Hafiz Hacıyev: "Düşünürəm ki, gələn ilə qədər Fransanın prezidenti istefa verəcək"

img

15-05-2014 [19:40]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müsahibə verib. Müsahibəni təqdim edirik.

- Fransa prezidentinin Azərbaycana səfərindən sonra İrəvana getməsini və oradan Türkiyəyə qondarma "erməni soyqırımı” ilə bağlı çağırış etməsini necə qiymətləndirirsiniz?


- Fransa hər zaman ermənipərəst mövqedən çıxış edib. Əslində, belə də olmalı idi. Gözləməli idik ki, Fransa prezidenti gəlib Dağlıq Qarabağ münaqişəsinin həllində bizə dəstək olacaq? Bu, yanlış düşüncədir.

Bu gün Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində öz gücünə güvənməlidir. Mən əminəm ki, ölkə prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində biz buna nail olacağıq.
Fransa prezidenti Fransua Ollandın ikiüzlü siyasət yürütməsi prezidentə yaraşan hərəkət deyil. Azərbaycanda böyük inkişafı görən Olland buna qısqanclıqla yanaşdığı üçün buradan erməni qardaşlarının yanına getdi. Azərbaycandakı satqınlar da ilk dəfə qondarma "erməni soyqırımı”nı tanıyan dövlətin prezidenti ilə görüşə getməyi toy-bayram etdilər, qondarma "erməni soyqrımı”nı tanıyan bir insana donoslar verdilər.

Təklif edirəm ki, Leyla Yunus və satqınlar Azərbaycandan deportasiya edilsinlər və göndərilsinlər erməni qohumlarının yanına. Nə qədər Azərbaycanda satqınlıq edən insanlar var, Fransa hamısına qucaq açıb.

Müasir Müsavat Partiyasının idarə heyətinin növbəti iclasında Ermənistanın "ikinci prezidenti” olan Fransua Ollandla bağlı xüsusi bəyanatımız olacaq. Yaxın günlərdə Fransa səfirliyi qarşısında aksiya da keçirəcəyik. Ona satqınlıq edənlərin qulağı kəsilməlidir.
Fransua Olland öz arvadına sahib çıxmağı bacarmadı. Öz ailəsində sözü keçməyən bir insandır. O kimdir ki, onun fikirləri Türkiyə üçün əhəmiyyət daşısın. Düşünürəm ki, gələn ilə qədər Fransanın prezidenti istefa verəcək. Onun yüngül həyat tərzi keçirməsi fransız xalqının diqqətindən kənarda deyil.

- Azərbaycan bu il "Eurovision-2014” yarışmasında əvvəlki illərlə müqayisədə, olduqca, aşağı nəticə göstərdi və 22-ci yerə layiq görüldü. Ermənilər isə 4-cü yerdə qərarlaşdı. Bu barədə fikirlərinizi bilmək istəyirik...

- Təəssüflər olsun ki, bəzi nazirlər, məmurlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Bu dəfə "Eurovision-2014” bizi məyus etdi. Əvvəlki yarışmalarda Azərbaycan yüksək nəticələr göstərirdi. Axırıncı yarışmada isə bu işlə məşğul olan insanlar şərait yaratdılar ki, ermənilər bizdən qabaqda olsunlar. Onlardan, hansı məqsədlə məsuliyyətsizliyə yol verdiklərinə aydınlıq gətirmələri tələb olunmalıdır. Bu məsələlərdə İTV üzərinə düşəni məsuliyyətlə yerinə yetirməli idi. Təəssüflər olsun ki, bu televiziya nə işlə məşğul olduğunu heç özü də bilmir. Vicdanları olmalıdır, düşünməlidirlər ki, bu, Azərbaycanın adıdır.

-İctimai Televiziyadan söz düşmüşkən... İTV-nin fəaliyyətini necə dəyərləndirirsiniz? Son vaxtlar partiya sədri olaraq, çıxış üçün müraciət etmisinizmi?

- Müasir Müsavat Partiyası olaraq, Leyla Yunusla bağlı mövqeyimizi ictimaiyyətə çatdırmaq üçün, İctimai Televiziyaya rəsmi müraciət etmişdik. Amma, təəssüflər olsun ki, şərait yaradılmadı. İTV-nin bu günki fəaliyyəti, açığı, məni qane etmir. Üzərinə düşən vəzifəni icra etmək əvəzinə başqa işlərlə məşğul olur. Bu da yolverilməzdir.

Həsən Babayev/Aktual.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA