Əli Əliyev Fransa prezidentinin səfərini şərh edib

img

14-05-2014 [12:34]


"Fransa prezidentinin Azərbaycana səfəri siyasi çevrələrdə fəallıq yaradıb. YAP xüsusi aqressivlik nümayiş etdirir. Nəzarətində olan mətbuatın və siyasilərin danışdırılması ilə yanaşı, partiya rəsmiləri də başa düşülməyən kin ifadə edirlər".

Bu fikirləri VİP sədri Əli Əliyev səsləndirib. Partiya sədri daha sonra aşağıdaki fikirləri qeyd edib:
Əvvəla, başqa dövlətlərin Azərbaycana verə biləcəyi faydanı o qədər ehtimallı saymıram. Dünyada mövcud dövlətlərin hər biri öz dövlət və əhalisinin maraqlarından çıxış edir. Mən əminəm ki, ölkəmizdə demokratiya, insanların təməl haqlarınınbügünkü vəziyyəti həm də Qərb tərəfindən sanksiyalaşdırılıb. Böyük dövlətləri vətəndaşlarımızın necə yaşaması deyil, Azərbaycanın resurslarından necə faydalanmaq məsələsi daha çox düşündürür. Ona görə də onların bu maraqları təmin etməyi bacaran YAP iqtidarının siyasi müstəvidə həyata keçirdiyi tədbirlərə göz yumur, hətta susqunluqları ilə bərait də qazandırırlar.
Onda nədən belə ortaqlıq münasibətlərində olan Fransa prezidentinin səfəri yapçıları və onların yandaşlarını belə qeyzləndirib. Unutmaq lazım deyil ki, son 20 ildə prezident seçilən YAP namizədləri ilk səfərlərini məhz Fransaya ediblər. Fransanın Azərbaycan siyasi həyatındakı rolunu həm də orada sıxınacaq alan müxalifətçilərin sıxlığı ilə də ölçmək olar.
YAP-ın reaksiyasından belə başa düşülür ki, cənab Ollandın səfəri onları narahat edib. Səfər zamanı reytinqi ölkəsində xeyli aşağı düşmüş Fransua bəy prinsipiallıq nümayiş etdirərək, formalaşmış bir sıra ənənələri pozmuş oldu. Onun müxalifət, mətbuat, QHT sektorunun təmsilçiləri ilə görüşməsi, Fransa dövlətinin Azərbaycandakı siyasi proseslərə münasibətini nümayiş etdirdi. Səfirlik isə tərtib etdiyi protokolla ənənənin pozulmasını bir qədər də dərinləşdirib. Beləki, Fransa prezidenti yalnız Şəhidlər xiyabanını ziyarət etməklə, Azərbaycan siyasi rəhbərliyinin beynəlxalq protokola özəl münasibətini nəzərə almayıb. İstisna etmirəm ki, hər 2 amil hakimiyyət nümayəndələrini narahat edib.
Mənə də zəng edən bəzi mətbuat nümayəndələri dəvət almamağımla bağlı sərt mövqeyimə ümüd edirdilər. Lakin məsələyə münasibətim belədir: Müsyö Olland səfəri zamanı diplomatik pariteti bir çoxlarından fərqli olaraq qoruya bilib. Qısa müddətli səfəri zamanı sıx qrafikində iqtidarla görüşdüyü kimi, siyasi sferanın digər vahidləri ilə də görüşməyə ilgi nümayiş etdirib. Fikrimcə, bununla cənab Olland dövlət üçün vacib atribut sayıla biləcək müxalifətə, müstəqil mətbuata, qeyri hökümət sektoruna sayğı nümayiş etdirib. Şəhidlər xiyabanını ziyarət etməklə isə, o Azərbaycan dövləti uğrunda canlarından keçmiş müqəddəs şəxlərimizə ehtiramını ifadə edib.
Hesab edirəm ki, YAP siyasətini müəyyənləşdirənlər belə seçimdən narahat olmalı deyillər. Əksinə Fransa prezidentinin diplomatik pıçıltısına qulaq verməli və siyasi preoritetlərini yenidən nəzərdən keçirməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA