Müsavatın növbəti divan toplantısı keçirilib

img

12-05-2014 [18:46]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.


Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

Yığıncaqda İsa Qəmbər hazırda Azərbaycanda rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandın Azərbaycan demokratik qüvvələrinin nümayəndələri ilə görüşü haqqında məlumat verib.

Müsavat Partiyası, "N!DA”, AXCP, VHP, "REAL” və Azad Gənclik Təşkilatı nümayəndələrinin 18 may 2014-cü il tarixdə Bakı şəhərində "Siyasi məhbuslara azadlıq!” tələbi ilə mitinq keçirmək istəkləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmələri təqdir edilib və Müsavat Partiyası üzvlərinin mitinqə hazırlıq işləri müzakirə olunub.

Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması məqsədilə Bakı şəhər İH-nə 12 fevral 2014-cü il tarixində etdiyi müraciətə vaxtında cavab vermədiyinə görə məhkəməyə müraciətinə bu gün məhkəmə iclasında baxıldığı haqqında məlumat verilib. Məhkəmə zamanı Bakı şəhər İH-nin nümayəndəsinin 24 may 2014-cü ilə keçirilməsi planlaşdırılan qurultaya yer ayrılması ilə bağlı müraciətə may ayının 21-də cavab veriləcəyi bildirilib və bu səbəbdən məhkəmə mayın 21-dək təxirə salınıb. Müsavat Partiyası bu cür hüquqa zidd arqumentin Bakı şəhər İH-nin qabaqcadan Müsavat Partiyasının qurultayının keçirilməsinə maneçilik cəhdi kimi qiymətləndirərək, hakimiyyəti bu məsələdə qanunauyğun addımlar atmağa dəvət edib.

Divan "NİDA”çılara heç bir günahları olmadığı halda uzunmüddətli həbs cəzası verilməsini və bu hala etiraz edən fəalların həbs olunaraq 15 sutkadan 30 sutkaya qədər azadlıqdan məhrum edilməsini, ciddi cərimələrlə cəzalanmasını pisləyib və bu qeyri-qanuni cəzalrın ləğvini, gənclərin tezliklə azad olunmasını tələb edib.

Yığıncaqda ölkə başçısının son çıxışları zamanı Dağlıq Qarabağ probleminin yaranmasında və bu günə qədər həll olunmamasında real müxalifət qüvvələrini

hədəfə alması, hadisələrin əsl səbəbkarları olan Ermənistan və Rusiyanı bu məsələdən kənarda saxlamaq və mövcud rejimi məsuliyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirilib.

Müsavat Partiyası Ukraynada baş verən hadisələri diqqətlə izlədiyini və Ukrayna hakimiyyətinin ölkənin ərazi bütövlüyünün qorunması və Avropa İttifaqına inteqrasiyası istiqamətində səylərini dəstəklədiyini bəyan edərək, beynəlxalq qüvvələri bu məsələdə Ukrayna xalqına hər cür dəstək verməyə çağırıb.

Sonda cari məsələlərə baxılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA