QARABAĞIN COĞRAFİYASI BİZƏ NƏ DEYİR? - Asim Hüseynlidən təhlil 

img

18-01-2023 [09:55]


Əziz oxucular, Vətən Müharibəsində parlaq qələbəmizin sevinci qəlbimizdə əbədidir. Bu Zəfərin sevincini yaşayıb, gələcək nəsillərə də ötürməliyik! Canından, qanından keçən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıram.

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağın bütün yaşayış məntəqələrində yenidənqurma və bərpa işləri aparılır. Qarabağın gözü olan Şuşa sevincini hər kəs yaşayır. Orada təbii sərvətlərimizin talan olunmasına etiraz kimi Vətən övladlarımızın aksiyaları artıq bir aydan çoxdur ki, davam edir. Ona görə də istədim Qarabağın coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, faydalı qazıntıları və daxili suları barədə bilgilərimi Sizinlə bölüşüm.

QARABAĞIN RELYEFİ

Qarabağ Azərbaycanın ən gözəl və dilbər güşələrindən biridir. Bölgə Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağ sisteminin cənub-şərq hissəsini əhatə edir. Əsas geomorfoloji vahidləri Murovdağ (Gamışdağ 3724 m), Şahdağ (Qaraarxac 3062 m), Şərqi Göyçə (Kətidağ 3427 m), Qarabağ silsilələri (Böyük Kirs 2725 m) və Qarabağ vulkanik yaylasıdır (Dəlidağ 3616 m). Ərazinin böyük hissəsi Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Murovdağ silsiləsində yerləşən Gamış dağının hündürlüyü 3724 m-dir. Bu zirvə Azərbaycanın ərazisinin əsas hissəsində (yəni Naxçıvan nəzərə alınmadan) Kiçik Qafqaz dağları üçün ən yüksək nöqtədir. Bundan başqa Murovdağda Hinaldağ (3367 m), Qoşqar dağı (3361 m), Kəpəz dağı (3066 m) kimi zirvələr vardır. Bölgə cənub və cənub-şərqdə İran İslam Respublikası, qərbdə isə Ermənistan Respublikası ilə həmsərhəddir. 

GEOLOJİ QURULUŞU

Geoloji quruluşunda Kiçik Qafqazın ikinci dərəcəli tektonik elementlərindən Murovdağ, Qarabağ, Ağdam antiklinoriumları və onları bir-birindən ayıran Torağayçay və Xocavənd sinklinoriumları əsas yer tutur. Mezozoy erasının çökmə və vulkanik süxurları Kiçik Qafqaz dağlarında geniş sahə tutur. Yüksək dağlıq ərazilərdə Yura, orta dağlıqda isə Təbaşir dövrlərinin süxurları üstünlük təşkil edir. Dördüncü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavalar Qarabağ vulkanik yaylasında üstünlük təşkil edir. Püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlar yaratmışdır. Pəriçınqılı, Ayıçınqılı, Qırmızıdağ, Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya və s. sönmüş vulkanlar burada yerləşir.

FAYDALI QAZINTILARI

Azərbaycanda faydalı qazıntıların yaranması və müxtəlifliyi geoloji quruluşla sıx əlaqədardır. Maqmatik və metamorfik süxurların yayıldığı Kiçik Qafqaz ərazisi filiz faydalı qazıntılarla zəngindir. Azərbaycanda ən zəngin faydalı qazıntı yataqları, demək olar ki, Qarabağ bölgəsinə aiddir. 

Bölgədə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və digər faydalı qazıntı yataqları vardır. Təəssüflər olsun ki, 30 ilə yaxın müddətdə ermənilər bu yataqları qanunsuzcasına istismar etmişlər. Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində təbii sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və Tutxun qızıl yataqları 27 il Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Azərbaycan Ordusunun Qarabağı işğaldan və terrorçulardan azad etməsi nəticəsində bu cinayətə və talançılığa son qoyulmuşdur. Sevindirici haldır ki, bu yataqların hamısını artıq Azərbaycanın nəzarətindədir və gələcəkdə bu yataqların istismar edilməsi də nəzərdə tutulur ki, bu da büdcəyə kifayət qədər vəsaitin yatırımı deməkdir.

Qarabağın əsas faydalı qazıntıları:

1.    Civə: Şorbulaq, Ağyataq, Levçay (Kəlbəcər), Gilgəzçay, Narzanlı (Laçın);

2.    Qızıl: Zod, Qırmızıbulaq (Kəlbəcər), Vejnəli (Zəngilan);

3.    Xromit: Göydərə (Kəlbəcər), İpək (Laçın);

4.    Polimetal filizləri: Mehmana (Kəlbəcər) və s.

Bundan başqa, Qarabağ bölgəsi mineral bulaqlarla da çox zəngindir. İşğaldan azad edilən bölgələrdə gələcəkdə bu bulaqların əsasında kurort-turizm kompleksləri yaradılacağını da deyə bilərik.

Qarabağın mineral bulaqları:

1.    Turşsu, Şirlan (Şuşa)

2.    İstisu (Kəlbəcər)

3.    Minkənd (Laçın)

ÇAYLARI

Azərbaycanın Qarabağ ərazisindən başlayan çaylar əsasən Kür və Araz çaylarına yaxud da onların hövzəsinə aid olan çaylara tökülür. Burada yerləşən dağların uca zirvələri Kür və Araz çay hövzələri arasında suayrıcı təşkil edir. Burada olan çaylar əsasən yağış və yeraltı sular ilə qidalanır və suyundan suvarmada istifadə olunur. Tərtər (200 km) və Həkəri (113 km) çayları Qarabağ vulkanik yaylasından başlayır. Arpaçay (128 km) və Bazarçayın (178 km) mənbələri yaylanın şimal-qərb hissəsindədir. Bu çaylar əsasən yağış, qrunt və yeraltı suları ilə qidalanır. Ona görə də ilin isti yarısında daşırlar.

Kiçik Qafqazın cənub-şərq yamacında axan Tərtərçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət kəsb edir. İstərdim bir neçə çay haqqında qısa məlumat verim:

Tərtər çayı - öz mənbəyini Kəlbəcər rayonundan götürür, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqun, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 m-dir. Çayın üzərində Sərsəng və Suqovuşan kimi su anbarları yaradılmışdır.

Bərguşad çayı (Bazarçay) - öz mənbəyini Ermənistan Respublikasından götürür. Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kimi kiçik çay qolları axır.

Həkəri çayı - öz mənbəyini Laçın rayonunun 3080 m hündürlüyündən götürərək Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla, uzunluğu 128 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2812 m-dir.

Xaçınçay - öz mənbəyini Kəlbəcər rayonundan götürür. Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.

Qarqar çayı - öz mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 m–dir.

GÖLLƏRİ

Qarabağda yerləşən göllər əsasən vulkanik və tektonik mənşəlidir. Bunlar əsasən Murovdağ və Dəlidağın 2800-3500 m yüksək hissələrində əmələ gəlmişdir. Onlar əsasən qar və buzlaq suları ilə qidalanır və hamısı şirin suludur. Bu göllər əsasən aşağıdakılardır:

Böyük Alagöl  ̶  Qarabağ vulkan yaylasında okean səviyyəsindən 2729 m yüksəklikdə yerləşir. Gölün ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır.

Kiçik Alagöl isə 2739 m hündürlükdə yerləşir. Gölün səthinin sahəsi 1,2 km²-dir, ən dərin yeri isə 4 m-dir. Böyük və Kiçik Alagöllərin ətrafı alp çəmənlikləridir.

İşıqlı dağının şimal-şərq yamacında, dəniz səviyyəsindən 2666 m yüksəklikdə Qaragöl yerləşir. İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhədində yerləşir, sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Gölün sahəsi 1.8 km², həcmi 10.2 mln. m³, ən dərin yeri isə 10 m-dir. Qarabağ vulkanik yaylasında yerləşən nisbətən kiçik göl Pəriçınqıl 2961 m mütləq hündürlükdə yerləşir. Həcmi 2,4 mln. m³, səthinin sahəsi 0,94 km², ən dərin yeri isə 5,4 m.-dir.

SU ANBARLARI

Azərbaycanın Qarabağ bölgəsində bir neçə respublika əhəmiyyətli su anbarı var. Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Bəndin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı, bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş həmin su anbarı bir vaxtlar Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamasından əvvəl Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatı idi.

Xaçınçay su anbarı 1964-cü ildə tikilib, onun həcmi 23 mln m³, mütləq hundürlüyü 507 m, səthinin sahəsi 1,76 km²-dir. Xaçınçay su anbarı — Ağdam rayonu Xaçınçay üzərində yerləşir. Su anbarı 1964-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır.

Ən yüksək mütləq hündürlükdə yerləşən Qanlıgöl su anbarı da Qarabağda yerləşir. Onun həcmi 1,0 mln m³, səthinin sahəsi 0,1 km², mütləq hündürlüyü isə 2420m-dir. Bu su anbarı 1965-ci ildə tikilib.

TORPAQ ÖRTÜYÜ

Bölgənin torpaqları məhsuldarlığı ilə seçilir. Şabalıdı, açıq şabalıdı, dağ-tünd şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, qaramtıl dağ-çəmən və s. torpaqlar geniş yayılmışdır. Ağdam rayonu ərazisinin torpaqları əsasən şabalıdı, açıq şabalıdı və qəhvəyi dağ-meşə torpaqlarıdır.

BİTKİ ÖRTÜYÜ

Zəngin bitki örtüyünə malik olan ərazidə 2 000-dən çox bitki növünə rast gəlinir. Düzən yerlərdə yovşan, yovşanlı-şoranotlu yarımsəhra, dağ ətəklərində daşdayan, şibyə, yovşanlı-darağotlu bozqır və yarımbozqır bitkiləri, dağ yamaclarında kolluqlar, enliyarpaqlı meşələr (fıstıq, palıd, vələs) geniş yer tutur. Dəniz səviyyəsindən 2000-2300 m-dən yüksəklikdə subalp və alp çəmənlikləri mövcuddur. İl ərzindəki günəşli saatlarn miqdarı 2000-2400 saatdır.

QORUQLARI

Azərbaycan dünyada zəngin fauna və floraya malik olan ölkələrdən biridir. Bu baxımdan əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirildi. Bizi əhatə edən təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev deyirdi: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”.

Bu gün ulu öndərin vəsiyyətləri onun davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Ölkəmizdə xüsusi mühafizə olunan ərazilərin -  yasaqlıqların, qoruqların, milli parkların yaradılması bioloji müxtəlifliyin qorunub saxlanmasında əhəmiyyətli rol oynayır. Ölkəmizdə  yaradılan qoruqların bu sahədə rolu olduqca əhəmiyyətlidir.

Bəsitçay Dövlət Təbiət Qoruğu

Qarabağ bölgəsində bir neçə qoruq var, onlardan biri də Zəngilan rayonu ərazisində yerləşən  Bəsitçay Dövlət Təbiət Qoruğudur. Bu, respublika qoruqlarının ən kiçiyidir. Son statistikaya əsasən qoruğun sahəsi 107 hektardır.  Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində,  Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Onlar Bəsitçayın və onun qolu Şıxavuzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Təəsüflər olsun ki, mənfur ermənilər çinar meşəliyinin böyük hissəsini kəsmiş və məhv etmişlər.

Qaragöl Dövlət Təbiət Qoruğu

Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3550 m) yamacında 2650-2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu -30-dan aşağı, ən isti ayınkı 10-dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Son statistikaya əsasən qoruğun sahəsi 240 hektardır.

Rəşadətli ordumuzun Qarabağı işğaldan azad etməsinin iki illik sevincini yaşayırıq. Mübariz və dönməz iradəli Ali Baş Komandanımız İlham Əliyev “Dəmir yumruq”ları ilə yağıların arzu və istəklərini ürəklərində qoydu. Bu gün xalq, ordu və hakimiyyətin birliyi Qarabağın bərpasına, onun dünya şöhrətli turizm məkanına çevrilməsinə xidmət edir. İnsanlarımızın Şuşa-Laçın yolunda təbii sərvətlərimizin qorunması məqsədilə keçirilən mitinqlərə kütləvi can atması ən böyük QARABAĞ SEVGİSİDİR! Gənc nəsilə Qarabağın coğrafiyasını və tarixini öyrədən bir müəllim kimi bu sevgidən qürur duyuram! 

Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!

Asim Hüseynli,

İmişli rayonu, R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin coğrafiya müəllimi

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR