Elçin Behbudov cəbhəçi xanımın polisdə döyüldüyünü təsdiqlədi - AÇIQLAMA

img

10-05-2014 [22:26]



Mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiklərinə görə saxlanan 26 nəfər etirazçıdan 5 nəfəri barədə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs cəzası müəyyənləşib. Digər saxlananlarmüxtəlif pul cərimələri və xəbərdarlıq edilməklə sərbəst buraxılıb. 

Aksiyada saxlanılanlardan Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, NİDA-çı Şəfi Şəfiyev və "Dalğa” Gənclər Təşkilatından Hacı Zeynalov 15 sutka, bitərəf gənc fəal Orxan Eyyubzadə 20 sutka və AXCP üzvü Kəmalə Bənənyarlı isə 30 sutka inzibati həbs cəzası almışdı.

Aksiyada saxlanılan AXCP üzvü Kəmalə Bənənyarlının polis idarəsində döyülməsi barədə iddialar var. Məlumatlara görə, hazırda onun səhhətində ciddi problemlər yaranıb.

Hüquq müdafiəçisi Elçin Behbudov musavat.com-un müxbirinə deyib ki, Kəmalə Bənəniyarlı ilə bağlı təcridxanaya tez-tez Təcili Tibbi Yardım maşını çağırılır: "Kəmalə Xəlilovanın vəziyyəti ağırdır. Çünki o, polis idarəsində başından ağır zərbələr alıb. Onu yoxlamağa gələn həkimlər də səhv məlumat yayıblar. Yazıblar ki, guya onda miqren (baş ağrısı) var. Onun üçün gələn hər üç həkim səhv diaqnoz qoyub. Bazar ertəsi günü həkimimlə təcdirxanaya gedəcəm. Eyni zamanda onun döyüldüyü polis idarəsinə də gedəcəm. Hər gün Kəmalə xanım üçün Təcili Tibbi Yardım maşını gəlir. Bu işlə ciddi maraqlanıram. Heç kəs narahat olmasın”.

Bu gün övladları Kəmalə xanımla görüşüblər. Bu barədə musavat.com-a onun qızı Səidə Xəlilova məlumat verib.

Onun sözlərinə görə, anasının vəziyyəti günbəgün mənfiyə doğru gedir: "Anamın vəziyyəti acınacaqlıdır. Başında şiş var. Tez-tez onda ürək bulanmaları olur. Bu gün həkim anama təzədən guya ki, başında miqren olmasıyla bağlı diaqnoz qoyub. Anam bunun səbəbini soruşanda həkim "məndə günah yoxdur” deyib. Hər kəsi əmin edirəm ki, anamda miqren yoxdur. Tez-tez özündən gedir. Dodaqları partlayıb. Bunun da səbəbi anam özündən gedəndə ona zorla su verilməsiylə bağlıdır. Bu gün də anam üçün Təcili Tibbi Yardım maşını gəlib. Aparılan yeməyi verməyə icazə vermirlər. Polis ona yalnız təcridxana daxilində olan yeməklərin verildiyini dedi. Kamerda yanında bir nəfər var. Bu gün o da çıxacaq. Ondan sonra anam tək qalacaq. Anam növbətçilərdən razıdır. Hər kəsə salam söylədi. Dedi ki, "heç kəs narahat olmasın, mübarizə hər an davam edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA