin hansı cərəyanlara xidmət etdiyini, kimlərdən pul alıb, kimlərə xərclədiyini kifayət qədər sübuta yetirmişik. Xatırlayırsınızsa, hələ prezident seçkiləri ərəfəsində mən onun öz dilindən etiraf etdirdim ki, onun kürəkəni ermənidir. Düzdür, Cəmil Həsənli onda iddia etdi ki, guya kürəkənini müsəlman edib, haradasa sünnət etdirib və s. Ancaq mən müəyyən araşdırmalar apardım, nəticələr çıxardım ki, əslində, o, öz xristian kürəkənini heç də müsəlman edə bilməyib. Bu faktlar məndə var və cəmiyyətə yaxın zamanlarda bütün təfsilatları ilə təqdim edəcəm. Ona görə də düşünürəm ki, Cəmil Həsənli öz nəvələrinin xətrinə gələcəkdə də Azərbaycana qarşı qarayaxma kampaniyaları aparacaqdır. Ancaq onun bu kimi əməlləri ciddi qəbul edilməyəcək. Bütün bunlara baxmayaraq, biz də əlimizi qarnımıza qoyub rahat otura bilmərik. Yəni bunlar nə deyəcəklərsə, biz də əhəmiyyət verməyəcəyik kimi özümüzü göstərməli deyilik. Çünki ideoloji müharibə gedir və bunlar da çalışırlar ki, üstünlük qazansınlar. Ona görə də biz bu üstünlüyə heç vaxt imkan verə bilmərik”.
Azərbaycan hakimiyyətinin etibarlı əllərdə olduğunu deyən MMP sədri bu gün hakimiyyətə qarşı çıxacaq istənilən qüvvənin məğlub olacağını da deyib: "Amma çox təəssüf hissi keçirirəm ki, bu gün Azərbaycan hakimiyyətinin çörəyini yeyib rahat həyat sürən insanlar da var ki, onlar Cəmil Həsənlinin sərsəm fikirlərini öz kabinetlərində pıçıltı ilə danışırlar, "Azadlıq” qəzetini paçalarının arasında oxuyurlar. Bütün bunlara rəğmən, Azərbaycan hakimiyyəti bu gün etibarlı əllərdədir və ölkə prezidenti dövləti ən yüksək səviyyədə, qətiyyətlə idarə edir. Biz isə müxalifət olaraq, Onun bu nüfizindan şərəf və fəxr hissi keçiririk. Yəni müxalifət o demək deyil ki, hər şeyə qara yaxa, xalqa, dövlətçiliyə qarşı müxalifətçilik edə.
Bu baxımdan, Morniqstarın bəyanatından sonra məndə olan məlumatlara görə, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər yenidən başlayıblar gizli görüşlər keçirməyə. Rəsul Quliyev ABŞ-dan müəyyən mesajlar yollayır, 75 yaşlı Rüstəm İbrahimbəyov da soz zamanlar müsahibələr verməyə başlayıb və s. Bu binəvalar elə sanırlar ki, 2015-də, ya da 2018-də hansısa səfir bunları hakimiyyətə otuzduracaq. Ancaq Azərbaycan regionda və beynəlxalaq aləmdə çox güclü dövlət olduğunu təsdiq edib. Ona görə də iddialarda bulunan bəzi dövlətlər qüdrətli Azərbaycanla hesablaşmalı olacaqlar. Cəmil Həsənlinin guya Azərbaycanda 37-ci ildir və repressiyadır kimi açıqlamalarına görə isə deyəsən onunla görüşməli olacam. Bax, onda nə deyəcəm, bu görüş nə ilə bitəcəksə, hər şeyi Azərbaycan cəmiyyəti görəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA