PUTİN OLDUĞU KİMİ: “Dostlar” klanı (Siyasi təhlil)

img

16-05-2023 [10:02]


Qalib ARİF

***

III hissə.

Yazının birinci və ikinci hissələri ilə aşağıdakı linkdə tanış olla bilərsiniz:

https://www.mia.az/w1048066/putin-oldugu-kimi-kasibciliqdan-qurtulus-i-hisse-2023-05-03-230216

https://www.mia.az/w1048233/putin-oldugu-kimi-qizilin-gucu-ii-hisse-2023-05-08-091923

***    
    
Mətləbə dəxli var deyə, mətləbdən bir az uzaqlaşmaq, tarixi-siyasi bir arayış vermək istəyirəm. Məlum olduğu kimi, qədim yunan filosofu Aristotel hələ 2500 il bundan əvvəl tsiklik hakimiyyət nəzəriyyəsini irəli sürüb. Ən maraqlısı isə odur ki, bu nəzəriyyə indi də öz aktuallığını itirmir, müasir Rusiya nümunəsində isə, olduğu kimi həyata keçməkdədir.

Aristotel deyir ki, hər bir xalq öz ölkəsində diktaturanın yıxılmasına və demokratiyanın bərqərar olunmasına, yəni özünün hakimiyyətdə maksimum dərəcədə iştirakına çalışır. Amma xalq hakimiyyətə, yəni dövlət idarəçiliyinə hazır olmalıdır. Xalq hakimiyyətə hazır olmazsa, demokratiya (xalqın hakimiyyəti) yox, oxlokratiya (kütlənin hakimiyyəti) yaranır. Oxlokratiya siyasi cəhətdən təşkil olunmamış çoxluğun hakimiyyəti, daha dəqiq desək, diktaturası deməkdir. Burda çoxluq istədiyini edir, faktiki olaraq, azlığı istismar edir. Aristokratlar siyasətdən, siyasətçilər idarəçilikdən, idarəçilər iqtisadiyyatdan uzaqlaşdırılır və ölkənin kapitalı çoxluğun nüfuzunu qazanan, hakimiyyətin nəzarətində olan dəllalların əlində cəmlənir.
 
Amma bu proseslər uzun çəkmir - oxlokratiya dayanıqsız bir sistemdir və qısa bir zamanda anarxiyaya çevrilir. Anarxiya isə güclü bir şəxsin meydana çıxması və hakimiyyəti öz əlinə alması, yəni diktatura yaratması ilə nəticələnir. Yeri gəlmişkən, tarixdə oxlokratiyanın ən bariz nümunəsi Fransa inqilabı, nəticəsi isə Napoleon diktaturasıdır. Amma diktatura da uzun müddət davam edə bilmir, xalqın müqaviməti ilə üzləşir. Diktator müqavimətə sərt cavab verir, xalqı istədiyi kimi əzir, hakimiyəti bir əldə cəmləşdirir və tirana çevrilir. Tiraniya ilə tsiklik hakimiyyət dairəsi qapanır və xalq yenidən demokratiya axtarışına meydanlara çıxır. Doğrudur, qan su yerinə axır, amma axtarışlar, bir qayda olaraq, inqilablarla başa çatır. Bu proses xalq demokratiyaya hazır olunca və ölkədə demokratiya bərqərar olunca davam edir.

Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Rusiyada xalq demokratik hakimiyyətin bərqərar olunmasına, sovet diktaturasının yıxılmasına çalışırdı. Nətiçədə diktatura yıxıldı və diktator – Kommunist partiyası ləğv olundu. Amma xalq hakimiyyətə hazır deyildi və ölkədə demokratiya yox, oxlokratiya yarandı. Bəli, Boris Yeltsinin yaratdığı federasiya, faktiki olaraq, oxlokratiyanın bariz nümunəsi idi. Federasiyanın bölgələri böyük səlahiyyətlər tələb edirdi və onların hər biri, de-fakto müstəqil dövlət idi. Hər birinin öz seçkili prezidenti, silahlı birləşmələri, valyutası və az qala, öz konstitusiyası vardı. Hər bir bölgənin kapitalı çoxluğun nüfuzunu qazanan və hakimiyyətin yanında olan dəllalların əlində toplanırdı. 

Amma yuxarıda deyildiyi kimi, oxlokratiya uzun çəkə bilməzdi və tezliklə anarxiyaya çevrildi. Tatarıstan, Çeçenistan, Dağıstan və s. artıq de-fakto müstəqilliklə kifayətlənmirdilər, federal hakimiyyətlə hesablaşmaq istəmirdilər və de-yure müstəqillik tələb edirdilər. Bu iddialar da bəzən bütün qanuni hədləri aşırdı və rus-çeçen müharibəsi kimi dəhşətli faciələrə yol açırdı. Cinayətkar aləm ölkənin ikinci sahibinə çevrilmişdi, Ded Xasan, Yaponçik kimi banditlər Rusiyanın bütün bölgələrinə nəzarə edirdilər və öz adamlarını göndərirdilər. Təbii ki, bu cür anarxiya uzun müddət davam edə bilməzdi, Rusiya əhalisi kimi, Prezidenti də “möhkəm əl” axtarışında idi. 

Prezident Boris Yeltsinin Çernomırdin, Primakov, Stepaşin eksperimentləri yəqin çoxlarının yadındadır. Yeltsin 90-ların axırlarında cəmiyyətdə böyük nüfuzu olan bu adamları Baş nazir təyin edirdi və özünün siyasi varisi elan etmək istəyirdi. Amma sonda FSB-nin o vaxtkı sədri, heç kimin tanımdığı Vladimir Putinin üzərində dayanmalı oldu. Putin hakimiyyətin Leninqrad klanının nümayəndəsi və Boris Yeltsinin “Ailə” klanının namizədi idi. “Ailə”nin seçimi qızılla ödənilmişdi (bax: II yazı – “Qızılın gücü”), əsas şərtləri də namizədin onların biznesinə və əmlakına toxunmaması idi. İnsaf xatirinə demək lazımdır ki, Putin bu şərtləri qəbul etdiyi kimi, yüksək səviyyədə də əməl etdi. Yeltsin əsasən bu səbəblərdən (bax: “Qordonun Boris Nemtsovla müsahibəsi”) Putinin üzərində dayandı və onu əvvəl Baş nazir, sonra özünün siyasi varisi elan etdi. Yeni əsrin, yeni minilliyin başlanğıcında Boris Yeltsin istefa verdi, Rusiyanın sükanını və “nüvə çamadanı”nı Vladimir Putinə təslim etdi.
 
Vladimir Putin hakimiyyətə gələn kimi, özünü xalq adamı və ədalət carçısı kimi göstərdi. Ölkədə on milyonlarla pensiyaçı və büdcə təşkilatlarında işləyənlər vardı, onların pensiyaları və maaşları aylarla, illərlə ödənilmirdi, yığılıb qalmışdı. Putin Leninqarad klanının görkəmli nümayəndələri - Anatoli Çubaysın və Aleksey Kudrinin köməyi, məşhur oliqarxlar - Boris Berezovski, Roman Abramoviç, Qusinski və Xodorkovskinin dəstəyi ilə maliyyə mənbələri tapdı və xalqın pulunu qaytardı. Sonra növbə korrupsiya “babaları”na - zəhmətsiz gəlir sahiblərinə çatdı. Putin ilk növbədə oliqarxlardan, de-fakto onu hakimiyyətə gətirən və dəstəkləyən adamlardan başladı. Boris Berezovski əmlakı müsadirə olunmaqla, Rusiyadan qovuldu, Roman Abramoviç uzaq Yakutiyaya – “Qızıl yataqları”na ezam olundu. Qusinskinin də milyardlarına əl qoyuldu, ölkədən qovuldu, Xodorkovski isə, "Yukos" neft şirkəti müsadirə olunmaqla, Sibirdə türmə həyatına məhkum olundu. Korrupsiya qalmaqallarında adı hallanan yüksək səviyyəli mərkəzi hakimiyyət nümayəndələri vəzifəsindən azad olundu və onların yerinə Leninqrad klanının Medvedev, Kudrin, Miller, Seçin və s. üzvləri təyin olundu. 

Eyni zamanda, Rusiyanın Yeltsin dövründən qalmış demokratik yerli idarəetmə sisteminə də əl gəzdirildi, mərkəzi hakimiyyətə baş əyməyən yerli “padşahlar”a qarşı “səlib yürüşü” elan edildi. Müstəqil olmaq istəyən Çeçenistan qan içində boğuldu, qiyamçı liderlər terrorun qurbanı oldu. “Gözü çıxmış qardaş”dan qorxan Tatarıstan, Dağıstan və s. müstəqillik xəyallarından əl çəkdi. Az sonra Federasiya bölgələrinin prezident seçkisi tamam ləgv olundu, bölgə rəhbərinin təyinatı Prezident Putinin səlahiyyəti elan olundu. Növbə Rusiyada at oynadan və hər bölgədə öz adamları olan “cinayət aləmi”nə də çatdı. Cinayət aləminin xaç ataları - Ded Xasan və Yaponçik Moskvada məlum səbəblərdən naməlum şəraitdə öldürüldü. Vladimir Putinə etiraz edən siyasətçilər (Boris Nemtsov və s.) və jurnalistlər (Anna Politkovskaya və s.) Moskvanın mərkəzində güllələndi. Yeltsin dövründən öz mübarizliyi ilə seçilən qanunverici hakimiyyət də sındırıldı, yeni qaydalara uyğunlaşdırıldı. Ölkə parlamentinin hər iki palatasına Putini dəstəkləyən Vahid Rusiya partiyası sahibləndi. Bir sözlə, Rusiya de-fakto diktaturaya çevrildi.

Paralel olaraq, cənab Putin postsovet məkanına (Pribaltika respublikalarını çıxmaqla) da əl gəzdirdi. Keçmiş sovet federasiyasını bərpa edə bilməsə də, konfederasiya iddiasından da əl çəkmədi. Köhnə (1992) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bazasında eyni adlı yeni hərbi qurum (2000) yaradıldı. Bu qurumu MDB-nin gələcək “NATO”su hesab etmək olardı. Bütün postsovet məkanı Rusiyaya müxtəlif formalarda rüsum ödəməyə başladı. Kimi köhnə silah almaqla, kimi də Putin layihələrinə Rusiyada investisiya qoymaqla. Gürcüstan buna etiraz etdi cəzalandı, Abxaziya və Osetiya işğal olundu. Ukrayna etiraz etdi, Krım yarımadası işğal olundu. Ermənistan, Qazaxıstan vəziyyətlə barışmadı, hərəsi bir cür cəzalandı. Növbə yəqin ki, Avropaya gedən Moldovanındır, sadəcə olaraq, Putinin başı Ukraynada qarışıqdır. Moldovadan sonra növbə olsun ki, müstəqil siyasət yürüdən Azərbaycanındır. Rusiyanın Solovyov, Simonyan və s. hakimiyyət “bayquşlar”ı artıq bu barədə “ulayırlar”. Putin Ukraynada qalib gəlsə, yəqin ki, əli Orta Asiya respublikalarına da catacaq. Amma Allahın da işini bilmək olmaz... 

Sual oluna bilər ki, bütün bu dövlət çəkişmələrində və hökumət dəyişmələrinndə rus xalqı nə qazandı, Putindən istədiyini aldımı? Maraqlı sualdır, amma cavabı daha maraqlıdır. Hakimiyyətə milli marqların qoruyucusu, ədalətin carçısı, korrupsiyaya qarşı barışmaz mübariz kimi gələn Vladimir Putin bu istiqamətlərin heç birində axıra kimi getmədi. Doğrudur, Rusiyanın korrupsiyaya qurşanmış mərkəzi və yerli hakimiyyət nümayəndələri vəzifələrindən qovuldu, amma onların yerinə Putinin dostları, ya da dostlarının dostları təyin olundu. Putin faktiki olaraq, Yeltsinin “Ailə” klanının (bax: II yazı – Qızılın gücü) yerində daha böyük, daha acgöz “Dostlar” klanı yaratdı. Hazırda Rusiyanı bu klan idarə edir və ölkənin bütün iqtisadiyyatı bu klanın əlindədir. Təsəvvür edin ki, Rusiyada 120 milyarder bank fəaliyyət göstərir, onların da 100-ü Moskvada, 20-si Sakt Peterdurqda yerləşir və “Dostlar” klanının nəzarətindədir. Bölgələrdə olan maliyyə də bu bankların yerli filiallarının əlindədir. Təsdiq olunmamış məlumatlara görə, "Dostlar" klanının gündəlik qazancı 1 milyard dollardan yüksəkdir. Bir sözlə, Rusiyada vəziyyət dəyişməmişdir, I Pyotrun dövründə olduğu kimi, bütün iqtisadiyyat Moskva ilə Sankt Peterburqda cəmləşmişdir. Ural dağlarının o tərəfində - Sibirdə isə anarxiyadır, aclıqdır, faktiki olaraq, xalq taleyin ümidinə buraxılmışdır. Odur ki, imkanı olan Moskvaya, ya da Leninqrada qaçır, Sibir sürətlə boşalır. Amma müqəddəs yer boş qalmır” deyirlər, Çin sürətlə bu əraziləri öz təsiri altına alır... 

20 il hakimiyyətdə olan Vladimir Putin isə, yenə xalqın yox, yeni torpaqların marağındadır - adamın gözü doymur. Təsəvvür edin, Yaponiyanın tarixi torpaqlarını – Kuril adalarını, hətta yüz milyardlarla dollar təzminat qarşılığında qaytarmaq istəmir. Amma Ukraynada Rusiyanın “tarixi torpaqları” uğrunda sonu görünməyən qanlı müharibə aparır. Yeri gəlmişkən, Rusiya Ukraynaya qarşı ədalətsiz müharibəyə başlayandan bəri Putini Hitlerlə, hətta Stalinlə müqayisə edirlər. Şərəfsiz müharibə davam etdikcə, müqayisə edənlərin sayı ədədi silsilə ilə artır. Putini hətta Putler adlandıranlar var, Pustalin çağıranlar da yəqin olar. Amma sözümün canı var... Əvvəla, bu cür müqayisələr qüsurludur - şəxsiyyətin yaşadığı tarixi-siyasi zaman və məkan var, şəxsiyyətin miqyası və missiyası var. Putinin nə zaman və məkanı, nə də miqyası müqayisə olunduğu şəxsiyyətlərlə uyğun gəlir. Zaman və məkan məsələsi aydındır, XXI əsr XX əsrdən tamam fərqli bir dünyadır. Burda müasir silahlar yox, qabaqcıl texnologiyalar danışır, burda adamlar, xalqlar yox, pullar, kapitallar yarışır. Odur ki, keçək şəxsiyyətin miqyası və missiyası məsələsinə...

Hitler və Stalin ideya adamı olublar, pis-yaxşı, amal uğrunda vuruşublar, “yorğan davası” aparmayıblar. Deməli, Hitler “alman nasizmi” ideyası, demokratik seçkilər yolu ilə, 30-cu illərdə Almaniyada hakimiyyətə gəlib. Sizə təəccüblü gəlməsin, Hitlerə, onun partiyasına 30 milyon alman səs verib. Hitlerin “Mübarizəsi”ni oxuyanlar bilir, bu adam başdan ayağa millətçi (nasist) olub. Amma millətçiliyin, yəni nasizmin faşizmə keçməsi bir ayrı müsibətdir və Hitlerin faciəsini tam xarakterizə edir. Stalin hakimiyyətə dövlət çevrilişi yolu ilə (özləri “inqilab” deyirdilər) gəlsə də, ideya adamıdır, amma nə nasist, nə də faşist deyil, təpədən dırnağa kommunistdir. Bu adam ona “gürcü” deyəndə əsəbiləşirdi, “kommunistin milləti olmur”deyirdi. O, kommunizmə sitayiş edirdi, bütün dünyanın gələcəyi hesab edirdi. Əslində, Stalin də, Hitler kimi Hapoleon fenomenidir. Yəni kasıb ailədən çıxan adi bir oğlan yalnız öz ağlı, qabiliyyəti və siyasəti sayəsində hakimiyyət zirvəsinə yüksəlir və dünyanın üçdən birinə nəzarət edir…

Beləliklə, Vladimir Putini nə şəxsiyyəti, nə miqyası, nə də missiyası müqayisə olunduğu şəxsiyyətlərə uyğun gəlir. Onun Stalin və Hitlerlə yeganə oxşar cəhəti, olsun ki, Napoleon fenomenidir. Amma onlardan fərqli olaraq, Putin ideya adamı deyil, onun amalı dünyanın varıdır. Odur ki, nə siyasi ideya, nə milli maraqlar, nə də mənəvi dəyərlər uğrunda mübarizə aparır, onun fikrincə “siyasət pul qazanmaq” deməkdir. Obrazlı desək, Vladimir Putin Cek Londonun “Həyat eşqi” hekayəsinin məşhur qəhrəmanını xatırladır. Hekayədə adam o qədər ac qalır ki, gəmidə harda çörək görsə oğurlayır, yorğanın içinə yığır, “sabah”a saxlayır. İndi Putin də o qədər kasıbçılıq çəkib ki, ölkədə harda pul görsə oğurlayır, qamarlayır, zorla, silahla alır… Dünyaca məşhur olan keçmiş milyarder, ictimai-siyasi xadim Mixail Xodorkovski də deyir ki, Putin nə nasistdir, nə faşistdir, nə də kommunistdir, sadəcə olaraq, banditdir. Bandit də, aydındır ki, ölkəni “bandit” kimi, yəni qanunlarla yox, zorla, yalanla, qorxu ilə idarə etməlidir... 

Bəli, bu gün Rusiya diktaturası tiraniyaya çevrilir. Müxalifət liderləri güllələnir, zəhərlənir, ən yaxşı halda, türmədədir. Bu gün bütün ölkənin bütün sərvətləri, maliyyə mənbələri, silahlı qüvvələri və ictimai rəyi Putini dəstəkləyənlərin əlindədir. Postsovet məkanının işğalı da davam edir. Dünyanın gözü qarşısında Avropanın bir hissəsi olan Ukrayna məhv edilir. Başda ABŞ olmaqla, bütün Qərb dünyası isə aktiv seyrçi mövqeyindədir, arabir Rusiyanı təhdid edən bəyanatlar verir, sanksiyalar tətbiq edir, Ukraynaya da ancaq çıxdaş olunmuş və ancaq müdafiə məqsədli silahlar göndərir... Putin tiraniyası isə, ölkə daxilində olduğu kimi, ölkə xaricində də öz işindədir... 

Deməli, Aristotelin tsiklik hakimiyyət nəzəriyyəsi Rusiya gerçəkliyində olduğu kimi, bütün zamanlarda və məkanlarda öz aktuallığını itirmir... Qarşıda Rusiyanı yeni inqilablar gözləyir...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR