HƏYAT HEKAYƏLƏRİ (“Mənim ən yaxşı yazılarım” silsiləsindən)

img

18-01-2023 [12:05]


I. KİMDİR GÜNHKAR?!

Ata həyətdə nərd oynayırdı. Bütün fikri zərdə cəmləşmişdi. Bir şeş qoşa ilə çıxa, bir balon pivə uda bilərdi. Amma qoşa gəlmirdi ki, gəlmirdi. Əvəzində ikinci mərtəbədən, balkondan arvadının səsi gəlirdi: «Ay kişi, sən Allah, uşaqdan muğayat ol, uzağa gedər, maşın yoluna-zada çıxar…» «Şeş» gözləyən kişi arvadın sözünə əhəmiyyət vermidi, daha doğrusu, vermək istəmirdi…

Bu zaman on üç yaşlı Sevda özü-öz öhdəsinə buraxılmışdı. Qızlarla «ipatdı» oynamaq istəmirdi, oğlanlarla «futbol» oynamağa isə cəsarət etmirdi. Sanki bunu hiss edən, on beş yaşlı oğlan maraqlı bir təklif etdi, «qarajların dalında uşaqlar xoruz döyüşdürür, gedək baxaq»,-dedi. Qarajlar maşın yolunun o biri tərəfində yerləşirdi, amma Sevda baxmaq istəyirdi. Atasının da başı qarışıq idi, odur ki, qız fürsətdən istifadə etdi, onu qarajların dalına çağıran buruqsaç oğlanın dalınca getdi. Qarajların dalında isə kimsə yox idi. Sevda tez qayıtdı, saçları bir az dağılmışdı. Oğlan isə axşamın düşməsini gözlədi, üz-gözü cırılmışdı, pis gündə idi.

* * * * * 

Ata televizora baxırdı, maraqlı futbol gedirdi. İspaniyanın «Real»ı İtaliyanın «Milan»ı ilə oynayırdı. Hesab bir-bir idi, azarkeşlər stadionda, ata isə televizorun qabağında özünə əl qatmışdı, qol gözləyirdi. Zarafat deyildi, «Real»a yüz dollar qoymuşdu, «2:1» olsa, beş dəfə çox qazanacaqdı. Arvad isə mətbəxdən cırcırama kimi cırıldayırdı: «Ay kişi, gecə saat on biri keçib, heç narahat olmursan?! Bir aşağı düş, metroya sarı get, gör Sevda harda qaldı…» Kişi arvada heç nə demədi, daha doğrusu, demək istəmədi, ürəyində isə «heç hənanın yeridir?!» fikirləşdi.

On altı yaşlı Sevda isə bu zaman rəfiqəsi ilə metrodan bir az aşağıda, beşmərtəbəli binanın tinində keşik çəkirdi. Qış olduğundan həyətdə adam yox idi. Sevda əsəbiləşmişdi, necə deyərlər, zəncir çeynəyirdi. Rəfiqəsi yaman qorxurdu, Sevdanın xasiyyətiə bələddi, əgər dediyi düz çıxmasa, döyüləcəkdi. 
Raufu başqa qızla görüşdüyünü Sevdaya o, demişdi, amma indi peşman idi. 

-Sən dəqiq bilirsən?

-Hə, adı da Nazilədir. Bu gün də şəhərə gəzməyə gediblər. 

-Saat onu keçib, harda olsalar, indilərə gələrlər. 

-Bəlkə mən gedim? Məni görməsə yaxşıdır…

-Dayandığın yerdə dayan. Əgər yalan desən sənin, düz desən qızın ağzını cıracam…

Bu zaman binanın yuxarı başında Rauf bir qızla göründü. Rauf həyətə girmədi, qızla xudafizləşib getdi. Hətta öpüşdülər də…

-Gördün?

-Gördüm. Sən burda gözlə. Evə bir yerdə gedəcəyik.

Qız onların yanından keçirdi. Bu incəbelli, nazik bir qız idi. Sevda ona yaxınlaşdı.

-Salam, Nazilə xanım. Gecənin bu vaxtı hardan gəlirsən?

Nazilə qaranlıqda onun qabağını kəsən qəşəng, boylu-buxunlu qıza qorxa-qorxa baxdı. İri gözləri bir az da bərəldi. Amma evlərinin yanı olduğundan cəsarətə gəldi:

-Sən kimsən, sənə nə var?!

Sevda qızın sual verən ağzına bir yumruq vurdu. Qız qışqırıb arxası üstə yıxıldı. Sevda onu təpikləməyə başladı. Qonşular balkona çıxdı, səs-küy qalxdı. Rəfiqəsi Sevdanı arxadan dartıb güclə ayırdı. Sevda «bir də səni bu oğlanla görsəm, öldürəcəm» dedi. Sonra onlar qaçıb getdilər. Nazilə isə qonşuların köməyi ilə güclə ayağa qalxdı, ağzı-burnu qanamışdı. Evdə qorxusundan heç nə demədi. Səhər isə məktəbdə Raufa salam da vermədi.

* * *  * * *

Gecə yarıdan keçmişdi. Barda da adam seyrəlmişdi. Yalnız xaricilər, bir də kəpənəklər qalmışdı. Üç qız Ağayi Həsəni araya almışdı. Yavaş-yavaş şokoladla şampan içirdilər. Şokoladla şampan da məlum şeydir, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Ağayinin 40 yaşı vadı, gənc xanımları sevirdi. Həm də fürsət idi, arvad-uşağı orda, özü burda. Hər şənbə-bazar axşamlar bara gəlir, bir yenisi ilə əylənirdi. Sevdanı o, çoxdan tanıyırdı. Qızın 20 yaşı olardı, amma üzü-üzlər, gözü bizlər görmüşdü, neçə dəfə onun evində olmuşdu. İndi də ona Fatimə adlı sütül bir gözəl tapmışdı, 17 yaşı ancaq olardı. Totuq-motuq bir şeydi, sinəsi koftanı «cırdım» deyirdi. Ağayi başını tamam itirmişdi. Şampan sel kimi axır, şokolada dəyib dayanırdı. Kişi səxavət kisəsinin ağzını açmışdı, qızların hərəsinin sinəsinə bir əllilik də basmışdı.

Sevdanın öz planları vardı. Fatimə ilə əvvəlcədən danışmışdı, o, barda qalmalı, Həsənin başını qatmalı idi. Sevda ikinci qızla evə gedəcək, əvvəldən hazırlanmış planı həyata keçirəcəkdi. Odur ki, Həsənə «siz oturun, biz bir azdan gəlirik»,- dedi. Təklif Ağayiyə ləzzət elədi, bayaqdan qızlardan canını qurtarmaq, Fatimə ilə tək qalmaq istəyirdi. Heç evə getmək lazım deyildi, barda rahat «saatlıq» otaqlar vardı. Odur ki, «yaxşı, gedin» dedi, «sonra gələrsiz, sizi saunaya apararam».

Sevda rəfiqəsi ilə birlikdə bardan çıxdı, Həsənin yaşadığı evə gəldi. Uzaq deyildi, beş addımlıq yol idi. Gündüzdən həyətdə nərdivanın yerini nişanlamışdılar, indi sürüyüb pəncərəyə söykədilər. Əvvəl Sevda qalxdı. Həsən 2-ci mərtəbədə qalırdı, pəncərənin cəftəsini də Sevda dünən burda olanda açıq qoymuşdu. Rahatca içəri keçdilər, özlərini öz evlərindəki kimi hiss edirdilər. İşığı yandırmadılar, əl telefonunun fanarı ilə işləyirdilər. Ev yiyəsinin pulu, valyutanı qoyduğu yeri də bilirdilər. Fatimə barda seyfin açarını Həsənin cibindən çıxarmış, Sevdaın ovcuna qoymuşdu. Seyfdə 10 min avro, on min də dollar vardı. Götürdülər, amma seyfdə «Eyfel» formalı, «Benedikti» adlı fransız konyakı gördülər. Sevda fikir vermədi, rəfiqəsi isə dedi ki, bir ildə qazana bilmədiyimizi bir gündə qazanmışıq, gəl bu sağlığa bir «pənco-pənco» ataq. Kim bir də, nə vaxtsa bizə «Benedikti» alacaq?! Konyakı ortaya qoyub oturdular. Sevdanın sumkasında şokolad da vardı…

Ağayi Həsən qazdan ayıq adam idi. Cibindən açarın itdiyini bilən kimi dalağı sancdı. Amma Fatiməyə heç nə demədi, ayaqyoluna getmək bəhanəsi ilə bardan çıxdı.

Həsən içəri girəndə qızlar ikinci «pənco»nu təzə atmışdılar, şokolad yeyirdilər. Seyfin qapısı da hələ açıq idi. Ev yiyəsi kök bir söyüş söyüb irəli atıldı. Birinci zərbə Sevdanın rəfiqəsinə dəydi, qız oturduğu stulla bir yerdə yerə gəldi. Ağayi ikinci zərbəni vura bilmədi. Başına dəyən ağır «Eyfel» qülləsi onu sarsıtdı, ikinci zərbədən yıxıldı. Üçüncü zərbədə şüşə sındı, konyak axıb qana qarışdı. Rəfiqəsi Sevdanı arxadan dartıb güclə ayırdı… 

Qızları polis iki gündən sonra saxladı. Ağayi Həsən ölümündən əvvəl xəstəxanada ayılmış, hər şeyi danışmışdı…

II. KİŞİ ÜRƏYİ

Nihad bəy Azərbaycana biznes qurmaq üçün gəlmişdi. Bakıda yaxın dostları vardı. Bir neçə il idi burdaydılar və mebel satışı sahəsində iş qurmuşdular. İnsafən işləri pis getmirdi. Yaxın xaricdən qiyməti və keyfiyyətli aşağı mebel gətirir, paytaxtda icarəyə götürdükləri mağazalarda yaxşı qiymətə satırdılar. Qazanc birə iki səviyyəsində idi və Nihad bəyi də Azərbaycana gətirən bu xəbər idi. Amma o, təcrübəli iş adamı kimi dərhal işə girişmədi, bazarı öyrənməyə başladı. Tezliklə aydınlaşdırdı ki, Bakıya mebeli yaxın xaricdən gətirməyə ehtiyac yoxdur. Elə respublikanın rayonlarındaca müxtəlif çeşidli və yaxşı keyfiyyətli mebel dəstləri hazırlanır. Sadəcə olaraq, getmək, baxmaq və almaq lazımdır.

Beləliklə, Nihad bəy Bakıda planlarına və imkanlarına uyğun bir «Mebel evi» icarələdi. Sonra mebel sənayesinin inkişaf etdiyi cənub rayonlarından birinə səfər elədi. Rayonda iş adamlarını tanımasa da, zəmanət məktubu gətirmişdi. Amma əvvəl hoteldə yer aldı. Qiymətlər ucuz, şərait isə yaxşı idi, onun ölkəsi ilə müqayisə ediləsi deyildi. Bu, qonağın xüsusilə kefini açdı, rayon mərkəzini piyada gəzməyə başladı. Bakıdakı sıxlıq, maşınlar, səs-küy burada yox idi, amma tikinti-quruculuq işləri sürətlə gedirdi. Səliqə-səhman ürək açırdı, havanın təmizliyi fiziki hiss olunurdu. Rayon mərkəzində irildi-xırdalı iyirmidən yuxarı mebel sexi vardı, onlardan ikisi-üçü böyük fabrik idi. Bu fabriklərə bir şirkət nəzarət edirdi. Nihad bəy ilk növbədə bu şirkətin rəhbərinə müraciət etdi, özünü təqdim etdi. Onu çox yaxşı qarşıladılar, rayon mərkəzindən ətraf qəsəbə və kəndlərə səpələnmiş mebel salonlarına apardılar.

Xarici qonaq salonları bir-bir gəzdi, xoşuna gələn mebel dəstlərini seçdi. Qiymətlər onun gözlədiyindən də aşağı, keyfiyyət isə yuxarı idi. Dəstlərin üstünə «Rusiya», «Türkiyə», hətta «İtaliya istehsalı» yazmaq, yazıya uyğun qiymətə satmaq olardı. Ya Nihad bəy şirkət sahibinin xoşuna gəlmişdi, ya zəmanət məktubu daşdan keçən idi, hər halda ona malı əlli faizlə verməyə razı oldular. Yəni pulun yarısını indi verəcək, yarısını satışdan sonra ödəyəcəkdi. Mebeli isə şirkət özü iki günə Bakıya çatdırırdı. Nihad bəyin lap çiçəyi çırtladı, gözləri adəti üzrə axtarışa başladı.

***   ***   ***

Düşünürəm ki, burda qəhrəmanımız haqqında qısa bir aryış vermək yerinə düşərdi. Həm oxucu onun haqqında məlumat alar, həm də gözlərinin nə axtardığı məlum olardı. Nihad bəy qırxı haqlamış, boylu-buxunlu, suyuşirin adamdı. Yaşına görə cavan görünürdü, hələ də qadınların xoşuna gəlirdi. Doğrudur, vətənində ailəsi, iki qızı vardı. Amma vaxtını da boş keçirmək istəmirdi, kişinin ürəyi məhəbbətlə dolu idi. İndi də gəzdiyi salonlarda mebellə bərabər satıcılara da göz qoyur, axtarırdı. İnsafən, hamısı seçmə xanımlardı. Mebellə bir yerdə göz qamaşdırırdı...

Bu da mebel biznesinin sirrlərindən biridir: yüksək səviyyəli mebeli seçmə xanımlar təqdim etməlidir. Nihad bəy mebel məsələsində peşəkar olduğu kimi, bu məsələdə də peşəkardı. Onu göz qamaşdıran, problem yaradan xanımlar yox, həyata təzə göz açan, problemdən qaçan gənc qızlar maraqlandırırdı. Və rayon mərkəzindən bir az aralı qəsəbədə, mebel mərkəzində istədiyini tapdı. Qızın 22-23 yaşı ancaq olardı, danışanda qızarırdı. Qarayanız olsa da, şirindi, əndamı isə keçməli deyildi. Nihad bəy də keçənlərdən deyildi, işi elə qurdu ki, bir neçə dəfə bu salona gəldi, qızı tək görüb danışdırmağa imkan tapdı. Onu Bakıya, yüksək maaşlı işə dəvət etdi. Sonrası isə, necə deyərlər, texnikanın işi idi…

Gülnar xalasıgilə getmək adı ilə Bakıya gəldi və «təsadüfən» burda yaxşı maaşlı iş tapdı. Əvvəl evdən buraxmaq istəməsələr də, qız israr elədi, xalası da söz dedi, nəhayət valideynləri razılaşdı. Nihad bəy tezliklə Gülnara elçi düşdü, hətta dost-tanışını da götürüb rayona, atasının yanına minnətə getdi. Rayondakı biznes ortaqları işə qarışdılar, kişinin işini aşırdılar. 40 yaşlı bəy molla kəbini də kəsdirdi, xudmani bir məclis təşkil etdi, Gülnarı evinə gəlin gətirdi. İlk zamanlar işlər pis getmirdi. Bəyin işi çox olsa da, cəlinə qarşı diqqətli idi. Hətta onu işə getməyə də qoymurdu, yağ içində böyrək kimi saxlayırdı. Amma bu arada bir-birindən tamamilə fərqli, amma bizim bəy və gəlin üçün eyni dərəcədə əhəmiyyətli olan iki hadisə baş verdi. Səbr edin, növbə ilə danışım.

***   ***   ***

Yuxarıda dediyim kimi, Nihad bəy insanlığın gözəl yarısına əvvəlcədən də biganə deyildi, işi ilə əlaqədar da tez-tez Azərbaycanın rayonlarına gedirdi. Bu dəfə də şimal rayonlarının birində gözü alagöz bir xanıma düşdü. İnsafən, bəyi qınamalı da deyildi, Gülnar qaraşın cənub gözəli idi, bu isə sarışın şimal gözəli. Hər gözəlin də, məlum olduğu kimi, öz ləzzəti var. Yenə həmin söhbət, həmin texnika və bu dəfə sarışın gözəl Bakıya gəldi, Nihad bəyin mebel salonunda işə düzəldi. Təbii ki, bəyin işi çoxaldı, evə gec, sonra isə gec-gec gəlməyə başladı. Və dediyim ikinci hadisə baş verdi. Gülnar elan etdi ki, ana olmağa hazırlaşır. Amma bu, bəyin planlarına daxil deyildi, o, ata olmağa hazırlaşmırdı. Bütün bu məsələlər - cənub, şimal, ana və ata olmaq bir-birinə qarışdı və onunla nəticələndi ki, Gülnar günlərin bir günü çamadanını da götürüb evdən çıxdı...

 Nihad bəy rahat nəfəs aldı, elə bildi ki, problemdən qurtardı. Prinsipcə, şimal, cənub, nə fərqi var ki?! Amma fərqi varmış, burda ancaq mebeli ucuz alıb baha satmaq olurmuş… Gülnarın rayona qayıtması nə ata-anasının, nə də qohumlarının ürəyindən oldu. Yaxın vardı, uzaq vardı, cənub rayonunda bu məsələyə xüsusilə pis baxılırdı. Yığışdılar, danışdılar, hələlik qızın qardaşları Eldarı və Elmarı Bakıya göndərmək qərarına gəldilər. Yəni sel gələndə əvvəl çör-çöp gətirər, ata-ananın, qohumların timsalında kötüklər sonra gələr... 

***   ***   ***

Deməli, Gülnarın getməsi ilə Nihad bəyin də əl-qolu açılmışdı. Yeni sevgilisini hələ, molla kəbini kəsdirib evinə gətirməsə də, daha işləməyə qoymurdu. Doğrudur, xanım işə gəlirdi, amma iş yeri bəyin kabinetindəydi. Kabinet də nə kabinet, hər şəraiti, divan-kreslosu və s. Elə həmin divanda Nihad bəy sarışın gözəllə yan-yana, şampan şərabı qabağında, poetik bir məqamda, qapı qəflətən açıldı. Burda qeyd edək ki, bəy işdə çox sərt idi və onun qapısını döymədən açmaq işdən avtomatik qovulmaq demək idi. Amma bu dəfə işçilərin bəxti gətirdi, gələn Gülnarın qardaşları idi. Və burda bəy daha bir bağışlanmaz səhv etdi, gərginliyi barometr kimi hiss edən və meydanı, üzr istəyirəm, divanı təcili tərk etmək istəyən sarışın gözələ yerində oturmağı, qonaqlara isə rədd olmağı əmr etdi... 

Bəyi qınamalı deyildi, Azərbaycan gələli (oxu: əlinə pul gələli) əmr etməyə oyrəncəli idi. Eldar Gülnardan yaşca böyük, evli adamdı. Otuzu haqlamışdı, özünü ələ almağı bacarırdı. Əsgərlik həyatından yenicə ayrılan, təzə maşın kimi tez xodlanan Elmar isə özünü saxlaya bilmədi. İşin tərsliyindən jurnal stolunun üstündə şampan şərabı, meyvə qabı ilə yanaşı, iti uclu meyvə bıçağı da vardı. Elmar bu bıçağı qapdı və gözəllik aşiqinin ürəyinə sancdı. Qardaşı onu tutmağa, qurbanı isə qalxmağa imkan tapmadı. Yalnız sarışın gözəl qışqırmağa və qapıya doğru atılmağa imkan tapdı…

***   ***   ***

III. QADIN ÜRƏYİ

Aynur gözəl idi, lap gözəl idi. “Getmə gözümdən, gedərəm özümdən”... Orta məktəbi bir neçə ildi bitirmişdi, amma ali məktəbə girə bilməmişdi. “Kənddə müəllimlər pis idi, anası evdə onu çox işlədirdi, atasının rayonda müəllim tutmağa pulu yox idi”... Bir sözlə, Aynurdan başqa hamı günahkar idi. Doğrudur, kənddə-kəsəkdə istəyəni çox idi, ayda bir elçi gəlirdi. Hətta rayondan alagöz gözələ müştəri düşənlər var idi. Amma Aynur kəndçi olmaq, kənddə qalmaq istəmirdi... Hardansa oxumuşdu ki, gözəllik xoşbəxtlik üçün verilmiş kreditdir...

Bakıda xalası yaşayırdı. Aynur ona çox oxşayırdı, elə bil bir alma idi... Hələ məktəbdə oxuyanda, tətillərdə xalasıgilə gedirdi, gəlmək istəmirdi. Xalasının qızı yox idi, Aynur xalasının qızı olmaq istəyirdi... Hara getsə “Notebook”u qoltuğunda idi, İnstaqramdan çıxa bilmirdi. Atası hələ məktəbdə oxuyanda ona kompyuter almışdı, başını bəlaya salmışdı. Aynur kənddə olanda, evdən bayıra çıxmırdı, bütün günü kompyuterin qabağındaydı. Anasının çığıtrısına, atasının bağırtısına da baxmırdı. Evdə özündən 2 yaş balaca bacısı – Aynurə vardı, ev işlərinə o, baxırdı... 

Günlərin bir günü Aynur xalasıgilə getmək adı ilə Bakıya çıxdı və bir daha kəndə qayıtmadı. Xalasıgildə bir-iki gün qaldı və xəyallarının dalınca yollandı. Xəyal Bayılda, özündən kiçik həyəti olan kiçik bir evdə kirayədə qalırdı. Aynurla instaqramda tanış olmuşdu, danışmışdılar, razılaşmışdılr. Aynur gələndən və gətirdiklərini xərcləyəndən sonra Xəyal ona öz planlarını açmışdı: “Ev çox əlverişli yerdə yerləşir, həyətdən bayıra meyvə-tərəvəz mağazası çıxarmaq və babat dolanmaq olar. Amma babat pul lazımdır, görək hardan tapırıq”. Aynur kənddən bacısı Aynurəni də gətirmək istədiyini Xəyala, amma qorxa-qorxa demişdi. Onun təəccübünə rəğmən Xəyal nəinki etiraz etmişdi, elə bil sevinmişdi, “gəlsin” demişdi...

Aynurə gələndən sonra Xəyal öz sirrini Aynura açmışdı: “Şəhərdə özəl klinikaların biri ilə danışmışam, böyrəyimin birini satmalıyam. Babat pul verirlər. Meyvə-tərəvəz mağazası açmaq, içini malla doldurmaq, hətta ilk vaxtlar dolanmaq da olacaq”. Aynur əvvəl ağlamışdı. razılaşmamışdı. Amma qadın ürəyi zərif olur, sonra razılaşmışdı. Xəyal bir-iki gün özəl klinikaya gedib-gələndən sonra pərt qayıtmışdı, “bir yaxşı, bir də pis xəbər var” demişdi... Aynurəni evdə qoyub həyətə çıxmışdılar...

Xəyal yaxşını pisə qatmışdı: “Yaxşı xəbər odur ki, böyrəyə babat pul verirlər. Pis xəbər odur ki, kişi böyrəyi istəmirlər, qadın böyrəyi istəyirlər. Nə qədər yalvardım, qəbul etmirlər”. Xəyal burda dayanmışdı, gözləri yaşarmışdı, Aynur da ona qoşulmuşdu. Bu zaman Aynurə də evdən çıxmışdı, sirri açmalı olmuşdular. Bir yerdə xeyli ağlamışdılar, ürəklərini boşaltmışdılar. Bu qərara gəlmişdilər ki, Xəyalın yerinə Aynur getsin, böyrəyini versin, Aynurə də onun yanında qalsın. Amma bu sirri qızların kənddəki valideyinlərindən gizlətmişdilər, hətta şəhərdəki xalasına da deməmişdilər. 

Aynur klinikadan gələndən bir-iki gün sonra Xəyal bacıları başına yığmış, hər şeyi danışmışdı. “Bir böyrəyə verilən pulla biz ancaq maqazin aça, icranın, polisin pulunu verə bilərik. Mal almağa, maqazini doldurmağa, vergini, bələdiyyəni yola salmağa bir o qədər də pul lazımdır. Amma bu oğraşlar yenə kişi böyrəyi istəmirlər, qadın böyrəyi tələb edirlər. Nə qədər yalvardım, qəbul etmirlər...” Aynur iki ayağını bir başmağa dirəmişdi, qəti etiraz etmişdi. Amma bu dəfə də Aynurə sinəsini irəli vermişdi, “mən gedərəm” demişdi...

Aynurla Aynurə klinikada olanda Xəyal onlara heç baş çəkməmişdi. Kirayə pulunu da verməmişdi, əvəzində evə əməlli bir “süpürgə” çəkmişdi. Bacılar klinikadan yarımcan, boş evə qayıdanda isə, izi-sorağı tamam itmişdi... Bacılar da özlərini itirmişdilər, amma özü yıxılan ağlamaz deyirlər...

Dostlar, elə bilirsiz, Aynur bu faciədən dərs aldı, bacısını da yanına salıb kəndə qayıtdı?! Bizim qarabağlılar demiş, buralarda olun... Aynur indi Yasamalda məşhur falçıdır, qızların, qadınların bəxtini açır. Bacısını da yanında köməkçi saxlayır. Siz də tanıyırsız, mən sadəcə olaraq, adlarını dəyişmişəm...

Qalib ARİF

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR