Müsavat qurultayının vaxtını dəyişdi

img

13-05-2014 [22:05]


Müsavat Partiyası bəyanat yayıb. Bəyanatda partiyanın qurultayının vaxtının dəyişdirildiyi qeyd olunub.

"Artıq bir neçə ildir ki, hakimiyyətin öz funksiyasını yerinə yetirməməsi səbəbindən Müsavat Partiyası özünün ali idarəetmə orqanı olan qurultayını keçirə bilmir. Belə ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti bizə 800-1000 nəfərin yerləşə biləcəyi zal ayrımaqdan imtina edir.
"Siyasi partiyalar haqqında” qanuna və öz Nizamnaməsinə uyğun olaraq Müsavat Partiyası bu ilin fevral ayının 11-də Bakı şəhər İcra Hakimiyyətinə 5-ci dəfə müraciət etsə də, onlardan Konstitusiya Qanunu ilə məyyən edilmiş 16 günlük, ən geci bir aylıq müddətdə cavab ala bilməyib. Partiya qurultayın keçirilməsi üçün siyasi hakimiyyətin məneələrini aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət edib. 12 may 2014-cü ildə keçirilən məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məktuba "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna istinad edərək, müraciətdə qurultayın keçirilmə günü kimi qeyd edilən vaxtdan – 24 maydan 3 gün qabaq cavab veriləcəyini bildirib.
İcra Hakimiyyətinin nümayəndəsinin vədəndaşların müraciətlərə cavab verilməsi qaydasını, partiya qurultayı ilə sərbəst toplaşmaq azadlığına daxil olan kütləvi tədbirlər arasındakı hüquqi fərqi bilməməsi, hətta qeyd edilən qanunu oxumadan belə məhkəməyə gətirib, nümayiş etdirməsi 2 milyondan artıq insana rəhbərlik edən qurumun hansı acınacaqlı vəziyyətdə olduğunu və onların qanuna münasibətinin səviyyəsini təsdiqləyir.
Bakı şəhər İcra Hakimiyyətinin başçısının Müsavat Partiyasına qurultay keçirmək üçün 650-700 nəfərlik yer verəcəyi, lakin partiyanın özünün qurultay keçirmək niyyətində olmaması barədə APA-ya verdiyi açıqlaması ilə qondarma "gül” bayramını bəhanə edərək, yer ayırmaq üçün vaxtının olmaması bəhanəsi və eləcə də 11 fevral 2014-cü il tarixində ünvanlanmış məktuba cavab vermək üçün yenidən 9 gün vaxt istəməsi və məhkəmə prosesinin də həmin müddətə təxirə salınması siyasi oyunbazlıqdan başqa bir şey deyil.
Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunun gecikdirməsini, partiyanın qurultayının keçirilməsi üçün partiyanın Nizamnaməsi və təlimatlarına uyğun olaraq ən azı bir ay vaxtın lazım olduğuna əsas götürərək (başqanlığa, sərbəst Məclis üzvlüyünə və MNTK-ya namizədlərin irəli sürülməsi, namizədlərin təbliğat kampaniyasının aparılması və s. texniki işlərin görülməsi üçün), özünün qurultayını 21 iyun 2014-cü ildə keçirilməsi və bu barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi haqqında qərar qəbul edib.
Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətini bu vaxta qədər olan maneələrə son qoyaraq və verdiyi sözə əməl edərək, "Siyasi partiyalar haqqında” qanuna əsaslanaraq, Müsavat Partiyasına 21 iyun 2014-cü il tarixdə qurultay keçirməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi zalın ayrılmasına çağırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA