Akif Nağı:"Nə Prezident, nə də Xarici işlər naziri düşmən tərəfin əlini sıxmamalıdır"

img

04-05-2014 [23:52]


Jurnalist Rauf Mirqədirovun, hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşının "xalq diploma-tiyası" adı altında ermənilərlə müəyyən təmas qurmaları və bu müstəvidə həbslərin gündəmə gəlməsi yeni polemikaya səbəb olub. Bununla bağlı müxtəlif fikirlər səslənsə də, hələlik hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək çətindir.Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bununla bağlı ciddi araşdırma aparılmasını təklif edir:
- Bu məsələlərlə bağlı bizim mövqeyimiz birmənalıdır. Biz neçə ildir ki, bu məsələ ilə bağlı ortaya prinsipial mövqe qoyuruq. Bu prosesin qarşısını almaq üçün imkanlarımız daxilində fəaliyyət göstərir, ya bəyanatlar qəbul edir, ya da aksiyalar keçiririk. Hesab edirik ki, "xalq diplomatiyası"nın Qarabağ münaqişəsinin həllində heç bir müsbət rolu ola bilməz.
Amma bizim fəaliyyətimizdə kimisə cəzalandırmaq, kimisə həbs etdirmək məqsədi olmayıb. Bizim məqsədimiz ondan ibarətdir ki, bu prosesdə iştirak edən insanlar Azərbaycanın milli maraqlarına zərbə vurduqlarını başa düşüb, bu yoldan çəkilsinlər.
- Axı, "xalq diplomatiyası" formatını dövlət də dəstəkləyir və bəzi hallarda onun təşkilini həyata keçirir...
- Hansısa nazir, deputat, yaxud başqa bir rəsmi şəxsin bu prosesdə iştirak eləməsinin bizim üçün fərqi yoxdur. Bu məsələdə hamıya eyni münasibəti bəsləyirik. Biz Ramil Usubova da, Allahşükür Paşazadəyə qarşı da çıxış eləmişik, Milli təhlükəsizlik naziri erməniləri Bakıya dəvət edəndə də etirazımızı bildirmişik. Dəfələrlə bu tələblərlə aksiyalar keçirib, həbs olunmuşuq. Yəni, bu məsələ ilə bağlı mövqeyimiz birmənalıdır, geri çəkilmək niyyətində deyilik. Hesab edirik ki, bu proses ermənilərin maraqlarına xidmət edir. Ona görə də belə görüşlərə qarşı çıxırıq. İndi şükürlər olsun ki, dövlət tərəfindən də buna qarşı hansısa addımlar atılır. İstərdik ki, bu, kampaniya xarakteri daşımasın, prinsipial mövqeyə çevrilsin.
- "Xalq diplomatiyası"na, münaqişə tərəfi ilə hər hansı bir təmasa razı deyilsinizsə, bəs təklifiniz nədir?
- Bir müddət əvvəl də bəyan etmişdik ki, işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır. Qanunda birmənalı şəkildə yazılmalıdır: "Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, müharibə qurtarmayıb, Ermənistanla düşmənik". Bu mənada, hər hansı formada "xalq diplomatiyası"nın həyata keçirilməsinə yol verilməməlidir.
Bir məsələni də qeyd edim ki, "xalq diplomatiyası" ilə bağlı Qarabağ Azdlıq Təşkilatının təşkilatçılığı ilə böyük bir forum keçirildi. O vaxt biz İctimai-siyasi təşkilatların Koordinasiya Şursı deyilən bir qurum for-malaşdırmışdıq. Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların rəhbərləri o tədbirdə iştirak elədi. Bircə YAP-ın nümayəndələri yox idi. Amma digər qüvvələr, tanınmış QHT-lər foruma qatılmışdı. Orda bir sənəd qəbul elədik ki, nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistanla Azərbaycan arasında hansısa səfərlər, gediş-gəlişlər yolverilməzdir.
- Sizin də yaxın olduğunuz müxalifət düşərgəsi Leyla Yunus, Rauf Mirqədirov və digərlərinə qarşı olan təzyiqləri pisləyir, bu məsələyə görə hakimiyyəti ittiham edir. Müxalif düşərgənin bu mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycan müstəqil dövlətdir. Hər bir vətəndaş, xüsusiylə də siyasi cəhətdən təşkilatlanmış qurumlar, partiyalar, QHT-lər istənilən məsələ ilə bağlı Azərbaycanın maraqlarını düşünməlidir. Çalışmalıdırlar ki, ölkədə normal bir cəmiyyət formalaşsın. Normal cəmiyyətin formalaşmasına hər kəs öz töhfəsini verməlidir. Bu zaman ən böyk amil obyektivlik olmalıdır. Kiminsə günahının olub-olmamasına baxmadan, müxalif düşərgədəndir deyə, onu müdafiə etmək yanlış mövqedir. Təəssüf ki, müxalifət Rauf Mirqədirovu, Leyla Yunusu və prosesdə iştirak edən digər adamları ancaq öz düşərgələrinə aid olduqları üçün müdafiə edir. Bu yanaşma isə müxalifətin xeyli hissəsinin xarici mərkəzlər tərəfindən idarə olun-duğunu göstərir.
Əks düşərgənin də mövqeyini qəbul eləmirəm. Hesab edirəm ki, gözünü yumub "Leyla Yunus, Rauf Mirqədirov günahkardır, onları məhv eləmək lazımdır",- demək yanlışlıqdır. Obyektiv araşdırma aparılmalıdır, əgər günahları yoxdursa, azad edilməlidirlər.
- Akif bəy, hazırda dövlət başçısı, Xarici işlər nazirləri səviyyəsində, beynəlxalq təşkilatların vasitəçiliyi ilə görüşlər keçirilir, danışıqlar aparılır. Sizcə, artıq bu müstəvidəki danışıqlardan da imtina edilməlidir?
- Hesab edirik ki, danışıqların heç bir mənası yoxdur. Birincisi, danışıqlar ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır, amma bu qurum məsələyə obyektiv yanaşmır. Onlar Ermənistanı işğalçı tərəf kimi tanımırlar.
Bundan əlavə, danışıqlarda qoyulan məsələlər Azərbaycanın maraqlarına cavab vermir, Dağlıq Qarabağdakı bir ovuc erməninin status məsələsini müəyyənləşdirməyə çalışırlar. Amma əslində, ədalətin təmin olmasını istəyirlərsə, məsələ belə qoyulmalıdır ki, Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi işğalçılıq faktı qısa müddətdə aradan qaldırılmalıdır. Danışıqlar bu istiqamətdə getmədiyinə görə Azərbaycan danışıqlardan imtina etməlidir.
Digər tərəfdən, hesab edirik ki, Azərbaycan hakimiyyətinin rəsmiləri işğalçı Ermənistanın terrorçu rəhbərləri ilə görüşməməlidir. Çünki onların əli Azərbaycan xalqının qanına batıb. Məhz, bu səbəbdən nə Prezident, nə də Xarici işlər naziri düşmən tərəfin əlini sıxmamalıdır.
- Ancaq alternativ variant olan müharibə yolu ölkəmizə daha böyük zərər vəd edir. Danışıqlar limiti bitməyibsə, müharibə variantına əl atmaq nə qədər məqbuldur?
- Axı, danışıqlar yolu ilə nəyəsə nail olmaq mümkün deyil. Müharibə yolu ilə zəbt olunmuş torpaqlar, ancaq müharibə yolu ilə geri qaytarıla bilər. Hər an bizim mövqeyimizin haqlı olduğu sabitləşir. İndi bunu hamı təsdiq edir. Azərbaycan Prezidenti də təsdiqləyir ki, Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir.
Müxalifət nümayəndələri də, beynəlxalq ekspertlər də deyirlər ki, Minsk Qrupunun fəaliyyəti nəticəsiz qaldı. Əgər nəticəsizdirsə, bunu davam etdirməyin mənası yoxdur.
Vasitəçilər ortaya iradə qoysaydı ki, Azərbaycanın torpaqları işğal olunub və fakt ardan qaldırılmalıdır, o zaman sizinlə müəyyən mənada razılaşardım.
Bu gün BMT də, digər beynəlxalq təşilatlar da yekdilliklə Ukrayna torpaqlarının Rusiya tərəfindən işğal olunduğunu qəbul edir və vəziyyətdən çıxış yolu axtarırlar. Amma Qarabağ məsələsinə gəldikdə, heç kəs demir ki, Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub. Bu yanaşma ilə məsələnin həlli mümkün deyil.
Mən də başa düşürəm ki, müharibə çətin yoldur. Onu da bilirəm ki, əgər Azərbaycan müharibəyə başlayarsa, dünyanın güc mərkəzləri tərəfindən bizə təzyiqlər olacaq. Amma Azərbaycanın başqa yolu yoxdur. Azərbaycan ya torpağından imtina eləməli, ya da müharibəyə başlamalıdır.
Bir misal çəkil. 1940-cı ildə Çörçil İngiltərənin Baş naziri olanda, Almaniyanın təyyarələri hər gecə Londo-nu bombalayırdı. Əhalinin bir qismində o fikir var idi ki, təslim olsunlar. Çörçil Lordlar Palatasında "müha-ribə yoxsa sülh" sualına konkret cavab vermişdi. Demişdi ki, biz sülh və ya müharibə seçimi qarşısında deyilik, müharibə və ya şərəfsizlik seçimi qarşısındayıq. Bundan sonra müharibə yolunu seçmişdi. Azərbaycanda da analoji vəziyyətdir. Azərbaycan ya müharibə, ya da şərəfzilik yolunu seçməlidir. Başqa yol yoxdur.
- Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Azərbaycanın da təhdid qarşısında olduğu bildirilir. Necə düşünürsünüz, belə bir məqamda Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə cəhd göstərmək şimaldan gələ biləcək təhlükəni daha da artırmır ki?
- Təbii ki, şimaldan təhlükə gələ bilər. Rus qoşunları Azərbaycan ərzilərinə şimaldan, Quba-Qusar zonasından da daxil ola bilər, Ermənistana girib, Qarabağdan da çıxa bilərlər. Hər şey mümkündür. Yəni, bütün bu təhlükələr var.
Amma söhbət ondan gedir ki, 1990-cı ilin əvvəllərində də Azərbaycan müharibə yolunu seçmişdi və həmin vaxt da Rusiya bu addımları ata bilərdi, amma atmadı. Söhbət ondan gedir ki, burda çoxlu sayda amillər var və onlar nəzərə alınmalıdır.
Biz "Qələbə modeli" deyilən sənəd də hazırlamışıq. Hesab edirəm ki, bu gün Qarbağın, eləcə də region-dakı digər problemlərin taleyi nə Rusiyadan, nə də Qərbdən asılıdır. Biz, son proseslərdə Qərbin də mövqeyini gördük. Ukraynada və Gürcüstanda baş verənlərlə bağlı ancaq bəyanat verməklə kifayətləndilər.
Bəziləri deyir ki, Azərbaycan demokratik yolla getsə, Qərbin dəstəyini qazansa, ЌATO-ya inteqrasiya eləsə, Qarabağ problemi həll olunacaq. Amma yanlış möqedir. Nə NATO, nə də Qərb Azərbaycana Qarbağ münaqişəsinin həlli ilə bağlı dəstək vermək gücündə deyil.
Digərləri deyir ki, Qarabağ münaqişəsinin açarı Rusiyadadır. Mən bu fikirlə də razı deyiləm. Hesab edirəm ki, regiondakı problemlərin, o cümlədən Qarabağ münaqişəsinin həlli Azərbaycan, Türkiyə, İran və Gürcüstanın birgə hərəkətindən asılıdır. Bizim bu istiqamətdə də fəaliyyətimiz var, mütəmadi olaraq, həmin ölkələrə səfərlərimiz olur. Düşünürəm ki, Rusiya amilinin neytrallaşdırılmasında Türkiyə ciddi rol oynaya bilər. Rusiya Azərbaycanla bağlı hansı addımı atarsa, Türkiyə də analoji addımı atmalıdır.
Onu da demək istəyirəm ki, Rusiya amilini neytrallaşdırmaq üçün Azərbaycanın əlində kifayət qədər daxili və xarici arqumentlər var. Ona görə də, heç bir halda milli və dövlətçilik maraqlarımızdan geri çəkil-məməliyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA