Əli Əliyevdən baş verənlərə silisilə münasibət

img

06-05-2014 [21:20]



"Son günlər Rusiya məsələsi yenidən aktuallaşıb. Hesab edirəm ki, NİDA-çıların qanunsuz mühakiməsindən sonra bu məsələ diqqət yetirilməli ən vacib mövzudur. Hərçənd Rusiya məsələsi ətrafında susmağa üstünlük verənlər mözuya toxunmağı iqtidarın sifarişi kimi qələmə verməyə çalışırlar".


Bu fikirləri mia.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Paryiya sədri bildirib ki, qlobal dəyişiklik xarakterinə malik Kreml planları Azərbaycanın siyasi diqqətindən kənarda qalmamalıdır: "Neçə vaxtdır düşünülmüş şəkildə susuruq ki, müzakirəyə çıxarılan mövzuya aid məsələlər haqda danışılsın. Təəssüf olsun ki, Rus ordularının geri çağırılması kimi təhlükəli mövzu barədə yalnız Sərdar bəy və Cəmil Həsənli danışdılar. Hamı susur, hamı manevr edir-siyasətlə məşğuldurlar. Ola bilər, kimsə səmimi olaraq Rusiyanı təhlükə olaraq görmür və yaxud da Rusiyanın qayıdışını arzulayır. O şəxslərə yanıldıqlarını bildirmək istəyirəm. Bu kateqoriyadan olanlara nəyi isə başa salmaq olar. Təhlükəliləri qayıdışın(yenidən işğalın) nə demək olduğunu başa düşərək sərsəm fikirləri dövriyyəyə buraxanlar, onlardan da məkrlisi bu göstərişi verənlərdir. Bizim yanaşmamız nədən ibarətdir? Heç şübhəsiz ki, Putin imperiyanı bərpa etmək arzusunda qalmaqdadır. Ən azı Ukraynanın sövq edildiyi müharibə buna sübutdur. Azərbaycan strateji əhəmiyyətinə görə Ukraynadan daha mühüm mövqelərə malikdir. Yalnız Avropa bazarına Azərbaycan qazının çıxarılma perspektivi və yaxud Orta Asiya karbohidrogen ehtiyatlarının Rusiyadan yan keçməklə ötürmə imkanlarımız Kreml başbilənlərini qıcıqlandırır. "Qazprom"un rəsmisi Milner 3 il bundan əvvəl Bakıya gəlişi zamanı bütün Azərbaycan qazının topdan alınması barədə təklif səsləndirmişdi. İlk baxışda təklif olunan qiymət, hər 1000 kub m üçün 350 ABŞ dolları da, zahirən pis qiymət deyildi. Eyni təklif Türkmənistan rəhbərliyinə də edilmişdi. Məqsəd Avropa enerji bazarının tək inhisarçısına çevrilmək idi. Bu status Rusiyanın siyasi ambisiyalarının həyata keçirilməsi üçün alət olmalıymış".

VİP sədri onu da qeyd edib ki, son dövrlər Kremlin dünyaya elan etdiyi demarş velikorus şovinizminin növbəti dəfə oyanışının göstəricisidir. "Belə təhlükəli və həssas dönəmdə Türkiyəyə qarşı aqressiya nümayişi, sonra da guya vətənpərvərlik nümayiş etdirərək suverenlik əvəzinə Qarabağ düsturunu ictimai rəyə sırımaq cəhdi təsadüf deyil. Bu fikri səsləndirənlər ölkə üçün təhlükə deyil. Onlar nə ictimai rəyə təsirləri, nə də imkanları ilə bu işdə həledici məqam deyillər. Lakin onları bu oyuna cəlb edənlər kifayət qədər güclü və təhlükəlidirlər. Belə şəxslər iqtidarın içində də vardırlar. Ötən il hadisələrində YAP qurultayının ABŞ səfiri ilə görüşdən sonra vaxtının 2 ay önə çəkilməsi elə bilirəm, iqtidardaxili həmin qrupdan saçan təhlükə ilə əlaqədar idi".- deyə Ə.Əliyev vurğulayıb.

Bu qüvvələrin Rusiya sevgisi təkcə nostalji hisslə bağlı olmadığı qənaitində olduğunu deyən partiya sədri deyib ki,  Azərbaycanda qalmaqala çevrilmiş nurçu olayı bir daha sübut edir ki, zaman-zaman iqtidarda başqa dövlətlərin xahişi ilə insanlar, qruplar, hətta heyətlər yerləşdiriliblər: "Zamanı çatanda iqtidar məqamına yüksəlmənin qarşılığı ödənilməlidir. Əks halda o dövlətlər nədən kimlərəsə himayədarlıq etməlidir?

Görünən odur ki, həmin qüvvələr hərəkətə keçmək niyyətindədirlər. Əllərində olan mətbuat və kadrları vasitəsilə əvvəl Ərdoğanın başsağlığını bəhanə edib Türkiyəyə hücum təşkil etdilər. Sonra isə abidə olayı gündəmi zəbt etdi.
Bütün vətəndaşlarımız bilir və bilməlidir ki, Türkiyə bizim birinci dostumuz, qardaş dövlətimizdir. Onun gücü bir çox qüvvələri Azərbaycanla bağlı planlarından daşındırır. Türkiyə ilə gərginlik yaradılması təşəbbüsü Azərbaycanı beynəlxalq arenada təkləmək məqsədi daşıyır. Dayaqdan məhrum olmuş dövləti Rusiyaya tərəf aparmaq daha asan ola bilər.
Nəyə görə Rusiyaya tərəf? Çünki Türkiyə hücumlarının arxasınca dərhal müdrik "düstur" səsləndirildi. Belə ardıcıllıq və bəyanat müəllifinin eyniliyi planın nədən ibarət olmasını ortaya qoyur. Həqiqətənmi bəyanat müəllifləri və ya onların qeyri-rəsmi müdirləri 25 il mücadilə verən millətimizi belə bəsit fikirlərlə Rusiya köləliyinə qaytarmağı düşünürlər?
Bir də necə olur ki, ölkə başçısı rəsmi səviyyədə Türkiyəni müdafiə edir, görünən qədər Rusiyaya meyllənmir, lakin onun işçilərinin himayə etdikləri Türkiyəni aşağılamağa cəhd edir, Rusiya qoşunlarını ölkəyə dəvət edir? Bəlkə kimlərsə komandanın daxilindən kimlərəsə mən daha yaxşı oğlanam mesajını göndərir?Olmaya iqtidar gəmisində qiyam hazırlanır? Bəlkə kimlərinsə bu yolla borcu qaytarılır? Suallar çoxdur. Onu deyə bilərəm ki, keçməyəcək.
Mövzunun qabardılmasında iqtidar izi axtaranlara onu deyərdim ki, bu versiyanın xeyrinə arqument axtarmağa cəhd etdim, tapa bilmədim. Lakin açıq şəkildə Rusiya layihəsində yer almağın, indi isə bütün dünyanın məşğul olduğu Şimal təhlükəsini görməzliyin adını bilirəm, səsləndirməyi lazım bilmirəm.
Sonda isə bir hadisəni qeyd etmək istəyirəm. Bu gün məhkəmələrimiz adına növbəti biabırçılıq baş verib. Saf, mübariz, intellektual, vətənpərvər NİDA-çı gənclərimiz barədə hökm oxundu. Onların məhkəmədəki son nitqləri simasız siyasətçi, hakim, ziyalı və digər simasız vətəndaşlarımız üçün rekviyemdir.
Cənubi Koreyada batan gəmidə xeyli sayda məktəblini gəzintiyə aparan müəllim xilas olmasına baxmayaraq, vicdanı qarşısında tab gətirməyərək, intihar etdi. Hərçənd ki, uşaqların tələf olması günahı onun üzərində deyildi.
Bu gün gələcəyimizin təminatçısı olan gəncləri həbsə atan hakimlər, onlara bu sifarişi verənlər nədən intihar etmirlər. Nədir koreyalı müəllim ilə bizim hakimlərimiz arasındakı fərq? Bəlkə YAP-ın bizə təlqin etdiyi əxlaq və dünyagörüşü? Yeri gəlmişkən həmin hadisədən sonra baş nazir də istefa ərizəsi yazmışdı".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA