YAP-çı deputatın polislərdən "hərbi salam" tələbi...

img

06-05-2014 [19:48]


Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, deputat, zavod direktoru, yazıçı Hüseynbala Mirələmovun polis əməkdaşlarından çox ilginç tələbi olub


Bu barədə virtualaz.org saytına hadisə şahidləri məlumat verib. Belə ki, məlumata görə, deputat Mirələmov hər dəfə YAP Xətai rayon təşkilatının yerləşdiyi binaya gələrkən binanın mühafizəsini həyata keçirən polis əməkdaşlarından ona hərbi salam verilməsini tələb edib. Bu isə polis əməkdaşları tərəfindən narazılıq dolu təəccüb hissləri ilə qarşılanıb.

Məlumatda bildirilir ki, Hüseynbala Mirələmov YAP-ın binasına gələrkən polis əməkdaşlarından ona "çest” verməsini dəfələrlə, özü də amiranə tərzdə istəyib.

Polis əməkdaşları isə ağsaqqal YAP-çı deputat təşkilatın binasına gələndə hörmət əlaməti olaraq həmişə ayağa qalxsalar və adi qaydada salamlaşsalar da hərbi salam vermək tələbini heç cür başa düşməyiblər. Mirələmov israrında davam edincə onun bu tələbindən narahat olan polis əməkdaşları deputatın bu istəyi ilə bağlı yuxarı rəislərə məruzə ediblər. Şikayət rəhbərliyə çatandan sonra Hüseynbala Mirələmov bu tələbindən əl çəkib. Ona izah olunub ki, mövcud qaydalara və nizamnaməyə görə, hərbi geyimdə olan hərbi qulluqçular mülki şəxslərə hərbi salam verməməlidir.

Əldə etdiyimiz bu məlumatla bağlı YAP-çı deputatın da fikirlərini öyrənmək istədik. Lakin gün ərzində zənglərimizə deputatın yalnız köməkçiləri cavab verdilər. Onlar Hüseynbala Mirələmovun iclasda olduğunu dedilər.

Sonuncu zəngimizə cavab verən xanım da özünü deputatın köməkçisi kimi təqdim etdi. Ondan belə bir hadisədən xəbərdar olub-olmadığını soruşduq. Belə bir hadisənin qətiyyən olmadığını deyən köməkçi xətti daha artıq məşğul edə bilmədiyini söyləyərək telefonu həyəcanlı şəkildə söndürdü.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA